Bu ilin iyul ayında Azərbaycanda gündəlik neft hasilatı 0,46 milyon barel təşkil edib.
Beynəlxalq Enerji Agentliyinin (IEA) aylıq hesabatına görə, bu, iyun ayının göstəricisi ilə eynidir.
IEA analitiklərinin hesablamalarına görə, iyulda Azərbaycanda gündəlik neft hasilatı “OPEC+” sazişi çərçivəsində plandan gündəlik 0,09 milyon barel geri qalıb.
Bundan əvvəl OPEC-in aylıq hesabatında bildirilib ki, iyul ayında Azərbaycanda orta gündəlik neft hasilatı sutkada 0,462 milyon barel təşkil edib. Kvotadan geri qalma 0,089 milyon barel olub.
Xatırladaq ki, “OPEC+” ölkələri nazirlərinin 37-ci iclasında əldə edilmiş razılaşmaya əsasən, 2025-ci il üçün Azərbaycanın hasilat kvotası gündəlik 0,551 milyon barel təşkil edir.