Hansı əməkdaşlar daha tez işdən çıxarılmalıdır? | Banco.az

Hansı əməkdaşlar daha tez işdən çıxarılmalıdır?

Uğurlu bir şirkət yalnız əməkdaşlarının işə olan marağı sayəsində yaradılır. Axı məqsədə təkcə yüksək texnoloji avadanlıqlar almaqla nail olmaq mümkün deyil. Hətta avtomatik konveyer də bir insanın varlığını tələb edir. Xidmət və satış sahəsində də etibarlı işçisiz bir şey əldə etmək qeyri-mümkündür. Buna görə də standartlara cavab verməyən şəxsləri vaxtında ayırd edib ştatdan uzaqlaşdırmaq zəruridir.

İlk olaraq kimləri vəzifəsindən azad etmək lazımdır?

Ümumi məqsədə nail olmaqda maraqlı olmayanlar. Bir işçi öz vəzifə öhdəliklərini olduqca müvəffəqiyyətlə yerinə yetirə bilər, lakin ən azı bəzən çərçivədən kənara çıxmaq istəməməsi rəhbərliyi düşünməyə vadar edir. Çünki bu tip işçilər gözlənilən nəticəni əldə etməkdə faydalı olmayacaq.

Komandaya uyğunlaşa bilməyənlər. Bir çox cəhətdən şirkətin uğuru işçilərin arasındakı yaxşı münasibətdən asılıdır. Əməkdaşlardan biri necə ünsiyyət yaratmağı bilmirsə və ya kobud, qeyri- etik söz və hərəkətlərə yol verirsə, bu problem gözardı edilməməlidir.

Daim şikayət edənlər. Əlbəttə, iş yerinizi yaxşılaşdırmağı xahiş edə bilərsiniz, ancaq davamlı olaraq şikayətlənəcək bir şey tapmaq işdən qovulmaq üçün əsaslı səbəbdir.

Həmçinin oxu: İşçini işdən çıxartmazdan əvvəl nə etmək lazımdır?

Həddindən artıq “səs-küylü”lər. Az adam öz işini sakitcə yerinə yetirməyi bacarır. Panika və xaos atmosferi yaratmağı, yaxud sadəcə işdən kənar söhbətlər etməyi sevən bir kateqoriya mövcuddur. Bu tipə aid olan insan işi son tarixəcən çatdırmadığına görə şirkətə böyük itkilər verə bilər.

Çox əsəbi olub tez qıcıqlananlar. İstənilən şəraitdə özünü idarə edə bilmək hər adama müyəssər olmur. Lakin müştərilərlə qarşılıqlı əlaqə quran menecer özünə nəzarəti itirməmək məcburiyyətindədir. Əks təqdirdə birinin əsəbiliyi bütün komandaya sirayət edəcək və ya müştəri cəlb etmə prosesinə ciddi şəkildə zərbə vuracaq.

Ən sərfəli kredit üçün müraciət et

Əsas vəzifələri yerinə yetirmək istəməyənlər. Bu davranış uzun müddət eyni yerdə işləyən işçilər üçün tipikdir. İşinizə laqeyd yanaşmayın, əks halda digər işçilər də sizin davranışınızı kopyalaya bilər.

“Ulduz” işçilər. İstənilən uğur komanda işinin bəhrəsidir. Hər bir işçinin töhfəsi vacibdir, ayrı-seçkiliyə yol verməyə dəyməz. Bir işçi sövdələşmənin yalnız onun sayəsində bağlandığına və ya iş planının yerinə yetirilməsində sırf onun xidmətləri olduğuna inanırsa, onu “taxtdan salmaq” istəyəcək biri tapılacaq. Bu isə bütün şirkətin fəaliyyətinə xələl gətirə biləcək birbaşa konfliktdir.

Həmçinin oxu: Bu nüanslara diqqət etməsəniz karyeranız məhv ola bilər

Məsuliyyət götürmək istəməyənlər. Gördüyü səhv işin məsuliyyətini öz üzərinə götürmək yerinə başqa bir insanı günahlandırmaq pis xarakterdən xəbər verən əlamətdir. Məhz belə işçilərdən ilk növbədə qurtulmağa dəyər.

Verdiyi vədlərə əməl etməyənlər. Məsuliyyət yükünü necə götürməyi bilməyən bir işçidən daha pisi yalnız sözdə işləyən insandır. İşin yerinə yetirilməsi üçün son tarixlər keçibsə və əməkdaş yenə də sabaha təxirə salırsa, onu işdən çıxartmağa haqlı səbəbiniz var.

İşdən çıxartmaq haqqında qərar qəbul etmək kifayət qədər qəlizdir. Lakin pis işçini şirkətdə saxlamaq bütün biznesi risk altında qoymaq deməkdir. Yuxarıda sadalanan tiplərə təkcə rəhbər işçilər deyil, həm də sıravi işçilər diqqət yetirməlidir. Bu punktlardan hər hansı birində özünüzü görürsünüzsə, davranışınızı bir daha nəzərdən keçirin.

Nigar Umaxanlı, Finco.az