Almanlar və italyanlar qızıllarını ABŞ-dan geri istəyirlər | Banco.az

Almanlar və italyanlar qızıllarını ABŞ-dan geri istəyirlər

Müəllif: Tamara Mustafayeva, Banco.az

Almaniya və İtaliya ictimaiyyəti arasında ABŞ-da saxlanılan 245 milyard dollar dəyərində qızıl ehtiyatının geri qaytarılmasına tələbat artır.

Banco.az xəbər verir ki, Almaniya və İtaliya kimi ölkələrin qızıl ehtiyatlarını ABŞ-dan geri gətirməsi məsələsi ictimaiyyətdə müzakirə olunur və bu mövzuda hökumətlərə edilən təzyiqlər getdikcə artır.

Dünya Qızıl Şurasının məlumatlarına görə, Almaniya 3 min 352 ton, İtaliya isə 2 min 452 tonluq ehtiyatla ABŞ-dan sonra dünyanın ikinci və üçüncü ən böyük qızıl ehtiyatlarına malik ölkələrdir.

Hər iki ölkə qızıllarının üçdə birindən çoxunu ABŞ-da, konkret olaraq Nyu-York Federal Ehtiyat Bankında (New York Fed) saxlamaqla bu quruma böyük etimad göstərirlər. Hesablamalara görə, Nyu-York Fed-də saxlanılan bu ehtiyatların ümumi bazar dəyəri hazırda 245 milyard dollardan çoxdur.

Almaniyanın Sol Partiyasından olan və hazırda sol populist BSW partiyasına qoşulan alman-italyan siyasətçi Fabio De Masi verdiyi müsahibədə, qeyri-sabit dövrlərdə qızıl ehtiyatlarının Avropaya və ya Almaniyaya geri gətirilməsini dəstəkləmək üçün “güclü səbəblərin” olduğunu bildirib.

Ölkələrin qızıllarını ABŞ-da saxlamalarının əsas səbəblərindən biri də Nyu-Yorkun (Londrayla birlikdə) dünyanın ən mühüm qızıl ticarət mərkəzlərindən biri olmasıdır.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram