Müəllif: Gülnar Əhmədli, Banco.az
Son illərdə iqlim dəyişikliyi ilə mübarizə və dayanıqlı inkişaf hədəfləri çərçivəsində yaşıl maliyyələşmə alətlərinə maraq əhəmiyyətli dərəcədə artıb. Bu istiqamətdə banklar enerji səmərəliliyini artıran, bərpa olunan enerji mənbələrinin istifadəsini təşviq edən və ekoloji cəhətdən dayanıqlı layihələri dəstəkləyən xüsusi kredit məhsulları təqdim edirlər. Azərbaycanda da yaşıl kredit bazarı formalaşmağa başlayıb və bir neçə bank fərqli şərtlərlə bu məhsulu müştərilərinə təklif edir.
Bank Respublika yaşıl kreditlər üzrə 3 milyon avro ekvivalentinə qədər maliyyələşmə təklif edir. Kreditlər Avropa Yenidənqurma və İnkişaf Bankının (EBRD) kredit xətti çərçivəsində təklif edilir.
Aşağıdakı şərtlərə uyğun gələn Azərbaycan şirkətləri kredit almaq üçün müraciət edə bilərlər:
- Ən azı 51% xüsusi mülkiyyətdə və özəl idarəetmə uyğun
- İxrac üçün açıq ola biləcək sektorda fəaliyyət göstərən
- Azərbaycanda qeydiyyatda və fəaliyyətdə olan, Azərbaycan qanunvericiliyinə uyğun fəaliyyət göstərən
- Fərdi sahibkarlar və ya tək mülkiyyətçilər kimi təsnif edilən
- Tərəfdaş Bankın və ya Tərəfdaş Maliyyə Qurumunun adi maliyyə qiymətləndirməsi meyarlarına cavab verən
- AYİB-in Ətraf Mühit və Sosial Siyasətinə riayət edən
Həmçinin, İnvestisiya etdiyiniz əsas vəsaitlər uyğun texnologiyalar siyahısında və ya bu portala uyğun gəlirsə, Avropa İttifaqı tərəfindən maliyyələşdirilən əsas məbləğin 15%-dək hissəsini keşbek qazana bilərsiniz.
Yapı Kredi Bank Azərbaycan Enerji Effektivliyi Fondunun dəstəyi ilə 10.000.000 AZN-dək, 15 ilədək müddətə, illik 5%-dən başlayan faiz dərəcəsi ilə kreditlər təqdim edir.
Güzəştli kreditlər vasitəsilə maliyyələşdirilən istiqamətlər:
• enerji effektivliyi üzrə tədbirlərin və dövlət proqramlarının icrasının dəstəklənməsi;
• enerji menecmenti sisteminin tətbiqi;
• ağıllı sayğacların və sistemlərin tətbiqi;
• kogenerasiya və yüksək effektiv kogenerasiya qurğularının tətbiqi;
• bərpa olunan enerji mənbələrindən istifadə.
TuranBank ölkə ərazisində məhsulların istehsalında və texnologiyaların inkişafında istixana qaz emissiyalarının azaldılmasına nail olmaq və təmiz enerjidən istifadəni təmin etməklə ətraf mühitin qorunmasına dəstək olmaq məqsədilə 2 milyon manata qədər, 36 ayadək müddətə, 16% illik faiz dərəcəsi və 0% komissiya ilə yaşıl kredit təqdim edir.
Kredit son 3 ilin hibrid və ya elektrikli avtomobil alışı, intensiv bağçılıq sahələrinin salınması, qaz sərfiyyatını azaldacaq yeni nəsil istixana komplekslərinin salınması və s. məqsədlərlə verilir.
Kapital Bank 50 min manatdan başlayan məbləğlər üzrə 36 ayadək müddətə 12% illik faizlə maliyyələşmə imkanı yaradır. Kredit bərpa olunan enerji, enerji səmərəliliyi, su resurslarının dayanıqlı idarə edilməsi, yaşıl nəqliyyat və s. yaşıl xidmətlər üçün təqdim edilir.
Rabitəbank-ın Yaşıl kredit və Yaşıl zəmanət krediti dayanıqlı və ekoloji yönümlü müxtəlif layihələrinin maliyyələşdirilməsi üçün nəzərdə tutulub. Bank minimum 30 000 AZN ekvivalenti, maxsimum 3 000 000 AZN ekvivalentinədək, 36 ay müddətinədək, 13%-dən başlayan faizlərlə kredit təklif edir. Komissiya isə müddətdən asılı olaraq 0,5-1,5% arasında dəyişir.
2. Bankın digər məhsulu isə Enerji Effektivliyi Fondu ilə əməkdaşlıq çərçivəsində təqdim edilən kredit məhsuludur. Enerji Effektivliyi Fondu tərəfindən enerji səmərəliliyi layihələri üzrə maliyyə imkanları təqdim olunur. Rabitəbank isə fondun tərəfdaşı olaraq güzəştli kredit həlləri ilə layihələrin maliyyələşdirilməsini həyata keçirir.
Kreditin faizi 5%-dək, məbləği 1 000 - 10 000 000 AZN, komissiya isə 1-3% təşkil edir. Kredit istilik sistemlərinin modernləşdirilməsi, binaların istilik izolyasiyası, effektiv HVAC sistemlərinin tətbiqi, yüksək effektivli işıqlandırma sistemləri, enerji effektiv avadanlıq və cihazlar, qazan, soba və qurutma maşınlarının yenilənməsi, tullantı istiliyinin təkrar istifadəsi və s. məqsədlər üçün verilir.
Azər Türk Bank isə 10 milyon manata qədər məbləğdə və 10 ilədək müddətə yaşıl kredit məhsulu təklif edir. Yaşıl kreditin verildiyi sahələr isə bunlardır: Yaşıl enerji istehsalı və istifadəsinə keçid, su ehtiyatlarının qorunması və istifadəsinə qənaət, tullantıların utilizasiyası və emalı, ekoloji təmiz məhsulların istehsalı, enerji və istilik sərfiyyatının azaldılması və s.
Bizi sosial şəbəkələrdən izləyin!!
