2015-ci ilin yanvar-aprel aylarında Azərbaycanda toplanmış sığorta haqlarının 25,2%-i və yaxud 41,9 milyon manatı həyat sığortasının payına düşüb. Banco.az portlının Azərbaycan Sığortaçılar Assosiasiyasına istinadən verdiyi məlumatına əsasən, 2014-cü ilin eyni dövrü ilə müqayisədə həyat sığortası bazarı 2,6% böyüyüb.
Həyat sığortasındakı yığımların təxminən 51,3%-i və ya 21,5 milyon manatı həyatın yaşam sığortasının, 35,6%-i və ya 14,9 milyon manatı istehsalatda bədbəxt hadisələrdən sığortanın, 12,8%-i və ya 5,4 milyon manatı həyatın ölüm halından sığortasının, cəmi 0,3%-i və ya 137 min manatı isə sağalmaz xəstəliklərdən sığortanın payına düşüb.
4 ay ərzində həyat sığortası üzrə həyata keçirilmiş ödənişlərin məbləği isə təxminən 18 milyon manat təşkil edib. Bu isə ümumi ödənişlərin 31%-ni təşkil etməklə, 2014-cü ilin eyni dövrünə nisbətən 7,8 dəfə çoxdur.
Həyat sığortası üzrə ödənişlərin təxminən 90,3%-i və ya 16,3 milyon manatı həyatın yaşam sığortasının, 5,2%-i və ya 942 min manatı həyatın ölüm halından sığortasının, 4,5%-i və ya 812 min manatı isə istehsalatda bədbəxt hadisələrdən sığortanın payına düşüb. Sağalmaz xəstəliklərdən sığorta üzrə ödəniş isə olmayıb.
Hesabat dövründə həyat sığortası bazarında toplanmış hər 100 manat sığorta haqqının müqabilində 43,1 manat ödəniş həyata keçirilib. 2014-cü ilin eyni dövründə isə bu rəqəm 5,9 manat olub.