Maliyyə Nazirliyi “Günay Sığorta” ASC-nin lisenziyasını bərpa edib. Bu barədə Nazirlikdən məlumat verilib. Nazirliyin məlumatında deyilir: "Lisenziyanın qüvvəsinin dayandırılmasına əsas verən halların aradan qaldırılmasının cəmiyyət tərəfindən təmin edilməsi ilə əlaqədar, Sığorta Qanunvericiliyinə uyğun olaraq, «Günay Sığorta» Açıq Səhmdar Cəmiyyətinə 14 avqust 2008-ci il tarixdə sığorta fəaliyyətinə verilmiş 042483 nömrəli lisenziyanın qüvvəsi 29 may 2014-cü il tarixdə bərpa edilib".
Xatırladaq ki, Maliyyə Nazirliyi şirkətə verdiyi lisenziyanın qüvvəsini bu il fevralın 24-dən dayandırıb. Buna səbəb kimi “Günay Sığortanın” malik olduğu kapitalın müəyyən edilmiş normadan (5 milyon manat) az olması göstərilib.
Amma bir neçə gün əvvəl “Günay Sığorta” səhm emissiyası hesabına nizamnamə kapitalını 1,2 milyon artıraraq, 5,4 milyon manata çatdırmağa nail olub.
Mənbə: fins.az