“İcbari sığortalar haqqında” qanuna dəyişikliklər təsdiq edildi | Banco.az

“İcbari sığortalar haqqında” qanuna dəyişikliklər təsdiq edildi

Prezident İlham Əliyev “İcbari sığortalar haqqında” qanuna dəyişiklikləri təsdiq edib.

Dəyişikliklərin mətni rəsmi mətbuatda dərc olunub.

Bu dəyişikliklər «Yaşıl Kart» sisteminin (“Green Card”) tətbiqi ilə bağlı məsələləri tənzimləyir.

Qanunda əlavə və dəyişikliklərə əsasən, «Yaşıl Kart» sistemi çərçivəsində fəaliyyət göstərmək hüququ olan sığortaçılar təqvim ayı ərzində bağladıqları “Yaşıl Kart” müqavilələri üzrə daxil olan sığorta haqlarının ümumi məbləğinin 5%-i miqdarında aylıq təqvim haqlarını növbəti təqvim ayında İcbarı Sığorta Bürosunun (İSB) müvafiq hesabına ödəyəcəklər.

Öz növbəsində İSB iştirakçı sığortaçıların “Yaşıl Kart” sistemi çərçivəsində fəaliyyəti ilə əlaqədar maliyyə öhdəliklərini əhatə etmək məqsədilə birdəfəlik və təqvim ödənişləri hesabına formalaşacaq cari öhdəliklər ehtiyatı yaradacaq.

Təqvim haqları Büronun işlərinin aparılmasına, o cümlədən “Yaşıl Kart” blanklarının çap etdirilməsi və təbliğat işlərinin maliyyələşdirilməsinə, eyni zamanda cari öhdəliklər ehtiyatının formalaşdırılmasına yönəldilir. Təqvim ödənişləri növbəti ayın 15-dən gec olmayaraq Büronun müvafiq hesabına köçürülməlidir.

Birdəfəlik ödənişin məbləği Maliyyə Nazirliyi yanında Dövlət Sığorta Nəzarəti Xidməti (DSNX) tərəfindən müəyyən ediləcək.

DSNX, həmçinin sığortaçıların bu sistem üzrə işləyərkən tətbiq edəcəkləri tarifin məbləğini müəyyən edəcək.

Ən sərfəli kredit üçün müraciət et

Bu qanunun “Yaşıl Kart” sisteminin tətbiqinə dair müddəaları 2016-cı il yanvarın 1-dən qüvvəyə minir.

Bundan başqa, qanuna əlavə və dəyişikliklər daşınmaz əmlakın icbari sığortası üzrə təkrar sığorta zamanı əlavə tələbləri, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə müqavilə növlərini, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuıliyyətinin icbari sığortası üzrə xidmətlər göstərən sığortaçılara əlavə tələbləri nəzərdə tutur.

“Green Card” avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin sığortası şəhadətnaməsinin bu sistemin iştirakçıları olan ölkələr arasında qarşılıqlı tanınması haqqında sazişdir.

1949-cu ildə Londonda avtomobil sığortaçılarının beynəlxalq konfransında BMT-nin İqtisadi və Sosial Şurasının tövsiyələri qəbul edilib və rəsmi olaraq mənzil-qərargahı Londonda yerləşən Büro Şurasının əsası qoyulub. 1951-ci ildə Büro Şurasının birinci rəsmi toplantısı baş tutub. Toplantıda sistemə üzv ölkələrin milli büroları arasında sazişin modeli razılaşdırılıb və “Yaşıl Kart”lar üçün vahid standartlar qəbul edilib. “Yaşıl Kart”a dair saziş 1953-cü il yanvarın 1-dən qüvvəyə minib. Sazişə əsasən, üzv ölkələrin hər biri tərəfindən verilmiş avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin sığorta şəhadətnaməsi həmin sazişin iştirakçısı olan digər dövlətlərin ərazisində etibarlı sayılır.

Hazırda “Yaşıl Kart” sisteminə Avropa, Asiya və Afrikanın 46 ölkəsi qoşulub. 2006-cı ildə Büro Şurasının mənzil-qərargahı Brüsselə köçürülüb.

interfax.az

Ən sərfəli krediti almaq üçün müraciət et