"Fitch": Yüksək neft qiymətləri Azərbaycanın kredit reytinqinə müsbət təsir edə bilər | Banco.az

"Fitch": Yüksək neft qiymətləri Azərbaycanın kredit reytinqinə müsbət təsir edə bilər

"Fitch Ratings" beynəlxalq reytinq agentliyi bildirir ki, Ukraynadakı müharibə və Qərbin Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalar "MDB+" regionuna daxil olan ölkələr (Türkmənistan, Azərbaycan, Ermənistan, Belarus, Gürcüstan, Özbəkistan, Qazaxıstan, Ukrayna, Rusiya) üçün mühüm şoklar yaradır.

Münaqişənin gedişi və sanksiyaların son həcmi və müddəti ilə bağlı proqnozların verilə bilinməməsi regiondaxili ticarət və maliyyə axınlarının, eləcə də nəqliyyat və logistika əlaqələrinin pozulmasının miqyası ilə bağlı qeyri-müəyyənliyə gətirib çıxarır.

Lakin elan edilmiş sanksiyaların şiddəti Rusiya iqtisadiyyatının 2022-ci ildə azalmasını qaçılmaz edir, ticarət, pul köçürmələri və turizm kanalları vasitəsilə "MDB+" ölkələrinin iqtisadiyyatlarına təzyiq göstərir.

"Fitch" qeyd edir ki, hazırda Belarus (kredit reytinqi "CCC") 2021-ci ildə ixracının təxminən 40%-ni və idxalının 50%-ni təşkil edən Rusiyadan qaynaqlanan şoklara ən çox məruz qalan ölkədir. Belarus, Rusiya (kredit reytinqi "C") və Ukraynadan (kredit reytinqi "B") başqa "Fitch" heç bir region ölkəsinin reytinqlərində və ya reytinqləri üzrə proqnozlarında dəyişiklik etməyib. Belə ki, sözügedən ölkələrin məzənnə çevikliyi şokları hələlik absorbsiya etsə də, yüksək dövlət borcları və idxal inflyasiyası onlara əlavə yük olur.

Ən sərfəli kredit üçün müraciət et

Agentliyə görə, Qazaxıstan, Türkmənistan, Azərbaycan və Özbəkistan kimi ölkələrdə böyük xarici buferlər sözügedən mənfi təsirləri aradan qaldırmaq üçün kifayət edir. Bundan əlavə, Azərbaycanın (kredit reytinqi "BB+"/"Stabil") ssenarisində yüksək karbohidrogen qiymətləri ölkənin kredit reytinqinə müsbət təsir göstərə biləcəyi bildirilir.

APA

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram