Dünyanın ən qədim kəhrəbası tapıldı | Banco.az

Dünyanın ən qədim kəhrəbası tapıldı

Müəllif:Mehin Qasımova,Banco.az

Çinin şimal-qərbində aparılan paleontoloji tədqiqatlar zamanı 385 milyon il yaşı olan mikroskopik kəhrəba parçaları aşkar edilib.

Banco.az xəbər verir ki, alimlər hesab edirlər ki, bu tapıntı kəhrəbanın mənşəyi və bitkilərin təkamülü ilə bağlı mövcud elmi təsəvvürlərə yenidən baxılmasına səbəb ola bilər.

Tədqiqat Çin Elmlər Akademiyasının paleontoloqu Cihang Luonun rəhbərlik etdiyi qrup tərəfindən Orta Devon dövrünə aid kömür qatlarında aparılıb. Mütəxəssislər yüzlərlə mikroskopik qətran qalığını müəyyən edərək onların təxminən 385 milyon il əvvəl formalaşdığını təsdiqləyiblər.

Araşdırmaya görə, bu nümunələr indiyədək məlum olan ən qədim kəhrəbadan təxminən 65 milyon il daha qədimdir. Kəşf göstərir ki, toxumsuz damar bitkiləri toxumlu bitkilər meydana çıxmazdan xeyli əvvəl mürəkkəb kimyəvi tərkibli qətran istehsal etmək qabiliyyətinə malik olublar.

Alimlər kömür nümunələrini infraqırmızı spektroskopiya üsulu ilə analiz edərək üzvi maddələri müəyyənləşdiriblər. Aparılan əlavə laboratoriya testləri nəticəsində tapılan materialın kimyəvi xüsusiyyətlərinin müasir kəhrəba ilə uyğunluq təşkil etdiyi müəyyən edilib.

Tədqiqatçılar qətranın hansı qədim bitki növü tərəfindən ifraz edildiyini hələ dəqiq müəyyənləşdirə bilməsələr də, həmin dövrdə tez-tez baş verən meşə yanğınları və parazit göbələklər kimi amillərin bitkilərdə bu müdafiə mexanizminin formalaşmasına səbəb ola biləcəyini bildirirlər.

Mütəxəssislərin fikrincə, bu kəşf bitkilərin quruda yayılması və təkamülü prosesində qətran istehsalının düşündüyümüzdən daha erkən və daha mühüm rol oynadığını göstərir.