Amerikanın “Wall Street Journal” jurnalı tərəfindən ölkələrin iqtisadi azadlıq səviyyələri üzrə reytinq hazırlanıb.
Reytinq əsasında Honkonq əvvəlki illərdə olduğu kimi yenidən dünyanın ən azad iqtisadiyyata malik ölkəsi statusu qazanıb. Bu ölkənin “iqtisadi azadlıq indeksi” mümkün 100 baldan 89.3 balla qiymətləndirilib.
Reytinqin 2-ci sırasında 88 balla Sinqapur qərarlaşıb. İqtisadi azadlıq indeksi 80 baldan yuxarı olan digər ölkələrə Avstraliya, Yeni Zenlandiya və İsveçrə aid edilib. Sonrakı yerləri Kanada, Çili, Mavrikiy, Danimarka və ABŞ tutub.
Tədqiqatın aparıldığı 177 ölkə sırasında Çin 136-cı, Rusiya isə 139-cu yerdə qərarlaşıb.
Ölkələrin siyahısını Zimbabve, Kuba və Şimali Koreya tamamlayıb.
Qeyd edək ki, bu reytinq hər il 10 əsas kateqoriya üzrə mütəxəssislər tərəfindən tərtib olunur. Reytinqin tərtibi zamanı iqtisadi və ticarət azadlığının səviyyəsi, investisiyanın açıqlıq dərəcəsi, ölkə rəhbərliyinin iqtisadiyyata müdaxiləsi və korrupsiya amili nəzərə alınır.
Xatırladaq ki, daha əvvəl "Forbes" jurnalında təqaüdçülər üçün ən yaxşı ölkələrin siyahısı dərc olunmuşdu. Siyahıya Panama başçlılıq edirdi. Siyahıya məhz bu ölkənin başçılıq etməsi insanları düşündürsə də, əslində bu göstərici aparılan təhlillərin nəticəsi idi. Panamanı reytinq üzrə 1-ci edən amillərə gözəl hava şəraiti, yerli valyutanın dollara qarşı sabit məzənnəsi, güclü iqtisadiyyat və stabil hökumət aid edilmişdir.
2-ci yerdə Ekvador, 3-cü yerdə isə Malayziya qərarlaşıb. Siyahıda Rusiyaya rast gəlinmir.
Banco.az/Sevinc Ibadova