İpoteka krediti olan müştəri ixtisara düşərsə... | Banco.az

İpoteka krediti olan müştəri ixtisara düşərsə...

Müsahibimiz: Rəşad Mayılov  - Pərakəndə kredit satışlarının təşkili şöbəsinin müdiri (NIKOIL | Bank)

Rəşad bəy, AİF Nikoil Banka İpoteka kreditləri üçün ayırdığı vəsaitinin miqdarını artırıb, mümkünsə bu haqda məlumat verərdiniz?

Bu il AİF tərəfindən Banka ayrılmış vəsait 5 mln manat təşkil edib. Bu günə həmin vəsaitin 60% artıq yerləşdirilib. Əlavə olaraq Bank AİF xətti ilə güzəştli ipoteka kreditlərinin verilməsinə çox əhəmiyyət verir. 

Ayrılmış məbləğ Sizə təxminən neçə müştəriyə kredit vermək imkanı verəcək, AİF-in tələblərindən əlavə Nikoil Bank olaraq, müştərilərə qarşı hansı tələbləriniz var (bilirik ki, hər bir bankın özünün ayrıca kredit siyasəti var)

Verilmiş kreditlərin məbləği 36 – 50 000 arasında dəyişir. Ortalama hər kreditin məbləği 45 000 kimi qəbul etsək verilmiş vəsait 110 nəfərə kredit vermək üçün kifayət edəcək. Hal-hazırda Bankımız tərəfindən AİF xətti ilə verilən ipoteka kreditlərinə alınan daşınmaz əmlakın ilkin ödənişinə dair tələbdə AİF tələbləri ilə fərq var. Bu yeganə fərqdir. Son bir il ərzində daşınmaz əmlakın təkrar satış bazarında, əsas da köhnə tikililərdə, qiymətin oynaması ilə əlaqədardır. İpoteka kreditlərinin maksimal məbləği isə  bildiyiniz kimi 50 min manatdır və bu məbləğ də əksər halda köhnə tikililərin alınmasına yönəlir. Səbəb də aydındır, çünki yeni tikililər kifayət qədər bahadır. Köhnə tikililərdə də qiymət bir il ərzində oynayır,  azalmağa və yüksəlməyə doğru gedir.  Buna görə də bizim ilkin məbləğə dair olan tələbimiz İpoteka Fondunun tələbindən 5% yüksəkdir. Yəni bu tələblərə zidd deyil, biz minimaldan aşağı olmamaq şərti ilə ilkin ödəniş tətbiq edə bilərik.

Alınan mənzillərə dair xüsusi tələb varmı?

Bizdə hər hansı bir əmlakın alınmasına məhdudiyyət yoxdur, əgər o əmlak ipoteka fondu tərəfindən irəli sürülən şərtlərə cavab verirsə, biz heç bir şərt qoymuruq ki, mütləq iki otaqlı mənzil alınmadır, ya üç otaqlı, ya bu rayonda almaq olmaz və s.

Ən sərfəli kredit üçün müraciət et

Bu işlərin içində olan bir insan kimi, deyə bilərsiniz, ən çox potensial müştərilər kimlərdir?

Əsas potensial müştəri, yəni çətinlik çəkmədən ala bilən əsas seqment, gəlirlərini  rəsmi təsdiq edə bilən müştəri seqmentidir.  Bu orta və ortadan yüksək təbəqədir, hansı ki maliyyə sektorunda, neft sektorunda çalışır, özəl sektorda bəzi şirkətləri qeyd etmək olar. Yəni özəl sektorda hamısı deyil.

Maliyyə sektoru  əmək bazarı kifayət qədər şəffaf olduqdan sonra, mən inanıram ki,  bir çox müştəri müraciət edib kredit əldə edə biləcək.  Minimal gəlirə olan tələb var ki, bizim bankda, o da ipoteka fondu tərəfindən irəli sürülən tələbdən nə yüksək, nə də aşağı deyil.

Təbii ki, tələblərimizin başlıcası – borcalanın ödəniş qabiliyyətinin normalara cavab verməsidir və məncə bu AİF xətti ilə ipoteka krediti verən bütün bankların tələbidir. 

Sadəcə olaraq, ölkədə, maliyyə və iqtisadi arenada baş verən bu son  hadisələrə görə müştəri seqmentlərinin daha dərin və ətraflı analizini aparırıq. Bəzi seqmentlərdə mümkün ixtisarlar ehtimalı ilə əlaqədar olaraq çalışırıq müştəriləri daha detallı və daha dərindən təhlil edək.

Bəs, ipoteka almış müştəri işdən ixtisara düşərsə və ödənişlərdə gecikmə yaranarsa, bunun üçün hər hansı bir güzəşt halı nəzərdə tutulubmu?

İpoteka fondunun tələbləri və qaydalarına əsasən müştəri, ödənişi dalbadal üç dəfədən çox gecikdirə bilməz. O təqdirdə, ipoteka fondu ayrılmış vəsaiti müvəkkil bankdan geri çəkir. Əfsuslar olsun ki, AİF tərəfindən heç bir güzəşt edici və yumşaldıcı  bir hal nəzərdə tutulmayıb. Amma sevindirici məqam odur ki, iqtisadi çətinliyə və devalvasiyaya proseslərinə rəğmən ipoteka  kreditlərinin ödənişində gecikmə halı olmayıb. Bunun da əsas səbəbləri nədir?

  1. Uzunmüddətli  kreditlərdə aylıq ödənişlərin miqdarı azdır.
  2. Kreditlər manatla olduğu üçün və əhalinin gəlirlərinin də əksər hissəsi manatla olduğu üçün onlara dolların qiymətinin artması kimi hallar təsir etməyib və əvvəlcədən ipoteka kreditinin verildiyi müştəri seqmentləri sağlam seqment olduğu üçün, xırda kommersiya ilə məşğul olan müştərilər olmadığı üçün o qədər təsirə məruz qalmayıb.

Müsahibə üçün təşəkkürlər.

Ən sərfəli krediti almaq üçün müraciət et