Müəllif:Ayşən İmanova/Banco.az
G7 ölkələri Rusiya mərkəzi bankının dondurulmuş aktivlərindən əldə edilən mənfəətdən istifadə etməklə Ukraynaya 50 milyard dollar kredit ayırmaq barədə razılığa gəliblər.
Banco.az xəbər verir ki, bu barədə “Bloomberg” məlumat yayıb.
“Bu kreditlərə xidmət göstəriləcək və Rusiyanın suveren aktivlərinin immobilizasiyası nəticəsində yaranan gələcək fövqəladə gəlirlər hesabına ödəniləcək. Məqsədimiz ilin sonuna qədər vəsaitlərin verilməsinə başlamaqdır”, - deyə G7-nin bəyanatında bildirilib.
G7-nin maliyyə nazirlərinin bəyanatında qeyd olunur ki, kreditlər dekabrın 1-dən başlayaraq 2027-ci ilin sonuna qədər davam edəcək bir sıra ikitərəfli kreditlər vasitəsilə Ukraynanın təcili maliyyə ehtiyaclarını əks etdirən hissələrlə ödəniləcək.
Bəyanatda ikitərəfli kreditlərin konkret məbləğləri göstərilməyib, lakin yaxın günlərdə əlavə təfərrüatların açıqlanacağı bildirilib. ABŞ 20 milyard dollar verəcəyini, 20 milyard dollarlıq daha bir kreditin Aİ-dən gələcəyini, qalan 10 milyard dolların isə Kanada, Böyük Britaniya və Yaponiya arasında bölüşdürüləcəyi bildirilib.