Müəllif: Gülnar Əhmədli, Banco.az
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 8-də Gürcüstanın Baş naziri İrakli Qaribaşvilinin dəvəti ilə Gürcüstana işgüzar səfər edib. Gürcüstanın Baş naziri Azərbaycan prezidenti İlham Əliyevlə birgə mətbuata açıqlamasında bildirib ki, Azərbaycan Gürcüstanın ən böyük ticarət tərəfdaşlarından biridir.
Qaribaşvilinin sözlərinə görə, bu il ticarət dövriyyəsi artmaqda davam edir, ötən dövr ərzində artıq 15 faiz artıb.
Əlavə edək ki, ilin ilk 8 ayına olan göstəricilərə əsasən, Gürcüstan həm də Azərbaycanın 3-cü ən böyük qeyri-neft idxalçısıdır. Belə ki, yanvar-avqust aylarında Gürcüstan Azərbaycandan 219,1 milyon dollarlıq qeyri-neft məhsulları idxal edib. Bu da illik müqayisədə 72,6% çoxdur.
Banco.az xəbər verir ki, iqtisadçı-ekspert Vüqar Bayramov ölkə prezidentinin Gürcüstana səfəri ilə bağlı bildirib ki, Gürcüstan Azəbaycanın regional strateji müttəfiqlərindən hesab olunur. İki ölkə arasındakı ticarət dövriyyəsində son illər artım tendensiyası davam etməkdədir:
"Ölkələr arası ticarət dövriyyəsi 2022-ci ildə 771.8, 2021-ci ildə 761.3, 2020-ci ildə isə 536.2 milyon dollar olub. Bu, o deməkdir ki, son 3 ildə Azərbaycan ilə Gürcüstan arasındakı ticarət dövriyyəsində 44 faiz artım qeydə alınıb. 2023-cü ilin ilk 7 ayında isə ölkələr 520.3 milyon dollar qarşılıqlı ticarət dövriyyəsinə sahib olublar. Bu isə bu ildə də ticarət dövriyyəsindəki artım tendensiyasının qorunub saxlanacağından xəbər verir".
V. Bayramov qeyd edib ki, tərəflərin qarşılıqlı əməkdaşlığı eyni zamanda yaşıl enerji sahəsində daha da dərinləşməkdədir: "2022-ci il dekabrın 17-də Buxarestdə "Azərbaycan Respublikası, Gürcüstan, Rumıniya və Macarıstan Hökumətləri arasında "yaşıl enerji"nin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş"in imzalanması bu imkanları daha da genişləndirib. Azərbaycan və Gürcüstan Avropaya "yaşıl enerji" körpüsü salmağa başlayır. 2027-ci ilədək istehsal olunancaq illik 3 qiqavat külək və 1 qiqavat günəş enerjisinin 80 faizi ixrac olunacaq".
Onun sözlərinə görə, Orta Dəhlizin cəlbediciliyinin daha da artması Azərbaycan və Gürcüstanın beynəlxalq yükdaşımalar və nəqliyyat qovşaqları kontekstdən əhəmiyyətini daha da artırır:
"Bütövlükdə, hər iki ölkənin iqtisadiyyatın çox fərqli sahələrində əməkdaşlığı dərinləşməkdədir. Bu Qafqazda dayanıqlı sülhün əldə edilməsi baxımdan da vacib şərtlərdəndir".
Bizi sosial şəbəkələrdən izləyin!!