Bu nüanslara diqqət etməsəniz karyeranız MƏHV ola bilər | Banco.az

Bu nüanslara diqqət etməsəniz karyeranız MƏHV ola bilər

Zəhmətlə qurulmuş karyeranı məhv etmək düşündüyünüzdən çox asandır. Bir PR mütəxəssisi yersiz bir tvitlə, bir çox uğurlu “Sony” işçisi şəxsi yazışmalarındakı kiçik bir sızma ilə iş yerlərini itirib. Atlantada bir polis “Facebook”da işinə dair məxfi məlumatı (mülki geyimdə işləyəcəyi saatları) paylaşdıqdan sonra işdən qovulub.

Əlbəttə ki, bu cür nəzarət yeni bir şey deyil. Əsrlər boyu insanlar karyeralarını korlayan axmaq səhvlərə yol veriblər, lakin indi sosial medianın inkişafı ilə bu daha da bəsitləşib.

Həmçinin oxu: Yeni iş yerində özünüz haqqında ilk pis təəssüratı necə bərpa etmək olar?

Bəs rəqəmsal əsrdə bunun qarşısını necə almaq olar? Burada peşəkar inkişafınıza ciddi zərər verə biləcək 5, həqiqətən, axmaq faktoru sadalayacağıq:

1. Hər şey və hər kəsin bir-biriylə əlaqəli olduğunu unudursan

Əvvəlcə altı əlsıxma nəzəriyyəsini xatırlayın: 6 nəfər vasitəsilə bu planetdəki hər kəslə əlaqə qura bilərik (“LinkedIn” də bənzər bir inama əsaslanır). Buna görə də bəzi cəfəngiyyatlar və onların nəticələri, məsələn, əvvəlcədən xəbərdarlıq etmədən işdən ayrılmaq, həmkarlarınızla mübahisələr və ya onlara qarşı pis davranış sizi çox uzun müddət qara kölgə kimi təqib edə bilər. Əvvəlki iş yerinizdəki hansı həmkarınızın yeni rəhbərinizlə tanış olduğunu heç bilmirsiniz ki.

İkincisi, günümüzdə hər kəs İnternetə qoşulub. Səhifələrinizdə yayımladığınız açıq-saçıq, səmimi tətil şəkillərini unutmayın. Professional bir haker üçün məxfilik parametrlərinizi pozmaq su içmək kimi bir şeydir. “Twitter”də rəisinizi və müştərilərinizi müzakirə etməyə nə deməli? Unutmayın ki, bunlar işdən azad olunmaq üçün ciddi əsas ola bilər.

2. İş yerində həddindən artıq şəxsi həyat

Bu, müxtəlif formalarda baş verə bilər. Əksər işəgötürənlər xoşlarına gəlməsə də işçilərin iş saatlarında telefonlarını yoxlamaları və “Facebook” profilinə baş çəkmələri ilə barışıblar. Çünki özləri də bunu edir. Lakin əgər ifrata varırsınızsa, rəhbərlik haqlı olaraq əsəbiləşəcək. Bundan əlavə, işdənxaric problemlər daim gecikmələrə, işdən kənarlaşma hallarına və ya konsentrasiyanın pozulmasına səbəb olarsa, sizi şirkətin aktivi kimi deyil, boynundakı yük kimi qəbul edəcəklər. Çox bəhanələr, bəraətlər qanuni olsa belə peşəkar cəhətdən yararsız olduğunuzu təsdiqləyə bilər. İş və şəxsi həyat paralel getməlidir, ancaq hər hansı bir ciddi probleminiz varsa (məsələn, xəstə bir qohumunuza baxmalısınız), vəziyyətinizi başa düşmələri üçün menecerinizlə və ya kadrlar şöbəsi ilə ən qısa müddətdə danışın. Bir-iki pis gün karyeranızı məhv etməyəcək, ancaq həftələrcə və ya aylarca davam edən qeyri-məhsuldarlıq, şübhəsiz, işgüzar nüfuzunuzu zədələyəcək.

Ən sərfəli kredit üçün müraciət et

 

Həmçinin oxu: İlk iş günündə münasibətləri necə korlamaq olar?

3. Yalan

Əlbəttə ki, bir çox insan iş yerində kiçik, bəyaz yalanlar danışır, sonra da bu yalanlar böyüyərək qartopundan qar uçqununa çevrilir. Bir çoxları aldatmağa CV-dən başlayır, məsələn, öhdəliklərini və ya ixtisaslaşmalarını şişirdirlər. Sonra işə niyə gecikdikləri və ya niyə belə uzun müddət nahar etdikləri barədə yaradıcı bəhanələrə keçirlər. Yalanlar bununla da bitmir. Lüzumsuz yerə özümüzü rəhbərliyin gözündən salmaq yerinə inkişaf etmək üçün səhvlər üzərində işləmək daha məqsədəuyğun olar. Bu, uzunmüddətli perspektivdə daha yaxşı görünməyə imkan verəcək.

4. Başqalarını günahlandırmaq

Bütün vaxtınızı problemlərinizi həll etmək yerinə onlara görə başqalarını günahlandırmağa sərf edirsinizsə, əməkdaşlar arasında çox tezliklə düşmən qazanacaqsınız. Ancaq başqalarını alçaldaraq özünü ucaltmaq daha da pisdir. Narsist və toksik işçilər bu hərəkətə yol verir. Problem yaradan işçi olmayın, ən çətin situasiyalardan məharətlə çıxa bilən əməkdaş olun.

5. Diqqətsizlik və nizamsızlıq

Qarışıq bir masanın səndən başqa heç kəsi narahat etmədiyini düşünə bilərsən, ancaq belə deyil. İş yerindəki nizamsızlıq hər kəsin iş keyfiyyətinə mənfi təsir göstərir. Nizamsızlıq, vacib görüşləri unutmaq, işə gecikmək və hesabatı vaxtında təhvil verə bilməmək sadəcə sizə zərər vermir, bütün komandanın işini yubandırır. Vaxtı idarəetmə və təşkilatçılıq bacarıqlarını mənimsəmək sizin üçün çətin olmayacaq, yalnız böyük istək və bir az səy tələb olunur. Menecerinizdən və ya HR departamentindən kömək istəsəniz, bu, fəaliyyətinizə müsbət təsir göstərəcək, çünki problemin mövcud olduğunu özünüzə etiraf edirsiniz və onu həll etmək üçün çalışırsınız.

Xülasə, emosiyaları idarə etmək qabiliyyəti, başqalarını günahlandırmaq əvəzinə məsuliyyəti öz üzərinə götürmək və problemləri həll etməyə hazır olmaq, işgüzar və şəxsi həyat arasında sərhəd qoymaq uğurlu karyeraya aparan ən yaxşı yoldur.

Nigar Umaxanlı, Finco.az

Ən sərfəli krediti almaq üçün müraciət et

Bank işi kursları

Banco Academy

Qeydiyyatdan keç