Hansı xüsusiyyətləri olan rəhbərlər SEVİLMİR? | Banco.az

Hansı xüsusiyyətləri olan rəhbərlər SEVİLMİR?

Əməkdaşların iş yerində özünü nə dərəcədə rahat hiss etməsi rəhbərdən asılıdır. Təəssüf ki, elə rəhbərlər mövcuddur, onlarla işləmək ya xoş deyil, ya da, ümumiyyətlə, qeyri-mümkündür. Bu cür rəhbərləri və hətta həmkarları heç kəs sevmir. “Çətin” həmkarlardan nümunələri və onlarla daha sağlam, məhsuldar münasibətlər qurmaq üçün tövsiyələri təqdim edirik:

Narsist

Həddindən artıq təkəbbürlü və özündənrazı Narsist düşünür ki, hər şeyi bilir: necə işləmək olar, necə olmaz. Belə bir rəhbər, demək olar ki, hər bir əməkdaşı işlərinə yenidən düzəliş etmək lazım gələn pis işçi hesab edir. Və onun üçün ən maraqlı əyləncə tabeçiliyində olan bir adama nümayişkaranə şəkildə lağ etmək, alçaltmaq və təhqir etməkdir. Özü isə bu zaman səlahiyyətli və hər şeyi bilən bir lider rolunu oynamaqdadır. Şöbədəki insanları da "kim daha çox yaltaqlanacaq" prinsipi ilə seçir.

Belə bir insanın rəhbərliyi altında çalışmağa başlamısınızsa, fikirləşin: onunla mübarizə aparmağa əsəbləriniz tab gətirəcəkmi? Yoxsa iş yerini və ya şöbəni dəyişdirməlisiniz. Qalmağa qərar versəniz, rəisin üzünə ağ olmaqdan çəkinməyin. Mübahisə edin, özünüzü alçaltmağa icazə verməyin. Zamanla onun hörmətini qazanmağa müyəssər ola bilərsiniz.

Həmçinin oxu: Bu 6 sualı cavablayanlar mükəmməl rəhbər ola bilər

Həmçinin oxu: Dünyanın ən yaxşı CEO-su kimdir? 

Pedant - Xırdaçı

Pedantlar (xırdaçılar) hər şeydə dəqiqlik, yüksək keyfiyyət və səliqəni sevir. Onlar məsələnin hər detalını bilmək istəyirlər. Onlar üçün nə dərəcədə parlaq bir fikir söylədiyiniz o qədər vacib deyil. Kreativlikdən daha çox işçinin gecikməsi və ya vaxtından əvvəl işdən qaçması kimi məqamlarla maraqlanırlar.

Sizin şöbənizə bu cür şəxs başçılıq edirsə, qrafikə ciddi şəkildə əməl etməli, bütün hesabatları vaxtında və dəqiqliklə tərtib etməli olacaqsınız. Şirkətin dress-kodu varsa, həmin çərçivədən kənara çıxmayın. Ağlınıza gələn maraqlı fikirləri məktubda qeyd edin, bütün çıxışlara və təqdimatlara möhkəm arqumentlər və faktlar hazırlayın. Gec-tez rəhbər anlayacaq ki, sizə vacib tapşırıqları həvalə etmək olar.

Ən sərfəli kredit üçün müraciət et

Xameleon

Bu tip insanın əhvalı və münasibəti tez-tez dəyişir. Bu gün o, sizinlə mehriban-mehriban söhbət edə, sizin bütün ideyalarınızı təqdir edə bilər. Növbəti gün isə bildirər ki, sizin fikirləriniz cəfəngiyyatdır.

Bu davranışı başa düşmək də, belə müdirlə işləmək də çox müşkül məsələdir. Onun bütün təsdiqləmələrinin, əmrlərinin və vacib tapşırıqlarının sənədlərdə (elektron poçt və ya kağız) sənədləşdirilməsinə əmin olun. Beləliklə, rəhbər fikrini dəyişdirsə, əlinizdə hər şeyi onun göstərişlərinə uyğun etdiyinizə dair “maddi dəlillər” olacaq.

Hərdəmxəyal

Belə bir rəhbərlə özünüifadə və maraqlı vəzifələrə görə deyil, xüsusi bir şey etməmək və üstəlik bunun üçün maaş almaq məqsədiylə işə gələnlər şanslıdır. Onun rəhbərliyi altında sizə tapşırılan işi heç vaxt sona çatdırmayacaqsınız, çünki əvvəlkilərlə zidd olan yeni-yeni məsələləri həll etməyə göstəriş verəcək.

Xeyr, müdiriniz zalım deyil, sadəcə "yaradıcı insan" dır və öz həyatını belə təşkil edə bilmir. Ancaq iclaslar keçirməyi, birgə təbiət gəzintilərini təşkil etməyi sevir. Onun təsiri altına düşməyin, iş vaxtınızı təşkil edin və doğru hesab etdiyiniz tapşırıqları uğurla yekunlaşdırın. Nəticədə “qəza vəziyyətində” şöbənin qəhrəmanı olacaqsınız, ya da heç olmazsa, hərdəmxəyal rəisinizlə birlikdə qovulmayacaqsınız.

Həmçinin oxu: Liderlərin yol verdiyi 3 BÖYÜK səhv 

Monarx

Monarx rəhbərlik etmir, idarə edir. Hakimiyyət rəmzlərinə: kabinet, dəri kreslo, katibə və bahalı qol saatına böyük önəm verir. Bu tip rəhbər öz hakimiyyətini təzyiq və məcburiyyət yolu ilə möhkəmləndirməyə çalışır. Monarx birmənalı olaraq özünün hər situasiyada haqlı olduğuna inanır, əməkdaşların fikirləri ilə çox nadir hallarda razılaşır. İstənilən səhvə görə səsinin tonunu qaldıraraq haqqınızda düşündüyü hər şeyi üzünüzə çırpa bilər. Belə rəhbər sizdəki təşəbbüskarlığı, yenilikçi ruhu, liderlik hədəflərini boğacaq. Tabeçiliyində ikən Monarxla rəqabət aparmayın. O, yalnız sədaqəti və itaəti qiymətləndirir. Belə rəhbərin etibarlı məsləhətçisi ola bilərsiniz (baxmayaraq ki, bu şərəfə nail olmaq elə də asan olmayacaq).

Nigar Umaxanlı, Finco.az

Ən sərfəli krediti almaq üçün müraciət et