Hindistanın tənqid olunan Növbəti heykəli | Banco.az

Hindistanın tənqid olunan Növbəti heykəli

Hindistan sön dövrlərdə bir-birinin ardınca mübahisəli “abidə” – lərin inşası ilə bağlı layihələrlə gündəmə gəlir. Bildiyimiz kimi, 31 oktyabr tarixində dünyanın ən hündür heykəli olan “Birlik abidəsi” – nin açılışı oldu. Xatırladaq ki, abidə Hindistanın xalq qəhrəmanı Sərdar Vallabhai Patelin şərəfinə Qucarat əyalətində ucaldılmışdır. Dövlət rəsmiləri abidənin ölkəyə turistlərin cəlb edilməsi baxımından əhəmiyyətli olduğunu düşünsə də, yerli əhali bu addımı pul israfı hesab edir.

Həmçinin oxu: QEYR-ADİ dizaynı olan vizitkalar

Çindəki “Budda” heykəlini taxtından edən bu heykəlin quraşdırılması ilə bağlı ziddiyyətli fikirləri nəzərə alaraq, Hindistanın digər mübahisəli “heykəl” layihəsi haqqında araşdırma etdik.

Qeyd edək ki, Hindistan hökuməti dünyanın ən hündür heykəli statusunu “Birlik abidəsi” – dən məhz yenə özləri almaq istəyirlər. Belə ki, Hindistanın iqtisadi mərkəzi hesab edilən Mumbay əyalətində Maratha İmperiyasının banisi və ilk hökmdarı Şivaçinin şərəfinə əzəmətli bir abidə ucalacaq. Sağlığında hakimiyyətini Mumbaya qədər irəlilədə bilməyən Şivaçi “heykəli” ilə əyalətə hökm etmiş olacaq.

Maharaştra əyalətinin ictimai işlər müşaviri Sachin Chivate bildirib ki, bu heykəl dünyanın ən hündür abidəsi olmalıdır. O, həmçinin əlavə edib ki, bu təşəbbüs gələcək nəsillər üçün böyük töhfədir.

Mumbay şəhərinin sahili boyu, Ərəbistan dənizində yaradılacaq süni adada quraşdırılacaq 212 m hündürlüyündə nəhəng heykəl Nyu Yorkun məşhur heykəlindən iki dəfə hündür olacaq.

Layihəyə sonradan bəzi düzəlişlər də edilib. Belə ki, bu heykəl qonşu Qucarat əyalətində quraşdırılan və 31 oktyabr tarixində açılış mərasimi həyata keçirilən 182 m hündürlüyündə Vallabhai Patel heykəlindən hündür olmalı və Çinin Xenan əyalətində 208 m hündürlüyündə olan və Valabhai Patel heykəlinin quraşdırılmasına qədər dünyanın ən hündür abidəsi hesab edilən Budda heykəlindən daha hündür olmalıdır.

Layihənin icrası üçün nəzərdə tutulan məbləğ başlanğıcda 38 milyon dollar olaraq müəyyən edilmiş, daha sonra heykəlin ölçüsünə görə məbləğ də artmışdır. Bu ilin mart ayında Hindistan hökuməti layihənin 370 milyon dollar dəyərində olan ilkin mərhələsinin icrası üçün “Larsen & Toubro” mühəndislik şirkəti ilə müqavilə imzalayıb. Layihənin ikinci mərhələsinin icrası üçün isə əlavə 160 milyon dollar vəsaitin lazım olacağı planlaşdırılıb.

Həyata keçirilməsi üçün 500 milyon dollar sərf ediləcəyi deyilən layihənin icrası ilə bağlı ölkədə kəskin narazılıqlar mövcuddur. Heykəlin əleyhdarları milyonlarla insan yoxsulluqdan əziyyət çəkərkən belə bir abidəyə ehtiyac olmadığını vurğulayırlar.

Cənab Chivate abidənin qiyməti ilə bağlı narazılıqları əsassız hesab edərək bildirib ki, bu, digər layihələrlə, o cümlədən 3.1 milyard dollar dəyərindəki metro layihəsi ilə müqayisədə elə də böyük təşəbbüs deyil.

Layihənin icrasına kəskin şəkildə qarşı çıxan yerli təzyiq qrupları bunun qarşısını almaq üçün məhkəməyə belə müraciət ediblər. Onlar layihəni yerli əhali aclıqdan əziyyət çəkərkən “dövlət fondunun cinayət xarakterli sui-istifadəsi” kimi dəyərləndiriblər.

Qeyd edək ki, bəzi əsas nüanslar baxımından geri qalsa da, Maharaştra Hindistanın tərəqqi etmiş əyalətlərindən biridir. Əyalətin cəmi 1.8 milyard dollar dəyərində səhiyyə xərcləri adambaşına 20 dollardan azdır. Bu göstərici Hindistandan daha yoxsul olan bir çox dövlətin adambaşına düşən səhiyyə xərclərindən daha azdır. Əyalətdəki uşaqların dörddə bir hissəsi çəki azlığından əziyyət çəkir ki, bu rəqəm də orta göstəricidən yüksəkdir.

Mumbayda Şivaçi heykəlinin əleyhdarları onu siyasilərin ağılsız qərarı kimi dəyərləndirirlər. Narahatlıqlar xüsusilə Mumbay ərazisində əsrlərdir balıqçılıqla məşğul olan yerli Koli icması arasında kəskin xarakter alıb, çünki onlar yaşayış vasitələrinin bu heykəldən ziyan görəcəyini düşünürlər.

Yerli sakinlərdən biri deyir ki, “Əgər Şivaçi həyatda olsaydı, bu yerin onun heykəli üçün istifadə edilməsini əsla istəməzdi. Çünki o, öz xalqının qayğısına qalırdı.”

Həmçinin oxu: Bill Qeyts və Stiv Cobs - dost idilər yoxsa düşmən?

Tamara Mustafayeva, Banco.az