Halva-halva deməklə ağiz şirin olmur - ACCESSBANK-IN MÜŞTƏRİSİ İLƏ REPORTAJ | Banco.az

Halva-halva deməklə ağiz şirin olmur - ACCESSBANK-IN MÜŞTƏRİSİ İLƏ REPORTAJ

AccessBank müştərilərinin uğur hekayəsini paylaşmağa davam edir. Budəfəki qəhrəmanımız Şəkinin sayılıb-seçilən halvaçılarından biri olan Xanlar Rzayevdir. Sizi də şirin söhbətdən həzz almağa dəvət edirik.

Şəki dedikdə dərhal beyində iki şey canlanır: buranın halvası və lətifəsi. Bu lətifələri şəkililər özünəməxsus şirin ləhcəsi ilə danışanda isə əhvalat daha da şirin olur. Budəfəki səfərimdə şəkililərin niyə bu qədər şirindil olduğunu anladım. Necə deyərlər, ancaq halva-halva deməklə ağız şirin olmur…

Anladığınız kimi, ənənəvi olaraq AccessBank-ın növbəti müştərisi ilə reportaj üçün yenidən Şəkiyə üz tutmuşdum. "Şəki" filialının komandasının tövsiyəsinə əsasən, mən "Səttarxan" şirniyyat evinin sahibi Xanlar Rzayevə baş çəkməli idim. Müştərimizin halvasının keyfiyyəti ilə maraqlananda həmkarlarımdan şəkisayağı cavab aldım: "Bu halvanı ölü yesə, dirilər!"

Sirr deyil ki, Şəkinin hər küçəsində halva satılır. Bunun səbəbini həmsöhbətim bir neçə amillə əsaslandırdı. Birincisi, tələbat (xüsusilə başqa yerlərdən gələnlər, o cümlədən turistlər tərəfindən) olduqca yüksəkdir. İkincisi, əksər sənətkarlar ata məsləyini davam etdirir. Onun sözlərinə görə, rəqabət istənilən halda və sahədə yaxşıdır. Yetər ki, haqsız rəqabət olmasın: "Məsələn, mən uzun müddətdir AccessBank ilə əməkdaşlıq edirəm. Niyə? Çünki aramızda artıq bir doğmalıq yaranıb. Biz çətin vaxtları bir yerdə arxada qoymuşuq. Həmin münasibətlər digər banklarla başqa müştərilər arasında da var. Eyni vəziyyət mənim də müştərilərimlə mənim aramdadır".

Söhbətinə davam edərək Xanlar kişi önlüyünü taxır və düyü ununun üzərinə su səpməyə başlayır. Alınan bərk xəmiri yoğuran ustad dönə-dönə deyir ki, o, duru, tam qarışmış olmalıdır. Şəki halvasının hazırlanma prosesində iştirak etmək istədiyimi dedikdən sonra müştərimiz məndən iri sinini nazik qat yağlamağımı xahiş etdi. Yağlandıqdan sonra sini ocağın üstündə qızdırılır. Həmin vaxtadək hazırlanan xəmir xüsusi, deşikli qıfa doldurularaq sininin üzərində çarpaz xətlər istiqamətlərində gəzdirildi. Açığı, təcrübəsizliyimi dərhal biruzə verdim. Bu anda qəhrəmanım sərt baxışla mənə üz tutaraq öz ləhcəsi ilə şirin dilini işə saldı: "Ha pis alınsa, özün yiyicaxsan!" Əlqərəz, lavaş vam ocaqda yarım dəqiqədən çox bişirilir. Bu qayda ilə xəmir bitənədək riştələr bişməlidir. Ardınca riştələri başqa sinidə üst-üstə düzdük. Qovrulub xırdalanmış fındıq elə xırdalanmış keşniş toxumu ilə qarışdırılır. Altı qat riştə düzəndən sonra onların sinidən kənara çıxan hissələri səliqə ilə kəsilir. Bunları da səliqə ilə ayırıb döşəmək lazımdır. Təxminən 1 sm qalınlıqda iç yayılır. Üstünə bir qat riştə döşənir və yenə 1 sm qalınlıqda iç yayılır.

Ən sərfəli kredit üçün müraciət et

Hamarlama işləri bitdikdən sonra halvanın üstü zəfərandan hazırlanmış qırmızı boya ilə boyanır, yaxud naxış çəkilir. Təcrübəsiz olduğum üçün mən asan yola müraciət etdim - qırmızı boya.

Budur, artıq ocağın üstündə qızdırılmış başqa sinidə halvanı əllə fırladaraq bişiririk. Bir müddət sonra halvanın alt hissəsini yoxlayan usta dedi ki, şəkərparə bişib. Necə öyrəndiyini maraqlandım. İzah etdi ki, qızılı rəng bişməyindən xəbər verir.

Bundan sonra su və şəkərdən şərbət bişirməyin vaxtıdır. Hazırlanan şərbət halvaya hopsun deyə bir gün saxlanılır.

Budur, biz artıq əl işimizə baxırıq. Bu an sənətkar isə elə bir söz dedi ki, hələ də qulağımda cingildəyir: "Bilirsən, niyə mənim birişdiyim halva bal kimidir? Çünki arı kimi işləyirəm. Bu arı pətəyinin qurulmasında isə AccessBank-ın çox böyük rolu var. Onlar mənə yalnız maddi dəstək verməyiblər…"

Bakıya gözəl təəssüratlarla qayıdan zaman Xanlar kişi zəng edib şad xəbər verdi: "Bişirdiyimiz halvanın hamısı satılıb!"

İlkin Əhmədov

Bakı-Şəki-Bakı