Bank of Azerbaijan-ın iflası devalvasiyanın nəticəsi deyildi.
Çoxları Bank of Azerbaijanı devalvasiyanın ilk qurbanı adlandırır, amma əslində bu belə deyil.
Səbəbləri isə aşağıda...
Ötən gün, yəni 18 yanvar 2016-cı il tarixində çoxdan gözlədiyimiz qərar, yəni Bank of Azerbaijan-ın rəsmi şəkildə lisenziyasının geri alınması prosesi baş tutdu və beləliklə də bankın iflası rəsmiləşdi. Nəyə görə məhz “rəsmiləşdi” deyirəm, çünki artıq iki ildən artıq idi ki, bank əmanətçilər qarşısında öhdəliyini yerinə yetirə bilmirdi. İstər dünya, istər də Avropa praktikasında əmanətçilərini bu qədər incidən bank artıq çoxdan rəsmi şəkildə müflis elan edilmiş olardı.
Lakin bank rəhbərliyi çətinliyə baxmayaraq, öhdəliklərini hissə-hissə də olsa yerinə yetirməkdə davam edirdi, bəlkə də bu proses daha çox uzanacaqdı, əgər ikinci devalvasiya baş verməsəydi. Bank rəhbərliyi ilə danışıqlar zamanı məlumat verilmişdi ki, bank əlində olan bəzi əmlakları satışa çıxarıb və satışlar gerçəkləşdikcə vəsaitlər əmanətçilər arasında bölünərək, onlara hissəli şəkildə qaytarılır.
Bəli devalvasiya bankın iflasının səbəbi deyil, sadəcə katalizatoru oldu və prosesi sürətləndirdi. Çünki qeyd etdiyim proses nə ilk, nə də ikinci devalvasiya ilə deyil, hələ 2014-cü ilin yayında başlamışdı, bankın külli miqdarda borclanması isə ümumiyyətlə 2013-cü ilin son aylarında bəri müzakirə olunurdu.
Devalvasiyalar isə sadəcə bankın dollarda olan öhdəliklərini artırdı və artıq onlar özləri də vəziyyətdən tək çıxa bilməyəcəklərini anladılar.
Bəs, bu iflasın müsbət tərəfləri nə ola bilər?
Artıq bir neçə müddətdir ki, ADİF-in (Əmanətlərin Sığortalanması Fondunun) etibarlılığı müzakirə məsələsinə çevrilib. Mərkəzi Bankın və ADİF-in bundan sonrakı qərarları artıq sistem üçün həyati əhəmiyyət daşıyacaq.
Əlbəttə bu iki qurum əgər öz işini yaxşı təşkil etsə və vəzifələrinin öhdəsindən layiqincə gəlsə, indiyə qədər get-gəl içində olan müştərilər öz vəsaitlərini (vəsaitlərinin qorunan hissəsini) rahat şəkildə müxbir banklardan ala biləcəklər.
Bəs əgər olmasa? Onda bu artıq bütün sistem üçün həyacan təbili olacaq, bank sisteminə etibar qalmayacaq, əmanətlərin banklardan çəkilməsi prosesi daha da şiddətli hal alacaq.
Bu iflas MB-yə və ADİF-ə imkan verir ki, etibarı geriyə qazana bilsinlər, ümid etmək istəyirəm ki, bacaracaqlar.
Digər banklara gəldikdə isə likvidliklə bağlı problemi olan banklara hər iki devalvasiya ciddi zərbə endirib, yəni Bank of Azerbaijan-da olan problemlərin kökü daha öncəyə getsə də, devalvasiyanın təsirindən özünə gələ bilməyən banklar da var və devalvasiyanın öz qurbanları da olacaq, qeyd etdiyim kimi MB bankların birləşməsini çoxdan arzulayırdı və devalvasiya katalizator olaraq, bu prosesləri sürətləndirəcək.
Işsiz qalan bankirlər
Bəli, bankın bağlanması həm də çoxlu sayda əməkdaşın işsiz qalması anlamına gəlir və bu təəssüf doğurucu haldı. Amma mən həm də deyərdim ki, Bank of Azerbaijan əməkdaşlarının canı bu stressli situasiyadan qurtuldu. Bankda olduğun sonuncu dəfə də çoxlu sayda insanın hər gün neqativ dolu banka axışını, çılğın etirazılarını, öz haqlarını bəzən qışqıraraq, bəzən ağlayaraq tələb etməsini müşahidə edirdim, əməkdaşlar isə sadəcə rəhbərlik və müştəri arasında vasitəçiyə çevrilmişdi və onların çoxu artıq real bank əməkdaşı həyatında məhrum idi. Bu şəraitdə onlar bank səriştərlərini də gündən –günə itirir, sanki banka işləməyə deyil, günlərini yubatmağa gəlirdilər. Çünki bankda gerçək bank əməliyyatları demək olar ki, keçirilmirdi.
Lizenziyanın ləğvinin bu qədər gecikdirilməsi isə həm bankın, həm də müştərilərin ziyanına oldu.