Beynəlxalq İqtisadi Araşdırmalar Birliyinin sədri, iqtisad elmləri doktoru, professor Fikrət Yusifovun müsahibəsi.
- Son günlər ölkə mediasında manatın növbəti dəfə kəskin devalvasiyaya uğrayacağı barədə ekspertlərin proqnozlarına rast gəlinir. Bu qənaətdə olanlar Mərkəzi Bankın sədri Elman Rüstəmovun üzən məzənnəyə keçidlə bağlı dediklərinə əsaslanırlar. Sizcə manatın növbəti dəfə kəskin ucuzlaşacağı gözlənilirmi?
- Xeyr, gözlənilmir. Bunun üçün bu gün heç bir əsas yoxdur. Əslində heç bundan öncə də fevral ayının 21-nə qədər kəskin devalvasiyaya getməyə heç bir zərurət yox idi. Bunun belə olduğunu rəsmilər də iqtisadi yazarlar da - bir sözlə bu məsələ ilə yaxından tanış olan hər kəs bilirdi. Lakin həmin günlərdə Mərkəzi Bank, onun rəhbərliyi və digər aidiyyatı qurumlarının rəsmləri səviyyəsində əhali arasında izahat işlərinin lazımınca təşkil edilməməsi öz acı nəticəsini verdi. Elman Rüstəmovun kəskin devalvasiyaya bir neçə gün qalmış xalqa etdiyi müraciət nə qədər inandırıcı olsa da, artıq gec idi. Fevralın 16-dan başlanan və bütün banklarda, valyutadəyişmə məntəqələrində yaranmış ajiotajın verdiyi “effekt”Elman Rüstəmovun təminatından daha üstün oldu. İnsanlar öncə gördüklərinə, sonradan eşitdiklərindən daha çox inandılar.
- Amma manatın məzənnəsinin reallığa uyğun gəlməməsi səbəbindən onun kəskin devalvasiyasının qaçılmaz olduğu deyilirdi...
- Nə deyilməsindən asılı olmayaraq devalvasiyanın bu şəkildə baş verməsi üçün nə iqtisadi, nə də maliyyə əsasları var idi. Hər kəs bilirdi ki, dünya bazarlarında neftin qiymətlərinin keçən ilin ortalarından başlayaraq aşağı düşməsi, qonşu dövlətlərdə milli valyutaların kəskin devalvasiyası bizim kifayət qədər möhkəm olan manatımızın da yumşaq devalvasiyasının başlanğıcı deməkddir. Lakin Mərkəzi Bank məzənnə yumşalmasına, nədənsə məzənnə ətrafında gərginlik yaranandan sonra – cari ilin fevral ayının 16-dan getmək qərarı verdi. Mətbuatda etdiyimiz çıxışlarda dəfələrlə dediyimiz kimi, bu proses keçən ilin ortalarından başlasaydı, onda fevral ayının 21-dəki kəskin devalvasiyaya da heç bir zəmin yarana bilməzdi.
- Ola bilərmi ki, hansısa qüvvələr Mərkəzi Bankı fakt qarşısında qoydular?
- Bir gündə 500 milyon dollar alındığını düşünülmüş təxribat kimi dəyərləndirsək, yəqin ki, yanılmarıq. Sanki hansısa qüvvələr insanları kütləvi şəkildə valyuta mübadiləsi məntəqələrinə istiqamətləndirib bir günə 500 milyonluq təxribat həyata keçirdilər. Hər halda həmin günlər müşahidə etdiyimiz hadisələr belə bir qənaətə gəlmək üçün kifayət qədər ciddi əsaslar yaradır. Bu gün bizim müstəqilliyimiz, iqtisadi cəhətdən qüdrətli bir dövlətə çevrilməyimiz və bu fonda heç kimin təsirinə düşmədən regionda balanslaşdırılmış müstəqil siyasət aparmağımız çoxlarının xoşuna gəlmir. Nə üçün heç kəs Mərkəzi Bankın məcburi qaydada kəskin devalvasiyaya getməsinin bizi istəməyən qüvvələrin təxribatı ola biləcəyini ehtimal kimi səsləndirmədi? Həmin günlərdə prosesin kənardan idarə olunduğunu düşünənlərlə haradasa razılaşmaq da olar.
Kəskin devalvasiyanı stimullaşdıran əsas səbəblərdən biri də mətbuatda bəzi yazarların məsuliyyətsiz çağırışları oldu. Biz bu çağırışçıların əməllərini tənqid edəndə bəziləri bizi hakimiyyəti müdafiə etməkdə ittiham edirdilər. Əslində isə biz başda Mərkəzi Bank olmaqla hökumətin digər aidiyyatı qurumlarının manatın məzənnəsi ilə bağlı əhali arasında apardıqları izahat işlərinin lazımı səviyyədə təşkil edilməməsini tənqid edirdik. Eyni zamanda, bir tərəfdən “kəskin devalvasiyaya ehtiyac yoxdur” deyib, digər tərəfdən “manatı fəlakət gözləyir” çağırışı edərək cəmiyyətdə ajiotaj yaradanların qanun qarşısında cavab verməli olduqlarını deyirdik. Bilirsiniz, belə çağırışları edənlər bir qayda olaraq siyasi maraqları olan adamlardır. Onlara elə gəlir ki, belə çağırışlarla cəmiyyətdə gərginlik yaradıb özlərinin hakimiyyətə gəlmək imkanlarını yaxınlaşdıra bilərlər. Bu, absurd düşüncədir. Biz bu gün erməniləri bütün səviyyələrdə üstələyirik. Bunu geniş təhlil etməyə ehtiyac yoxdur. Hər şey göz qabağındadır. Qarabağ problemi başlayandan öz həllinə bu qədər yaxın olmayıb. Sual edirəm, bu nəyin nəticəsində baş verib? Təbii ki, ilk növbədə ölkəmizin dünya siyasət meydanında mövqelərinin möhkəmlənməsi, iqtisadi qüdrətinin artması, ordumuzun güclənməsi və sair amilləri sıralaya bilərik. Bəlkə də Qarabağ probleminin həlli ilə manatın məzənnəsi arasında paralel aparsaq yanılmarıq. Çünki güclü iqtisadiyyat və güclü manat bizi son illərdə bu məqsədə nə qədər yaxınlaşdırmışdısa, bunun əksi də bizi bu problemin həllindən bir o qədər uzaqlaşdıra bilər.... Başqa cürə ola bilərmi?
- Bəzi iqtisadçı-ekspertlər sizi öz təhlillərinizdə ancaq hakimiyyətin maraqlarını müdafiə etməkdə qınayırlar. Bu fikirlərə münasibətiniz necədir?
- Fəaliyyətə başladığımız ilk gündən mətbuat səhifələrində daha çox rastlaşdığımız və bizi ən çox narahat edən bir məsələ durur. Hesab edirəm ki, bu məsələ cəmiyyətin bütün sağlam düşünən insanlarını narahat edir və etməlidir də. Bu, bir çox yazarların oxucu diqqətini özünə cəlb etmək xatirinə hər bir çıxışda sensasiya yaratmaq cəhdidir. İnsanlar heç nədən çəkinmədən, heç bir ölçü hissi bilmədən “mütləq oxumalıdırlar” prinsipi ilə bəzən elə başlıqlarla çıxışlar edirlər ki, oxucu bu yazını görəndə doğrudan da ondan “yan keçə bilmir”. Həqiqət isə bundan ibarətdir ki, bir qayda olaraq belə yazılarda arqumentlərə, faktlara, bir sözlə reallığa söykənən heç nə olmur. Müəllif sadəcə öz fəhminə söykənib cəmiyyəti “silkələməyə” cəhd edir. Təbii ki, mən ilk növbədə iqtisadi mövzuda yazılan yazılar haqqında danışıram. Desəm ki, samballı təhlillərə heç rast gəlinmir, bu, yanlış olar. Ancaq belə çıxışlara 10 yazıdan birində, ikisində rast gəlmək mümkündür. On yazıdan səkkizində, doqquzunda isə bunun əksi baş verir. Bu, çox acınacaqlı bir haldır. Biz faktların kobud şəkildə təhrif olunduğunu, baş verən iqtisadi proseslərin mahiyyətinin düzgün izah olunmadığını, siyasi ambisiyaları reallaşdırmaq xatirinə müxtəlif təxribatçı çağırışlar edildiyini görəndə öz sözümüzü deyirik və bundan sonra da deyəcəyik. İnsanların iqtisadi biliklərinin aşağı olmasından istifadə edib onları aldatmağa cəhd etmək, heç kəsə baş ucalığı gətirməz. Məsələləri birtərəfli qaydada təhlil etmək iki gözlü tərəzinin bir gözünü ləğv edib çəki müəyyənləşdirməyə bənzəyir. Tərəzidən bu şəkildə istifadə etmək real çəkini təyin etməyə imkan verərmi? Təbii ki, yox.
- Rəhbərlik etdiyiniz təşkilat artıq 6 aya yaxındır ki, fəaliyyət göstərir. Mətbuatda müntəzəm çıxışlar edir, müxtəlif iqtisadi mövzulara dair şərhlər verirsiniz. İlkin mərhələ üçün nəzərdə tutduğunuz işlərin hamısını reallaşdıra bilirsinizmi?
- Biz təşkilatlanıb meydana çıxarkən qarşıya qoyduğumuz başlıca vəzifə iqtisadi prosesləri dərindən təhlil edib, vətəndaşlarımıza və bütün dünyaya hər şeyi olduğu kimi çatdırmaq idi. Əslində altı aya qədər bir vaxt ərzində bu istiqamətdə az iş görməmişik. Lakin bununla kifayətlənmək fikrində deyilik. Daha geniş auditoriyalara çıxmağı planlaşdırırıq. İnsanlarımıza ölkədə gedən iqtisadi proseslərin arxasındakı reallıqları göstərməkdə davam edəcəyik. Bunun üçün ayrı-ayrı televiziya kanalları ilə əməkdaşlıq etmək, müxtəlif iqtisadi forumlar keçirmək, xarici mətbuatda mütəmadi çıxışlar etmək istəyindəyik. Hazırda bu istiqamətlərdə konkret hazırlıq işləri aparırıq.
- Növbəti 6 ay üçün BİAB-ın hansı planları var?
- Əvvəldə dediyim kimi, fəaliyyətimizi daha geniş müstəviyə çıxarmaq istiqamətində konkret çalışmalarımız var və siz bunun nəticəsini görəcəksiniz.
apa.az