Mərkəzi banklar qiymət stabilliyini təmin etmək üçün həyata keçirdikləri pul-kredit siyasətinin nələrə səbəb olacağı haqda aydın təsəvvürə malik olmalıdır. Pul-kredit siyasəti isə kiyafət qədər mürəkkəb mexanizmə malik olduğundan onun hansı şəkildə qiymət stabilliyini təmin etdiyini aydınlaşdırmaq da çətinləşir. Pul-kredit siyasəti və qiymətlər vasitəsilə yaradılan səbəb-nəticə əlaqəsi mərkəzi bank tərəfindən rəsmi olaraq faiz dərəcələrinin dəyişməsi ilə başlayır. Belə ki, kommersiya banklarının vəsaitə olan ehtiyacı mərkəzi bank tərəfindən təmin edilir ki, bu ehtiyacın mənbəyində əhalinin nağd pula olan tələbatının ödənilməsi, banklararası hesablaşmaların həyata keçirilməsi, mərkəzi bank tərəfindən təyin edilmiş məcburi ehtiyat norması kimi tələblərin yerinə yetirilməsi durur. Mərkəzi bank emissiya üzərində hakimiyyətə malik olduğundan onun istədiyi faiz dərəcələrini müəyyən etməsi normaldır. Bununla da, mərkəzi bank bank sistemində likvid vəsaitlərin dəyərinə təsir göstərir, banklar isə öz növbəsində verilən kreditlərin faiz dərəcələrini artırmaqla bu tip xərcləri müştərilərin üzərinə qoymağa məcbur olurlar.
Pul-kredit siyasəti alətinin fəaliyyət mexanizmi
Bununla yanaşı faiz dərəcələrinin dəyişməsi digər faizlərə müxtəlif səviyyədə olsa da təsir göstərmiş olur. Məsələn, faiz dərəcələrinin dəyişməsi bankın verdiyi qısamüddətli kredit və depozitlərin də faiz dərəcələrinin dəyişməsinə səbəb olur. Eləcə də, gələcəkdə faiz dərəcələrinin dəyişməsinin gözlənilməsi də uzunmüddətli kreditlərin faiz dərəcələrində dəyişikliklərə səbəb olacaq. Lakin ümumilikdə, faiz dərəcələrindəki dəyişiklik birbaşa olaraq uzunmüddətli ödəmələr üçün faiz dərəcələrinə təsir göstərmir. Bu onunla bağlıdır ki, bu tip faiz dərəcələri uzunmüddətli iqtisadi artım və inflyasiya səviyyəsi ilə bağlı bazar gözləntilərinə əsasən müəyyən olunur. Pul-kredit siyasəti təkcə maliyyə bazarının quruluşuna deyil, həm də bazar gözləntilərinə təsir göstərdiyindən, o həm də aktivlərin qiyməti (birja kotirovkaları) və valyuta məzənnələri kimi digər maliyyə göstəricilərinə təsir göstərmiş olar. Bu isə öz növbəsində ev təsərrüfatı və firmaların fəaliyyətinə təsir göstərir. Məsələn, faiz dərəcələrinin artması iqtisadi subyektlər tərəfindən mal və xidmətlərin istehlakı, eləcə də investisiyanın maliyyələşdirilməsi üçün kredit götürülməsini əngəlləyir. Buna görə də ev təsərrüfatı formalarına əllərində olan sərbəst pul vəsaitlərini istehlak etmək deyil, onları depozit olaraq vermək daha çox sərf edir, çünki onlar yüksək gəlir gətirməyə başlayır. Bundan əlavə, faiz dərəcələrinin dəyişməsi kredit təklifinə də təsir göstərə bilər. Məsələn, faiz dərəcələrinin artması ilə bir sıra borcalanların borclarını ödəyə bilməmə ehtimalı da artır ki, bu da elə bir səviyyəyə çata bilər ki, banklar artıq belə borcalanlara kredit verməyə bilər. Nəticədə, belə borcalanlar yeni məhsul və xidmətlərin istehlak edilməsi və invesitisiya planlarını təxirə salacaqlar.