Mükəmməlçilik qüsursuza çatma səyidir.
Hamımızda dərin bir mükəmmələ çatma istəyi var. İdeala çatmağa çalışmaq heç səhv etməməyi arzulamaqdır. Belə insanların həyatda yüksək hədəfləri olur. Bu hədəflərə çatmaq üçün sıx səy göstərirlər. Çata bilmədikləri zaman isə böyük xəyal qırıqlığı və pərişanlıq hissi yaşayırlar.
Psixoloq Aynurə Əlibəylinin sözlərinə görə, mütəmadi tənqid olunan insanların özləri ilə bağlı sərhədləri olmur. Tənqid sıx olduğu təqdirdə nəyi yaxşı, nəyi pis etdiklərinin fərqində olmaz, harda dayanmaq lazım olduğunu bilməzlər. Tənqid olunmamaq üçün qüsursuz davranma səyində olarlar: "Mükəmməlliyyətçi insanlar hər işi qüsursuz görməyə can atdıqları üçün hər zaman öndə olar və vəzifə sahibi olarlar. İstər şəxsi əlaqələrində, istərsə də iş həyatında işlər istədikləri kimi getmədiyində daha hirsli olurlar. Mükəmməlliyyətçi şəxslər qarşılaşdıqları problemləri bütün yollarla həll etməyə çalışarlar. Problemə düşdükləri zaman hisslərini passiv şəkildə göstərdikləri vəziyyətlər də az olmur. Bu kəslərin özünə inam duyğusu müvəffəqiyyətləri ilə paraleldir. Müvəffəqiyyətli olduqları zaman özlərini daha güclü hiss edirlər. Müvəffəqiyyətsiz olduqlarında isə güvən duyğusu dərindən sarsılır. Müvəffəqiyyətli olmaq üçün yeni hədəflər təyin etməyə və onu ən yaxşı şəkildə həyata keçirməyə çalışarlar. Müvəffəqiyyətsizliklə qarşılaşmağı sevmədikləri üçün müvəffəqiyyətsizliyi qəbul etmək çətin olur. Çarəsiz qaldıqları zaman isə özlərini yaxşı hiss üçün bəhanələr uydurarlar".
Mükəmməlliyyətçi insanlar uğursuzluqla qarşılaşdıqları zaman yorğunluq, bezginlik hissi yaşayar, özlərinin bədbəxt olduqlarını düşünərlər. Mükəmməlliyyətçi insanlar gərgin depressiya, iştahsızlıq, davranış problemləri yaşadıqları üçün mütləq müalicə edilməlidirlər. Əks təqdirdə onlara bu həyatda yaşamaq çətin olur. Mükəmməlliyyətçi insanlar uyğunlaşma problemi yaşadıqları üçün həkimlərini də tez-tez dəyişirlər.
Xəstəlik qadınlarda özünü daha çox göstərir. Ağrı, yorğunluq və halsızlıqla özünü göstərən xəstəlik, həyat tərzinin dəyişdirilməsi ilə müalicə edilə bilir: "Səhərlər yataqdan qalxanda çətinlik çəkmək, oynaq və əzələlərdə ağrılar, halsızlıq və yorğunluq mükəmməlliyyətçiliyin əlamətləridir. Xüsusilə kürək, boyun, çiyin və ombalarda olan əzələ-oynaq ağrısı, yorğunluq hər yaşda olan qadınlarda müşahidə edilə bilər. Ən çox 30-60 yaş arasında sosial-ekonomik baxımdan üstün səviyyədə yaşayan və stressli bir həyat tempi olan qadınlarda müşahidə edilir".
Psixoloq deyir ki, əgər 3 aydan artıq bir müddətdə bədəniniz ağrıyırsa, ağrı əzələlərdə, oynaqlar və bədənin müxtəlif yerlərində gəzirsə, soyuq və nəmli havalarda ağrılar şiddətlənirsə, yuxu pozulmaları meydana gəlirsə, diqqət problemi yaşayırsınızsa, əl-qol, ayaq, qıç və ya üzdə hissiyyatsızlıq və qarışqalanma (sanki nəsə gəzir), qarın ağrısı, şişlik, qəbizlik və digər mədə-bağırsaq problemləri varsa, deməli siz mükəmməlliyyətçilik xəstəliyinə tutulmusunuz: "Mükəmməlliyyətçilik xəstəliyinə tutulmamaq üçün stressi həyatınızdan çıxarmalısınız. Həftədə ən az dörd gün məşq etmək, idman salonuna getmək, qaçmaq, velosiped sürmək sizi bu xəstəliyi tutulmaqdan qoruyacaq. İstirahət edin, özünüzə vaxt ayırın. Cinsi həyatınızın nizamlı və balanslı olmasını təmin edin. Sağlam qidalanın. Ətrafdakı insanların nə düşündüyünü deyil, ancaq özünüzü düşünün. Çünki sağlam bədəndə sağlam ruh olar. Əgər bədəniniz ağrısa, xəstə olsanız, onsuz da mükəmməl ola bilməyəcəksiniz".
Mənbə: milli.az