"Report": FES-in qərarı Azərbaycan manatına müsbət təsir göstərəcək
Dollar 1,50 manata kimi ucuzlaşa bilər
Federal Ehtiyat Sisteminin (FES) dünənki iclas qəbul olunan qərardan sonra dollar qlobal valyuta bazarında ucuzlaşmağa başlayıb. "Report" xəbər verir ki, FES-in uçot dərəcəsini dəyişməyərək 0,25-0,50% həddində saxlaması dünya maliyyə bazarında optimist əhavl-ruhiyyənin yaranmasına səbəb olub. Belə ki, qlobal iqtisadi böhran şəraitində investorlar daha çox vəsaitlərini ABŞ istiqrazlarına yönəltməyi düşündüyündən FES-in uçot dərəcəsini artırmaması planlaşdırılan investisiyaları bir müddət ləngidib. FES-in açıqlamaları USD/EUR məzənnəsini dünən 1,1070 səviyyəsindən 2% və ya 2,2 bənd artıraraq 1,1290 səviyyəsinə çıxmasına səbəb olub. Dünya fond birjaları və qızıl da qərara müsbət reaksiya verib. Neft qiyməti isə 38,84 dollar/barel səviyyəsindən 6,4% artaraq 41,34 dollar/barelə yüksəlib.
Azərbaycan manatının dollarla müqayisədə məzənnəsi də bu gün FES-in qərarına müsbət reaksiya verib. Belə ki, səhər saatlarında kommersiya banklarında dolların satış qiyməti 1,59 AZN/USD səviyyəsinə qədər enib. Belə ki, AMB-nin bu günə olan rəsmi məzənnəsi 1,6102 AZN/USD təşkil edib.
"Report"un analitik qrupu hesab edir ki, FES-in iyun ayında ehtimal olunan uçot dərəcəsini artırmasına qədər qlobal maliyyə bazarlarında ciddi neqativ dəyişiklik olmayacaq. Neftin qiymətinin yay aylarına qədər 50 dollar/barelə yüksəlməsi ehtimal olunur. Dolların zəifləməsi və neftin qiymətinin yüksəlməsi fonunda AZN/USD məzənnəsinin 1,50-1,55 AZN/USD səviyyəsinə qədər enməsi proqnozlaşdırılır. Lakin ilin ikinci yarısında yenidən qlobal maliyyə bazarlarının mənfi tendensiya göstərməsi, nəticədə manatın zəifləməsi və 1,80-1,90 AZN/USD-ə yaxınlaşması ehtimal edilir.