Müəllif:Mehin Qasımova,Banco.az
Azərbaycanda “Halal” sertifikatlarının verilməsinə başlanılır. İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyindəki Azərbaycan Standartlaşdırma İnstitutu (AZSTANDART) beynəlxalq akkreditasiya tələblərinə cavab verən “Halal” sertifikatını təqdim etmək hüququnu əldə edib. Məlumata görə, İnstitutun sertifikatlaşdırma orqanını Türkiyənin Halal Akkreditasiya Qurumu (HAK) akkreditasiya edib.
Bu barədə Banco.az-a danışan Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov bildirir ki, Azərbaycanda “Halal” sertifikatlarının verilməsi müsbət addımdır:
“2013-cü ildə Türkiyədə beynəlxalq konfrans keçirildi. Azad İstehlakçılar Birliyin sədri olaraq mən də həmin konfransda iştirak etdim. Konfransda dünyanın 53 ölkəsindən müxtəlif din alimləri və qida üzrə mütəxəssislər iştirak edirdi. O konfransda bir çox məsələlər müzakirə olundu. Lakin ət və ət məhsullarına qarışdırılan ingentlərin mənbələri barədə məsələni araşdırmaq çox çətin oldu. Məlumdur ki, bir çox malların istehsalında qida əlavələri istifadə olunur. Bunların əldə olunma mənbələrinin izlənməsi məsələləri sual altında qaldı və illər boyu Azərbaycanda halal sertifikat vermək adı ilə müxtəlif xarici və yerli MMC lər fəaliyyət göstərib”.
Ekspert qeyd edir ki, Azad İstehlakçılar Birliyi bir neçə dəfə məsələ qaldırdı, bu sahədə şəffaflıq yaradılması məsələsini ortaya qoydu:
“Beş müəssisəyə “Halal” sertifikatının verilməsinə nail olduq və hazırda ölkədə “Halal” MMC deyilən bir MMC mövcuddur. “Halal” standartın yaradılmasında mən də iştirak etmişəm, təkliflərimi vermişəm. Biz məsələ qoymuşduq ki, “Halal” standartlara uyğun mal istehsal edən müəssisədə onlayn izləmə sistemi olsun. İstənilən bir yerdə inancı olan adamlar orda izləyə bilsinlər. Orda nə baş verir, xammal haradan gəlir, necə istehsal olunur və sair. Biz təklif vermişdik ki, halal mal istehsal edən müəssisənin bank kredit borcu olmamalıdır, ancaq müəssisələr kreditlərlə işləyir. Çünki müsəlman qaydalarında kredit məsələsi qeyri -halal hesab olunur. Bunlar çox təəssüf ki, təklifimiz alınmadı. Yüngül bir halal standart qəbul olundu”.
Eyyub Hüseynov hesab edir ki, nəhayət, belə bir standartın qəbul edilməsi doğru bir addımdır:
“Azərbaycanda bir sıra müəssisələr istəyir ki, xaricə mal çıxarsın, xüsusilə müsəlman ölkələrinə. Qida Təhlükəsizliyi Agentliyi bu vaxta kimi verilmiş saxta “Halal” standartları ləğv etməlidir. Yenidən müəssisələrdə monitorinqlər keçirilməlidir və inancı olan insanların aldadılmasının qarşısı alınmalıdır. Bir də qeyd edirəm ki, bu işdə "Halal" standartın verilməsində mütləq kütləvi informasiya vasitələri, ictimai təşkilatlar, mütəxəssislər iştirak etməlidir. Mənim düşüncəmə görə, burada pul amili olmamalıdır. “Halal” MMC- nin mütəxəssislər də bu işə qoşulmalıdır. Əlbəttə, “Halal” standarta uyğun mal istehsalı öz halal malları ilə dünyanı fəth edə bilər. Təkcə qidada yox, halal turizm, halal kosmetika və digər sahələrdə uğur qazanmaq olar. Hər şey şəffaf, aydın olmalıdır. Bu, çox vacib bir məsələdir. Çox yaxşı ki, adını çəkdiyimiz dövlət qurumu bu işə başlayır. Mən gözləyirəm ki, bu işin şəffaf təşkilində onlara yardımçı olacaqlar”.
Qeyd edək ki, “Halal” sertifikatının verilməsində əsas məqsəd istehsal olunan məhsul, xidmət və idarəetmə sistemlərində müvafiq qaydaların tətbiqinə və istifadəsinə şəraitin yaradılması, istehlakçıların halal məhsullar üzrə tələb və gözləntilərinin təmin edilməsi və həmin məhsullarla bağlı etimadın formalaşdırılması, eləcə də halal məhsulların dövriyyəsinin stimullaşdırılmasıdır.