Müəllif: Tamara Mustafayeva, Banco.az
İyunun 24-26-da Çinin Tianjin şəhərində Dünya İqtisadi Forumunun (WEF) "Yay Davosu" kimi tanınan Yeni Çempionların İllik İclası keçiriləcək.
Banco.az xəbər verir ki, WEF-in açıqlamasına görə, bu il 16-cı dəfə təşkil olunacaq iclasa 90-dan çox ölkədən 1700-dən artıq hökumət, akademiya və iş dünyası nümayəndəsi qoşulacaq.
Çin Xarici İşlər Nazirliyinin sözçüsü Guo Ciakun Pekində keçirilən mətbuat konfransında Baş nazir Li Çianqın iclasın açılış mərasimində iştirak edəcəyini və burada çıxış edəcəyini bildirib.
Sözçü Guo qeyd edib ki, Ekvador Prezidenti Daniel Noboa, Sinqapurun Baş naziri Lourens Vong, Qırğızıstanın Baş naziri Adilbek Kasımaliyev, Seneqalin Baş naziri Usman Sonko və Vyetnamın Baş naziri Fam Minh Çinh də iclasda qonaq kimi iştirak edəcəklər.
Guo vurğulayıb ki, Dünya İqtisadi Forumunun Yeni Çempionlar İllik İclası Çin ilə dünya arasında iqtisadi əlaqələrin və praktik əməkdaşlığın təşviqi üçün mühüm bir platformadır. O, əlavə edib:
"Dünya hal-hazırda iqtisadi artımın zəiflədiyi, birtərəfli yanaşmaların və ticarət proteksionizminin artdığı və çoxtərəfli ticarət sisteminə zərbə vurulduğu bir dövrdən keçir. Bu şəraitdə builki iclasa əvvəlki illərlə müqayisədə daha yüksək səviyyədə iştirak müşahidə olunur ki, bu da tərəflərin iqtisadi qloballaşmanı qorumaq və Çinlə iqtisadi və ticarət əməkdaşlığını davam etdirmək istəklərini göstərir."
Dünya İqtisadi Forumunun Yeni Çempionlar İllik İclası bu il ABŞ-ın tarif artımları vasitəsilə dünya ticarətini öz xeyrinə yenidən formalaşdırmağa çalışdığı, Vaşinqtonun tarif siyasətinin yaratdığı qeyri-müəyyənliyin dünya iqtisadiyyatına təsir etdiyi bir dövrdə keçirilir. Forumda bu mövzu ətrafında müzakirələrin ön planda olması gözlənilir.
Bizi sosial şəbəkələrdən izləyin!!