İki qardaşın düşmənçiliyinin nəticəsi: Adidas və Puma | Banco.az

İki qardaşın düşmənçiliyinin nəticəsi: Adidas və Puma

Dünyadakı bütün qardaşlar bir-birləri ilə mübahisə edib küsülü qala bilərlər. Lakin, onlardan heç biri Adi və Rudi Dassler qardaşlar kimi dünyanı dəyişdirməmişlər.

Hadisə Almaniyanın Herzogenaurach şəhərində II Dünya Müharibəsindən bir neçə il əvvəl baş vermişdir. Adolf Dassler və Rudolf Dassler qardaşları ayaqqabı tikib satmaq üçün bir emalatxana açır və adını “Gebrüder Dassler Ohg” qoyurlar. Qardaşların analarının camaşırxanasında qurduqları ayaqqabı şirkəti əsasən atletizmlə məşğul olan idmançılara xitab edən keyfiyyətli məhsullar istehsal edirdi.

Dassler qardaşlar əvvəllər analarının camaşırxanasında elektrik enerjisi olmadığı üçün velosiped vasitəsilə əldə etdikləri elektrik enerjisi ilə dəri parçaları kəsib bu dərilər ilə ayaqqabı istehsal edirdilər. Adi Dassler ayaqqabıları dizayn edir və tikirdi. Daha sosial xarakterə sahib olan Rudi isə hazır məhsulların satışını həyata keçirirdi.

Bir gün Adi və Rudi tarixi bir addım atır. Bu addım qardaşların Amerikalı atlet Jesse Owensi 1936 – cı ildə keçiriləcək olan Berlin Olimpiya Oyunlarında öz istehsal etdikləri ayaqqabıları geyinməsi üçün razı salmaqları idi. Jesse Owens olimpiadalarda möhtəşəm bir performans göstərdi və Dassler qardaşların ayaqqabılarını geyinərkən 4 ədəd qızıl medal qazandı. Bu uğurun nəticəsində qardaşlar böyük şöhrət qazanmış oldular.

Şirkətin getdikcə böyüməsi iki qardaşa düşünüldüyü kimi uğur gətirmədi. Bu böyümə iki qardaş arasındakı qısqanclığı və mübahisələri artırdı. Maraqlıdır ki, qardaşlar arasında olan bu anlaşmazlıq onların həyat yoldaşlarına da təsir edirdi və qadınlar da bir-birləri ilə yola gedə bilmirdilər.

Hitler 1933-cü ildə rəhbər seçiləndə, hər iki qardaş da Nasist partiyasına üzv olurlar, hətta Adi ordunun əsgərləri üçün çəkmə istehsalına da kömək edir.

Qardaşlar arasındakı anlaşmazlıq gün keçdikcə daha da artırdı. Hadisələrin kulminasiya nöqtəsi isə belə idi: Müttəfiq dövlətlər II Dünya Müharibəsi zamanı Herzogenaurach şəhərini bombalayarkən Adi öz həyat yoldaşı ilə birlikdə hadisələrdən qorunmaq üçün sığınacağa gəldikdə orada olan Rudi və həyat yoldaşının yanında müttəfiqləri nəzərdə tutaraq “lənət olsun, yenə gəldilər” deməsi ilə Rudi bu sözün öz ünvanına söylənildiyini zənn edir.

Qardaşlar arasındakı anlaşmazlıq elə bir nöqtəyə çatmışdı ki, müharibədən sonra Amerikalı istintaq rəsmilərinin yaydığı hesabatda, Rudini qardaşı Adinın şikayət etdiyi məlum olur. Rudi müharibə düşərgəsinə göndərilərkən, Adi işi yenidən qurmağa başlayır.

Ən sərfəli kredit üçün müraciət et

1948 – ci ildə Dassler qardaşlar yollarını tamamilə ayırmağa qərar verirlər və Aurach çayının iki tərəfində öz zavodlarını qururlar.

Adi Dassler öz adına uyğun olaraq “Adidas” firmasını, böyük qardaşı Rudi Dassler isə “Puma” firmasını təsis edir.

Bu fabriklər Herzogenaurach şəhərinin müharibədən sonra dirçəlməsi üçün çox kömək olsa da, qardaşlar arasındakı problemlər şəhər əhalisinə də təsir göstərir. Şəhərdəki demək olar ki, bu iki şirkətdən birində işləməyə başlayan hər kəs  “Adidas” və “Puma” tərəfdaşları olaraq iki qrupa ayrılır.

Vaxt keçdikcə bu qruplaşma daha kəskin xarakter almağa başlayır. “Adidas” işçilərinin uşaqları “Puma” işçilərinin uşaqları ilə oynamamağa, bir zavodda işləyənlər, digərinin olduğu tərəfə keçməməyə, digərlərinin getdikləri market və restoranlara getməməyə başlayırlar. Hətta iki şirkət əməkdaşları arasında evlilik də qadağan olunur.

Zamanla Herzogenaurach şəhərinin əhalisi bir-biri ilə söhbət etməyə başlamazdan öncə ayaqqabı modellərinə baxdıqları üçün şəhər, "əyilmiş boyunların şəhəri" kimi tanınmağa başlayır.

Rudi 1974 – cü ildə, Adi isə 1978 – ci ildə dünyasını dəyişir. Ancaq nə qədər inanılmaz səslənsə də, iki qardaş vəfat etdikdən sonra belə bu düşmənçilik davam edir və iki qardaş eyni qəbiristanlıqda amma bir-birindən mümkün qədər uzaq iki yerə basdırılır.

2009 – cu ildə iki şirkətin CEO –ları 21 Sentyabr Belnəlxalq Sülh Günü münasibətilə hər iki şirkətin işçilərinin qatılacağı dostluq görüşü təşkil etdilər. Təşkil edilən bu matçla birlikdə 61 illik düşmənçiliyi də son qoyuldu.

 

Tamara Mustafayeva, Banco.az