Müəllif:Gülbəniz Hüseynli/Banco.az
Federal Açıq Bazar Komitəsinin (FOMC) iclasının yekunlarına dair məlumata əsasən ABŞ Federal Ehtiyat Sistemi baza dərəcəsini illik 5,25-5,5 % səviyyəsində saxlayıb.
FOMC üzvləri tərəfindən yekdilliklə qəbul edilən bu qərarın verilməsində məqsəd ardıcıl üçüncü dəfə uçot dərəcəsini saxlamaqdır.
Banco.az xəbər verir ki, FED-in son qərarını şərh edən iqtisadçı Pərviz Heydərov bildirib ki, dolları bahalaşdırmaq üçün atılan bu addıma ehtiyac yox idi:
“ABŞ dolları kifayət qədər möhkəm səviyyədədir. Xam neftin qiymətinin bahalaşmağa doğru deyil, məhz ucuzlaşmağa meyil göstərdiyini nəzərə alsaq buna həqiqətən də ehtiyac olmadığını qeyd edə bilərik. ABŞ iqtisadiyyatının hazırkı vəziyyəti kafidir. İqtisadi artım qənaətbəxş vəziyyətdədir, inflyasiya əvvəlki illərə nəzərən yüksəlməyə meyilli deyil. Bir sözlə ABŞ iqtisadiyyatı bugün də güclü olaraq qalmaqdadır”.
Amerikanın iqtisadi gücünün Avropa və Şərqi Asiya ölkələri ilə müqayisədə rəqabət qabiliyyətli olduğunu qeyd edən ekspert hesab edir ki, görünür, uzun müddət vəziyyət belə davam edəcək.
“Növbəti ildə FES-in iclaslarında uçot dərəcəsinin mərhələli olaraq endiriləcəyi gözlənilir. Və bu özü də qlobal iqtisadiyyatda Amerika valyutasının aparıcı rolunu artırmağa xidmət göstərəcək. Düşünürəm ki, enerji daşıyıcılarından asılı ölkələr çox güman, 2024-cü il ərzində müəyyən əziyyət çəkməli olacaqlar”.
Qeyd edək ki, ABŞ-də istehlak qiymətləri indeksi oktyabr ayı ilə müqayisədə 0,1 faiz artıb. Ötən ay inflyasiyanın dəyişməz qalmasına baxmayaraq, baza inflyasiyası bir ay əvvəlki 0,2 faizə qarşı 0,3 faiz təşkil edib. Treyderlər indi ən çox ehtimal olunan ssenari olaraq martda deyil, may ayında faiz endirimini gözləyirlər.
Xatırladaq ki, FED-in növbəti iclası 30-31 yanvar 2024-cü il tarixlərində baş tutacaq. Bazarı dəyərləndirən ekspertlərin qənaətinə görə məzənnə yenidən 92,2 faiz ehtimalla cari səviyyədə saxlana bilər.