Dünyanın ən yaxşı CEO-sunun adı açıqlandı | Banco.az

Dünyanın ən yaxşı CEO-sunun adı açıqlandı

Harvard Business Review nəşriyyatı dünyanın ən effektiv rəhbərlərinin illik reytinq cədvəlini nəşr edib.

İlk yerdə NVIDIA şirkətinin həmtəsisçisi Censen Huanq qərarlaşıb. 

Huanq ilk dəfədir ki, ən yaxşı liderlərin siyahısında birinci yeri tutub. O, 2017-ci ildə 3-cü, 2018-ci ildə isə ikinci pillədə qərarlaşmışdı. 2017-ci ilin siyahısında ikinci yeri “Salesforce”ın həmtəsisçisi Mark Benioff tutmuşdu. Üçlüyü Kering qrupun (Gucci, Brioni, Balenciaga, Ulysse Nardin markaları daxildir) CEO və idarə heyətinin sədri Fransua-Anri Pino tamamlayır. 

Həmçinin oxu: Liderlərin yol verdiyi 3 BÖYÜK səhv 

Ən yaxşı liderlərin onluğu bu şəkildədir: 

Censen Huanq, NVIDIA 

Mark Benioff, Salesforce

Fransua-Anri Pino, Kering

Riçard Templton, Texas İnstruments

İqnasio Qalan, Iberdrola

Şantanu Narayen, Adobe

Acay Banqa, Mastercard

Yohan Tiys, KBC

Satya Nadella, Microsoft

Bernar Arno, Louis Vitton

Ən sərfəli kredit üçün müraciət et

“Nike”ın baş direktoru Mark Parker 20-ci, “Apple”ın baş direktoru Tim Kuk isə 62-ci yeri tutur. 

Siyahının tərtib edilməsi üçün HBR 29 ölkənin 883 baş direktorunu nəzərdən keçirib. Bunlar 2018-ci ilin sonunda S&P Global 1200 reytinqinə daxil olmuş şirkətlərin rəhbərləridir. Həmin rəhbərlər iki ildən çoxdur ki, CEO vəzifəsində çalışır. Maliyyə göstəriciləri, ekoloji, sosial və korporativ məsuliyyət göstəriciləri (üçü birlikdə ESG adlanır) nəzərə alınır. 

Həmçinin oxu: Niyə xoşumuza gəlməyən insanlar daha çox uğur qazanır?

Bu il ESG-in effektivliyin ölçülməsindəki payı 20%-dən 30%-ə qalxıb. Odur ki, “Amazon”un direktoru Ceff Bezos maliyyə göstəricilərinə görə liderliyinə baxmayaraq, siyahıya düşə bilməyib. “Amazon”un aşağı ESG-i əmək şəraiti, kadr siyasəti və məlumatların mühafizəsi problemi ilə bağlıdır. 

Ötən illərdəki kimi 100 liderin arasında qadın CEO azdır. Onların sayı cəmi 4-dür və hamısı reytinqin üst pillələrində qərarlaşıb. 2017-ci ildə 2, 2018-ci ildə isə 3 qadın lider siyahıya düşmüşdü. 

Daha əvvəl İnc. yazıb ki, texnologiya sahəsində işçiləri ən çox ruhlandıran lider SpaceX və Tesla şirkətlərinin başçısı İlon Mask olub. Reytinqdə həmçinin Ceff Bezos və Satya Nadella da vardı. Bu üç rəhbərin adı Time jurnalının ən nüfuzlu şəxslərin siyahısında var. 

Həmçinin oxu: Niyə işçiləri nəticəyə görə deyil, səylərinə görə mükafatlandırmaq lazımdır?

Nigar Umaxanlı, Finco.az