Etibarnamə vasitəsilə vətəndaşlar başqasının adından bir çox prosedurlar həyata keçirmək imkanına malikdirlər. Bəs etibarnamələr onu verən şəxsin adından bankdan kredit götürmək üçün də keçərlidirmi?
Mövzu ilə əlaqədar sualı vəkil Vüqar Babayev cavablandırıb.
O, etibarnamə vasitəsilə bankdan kredit götürməyin mümkün olduğunu bildirib.
“Etibarnamə etibar edənin etibar edilənə verdiyi səlahiyyətlərin çərçivəsinin müəyyən edildiyi sənəd formasıdır. Etibarnaməni alan şəxs ona etibar edən şəxsin mənafeyinə zidd heç bir hərəkət edə bilməz. Yəni, əgər orda etibarnaməni verən şəxs etibar etdiyi şəxsə onun adından kredit götürmək səlahiyyəti veribsə, bu, mümkündür”, – deyə vəkil qeyd edib.
V. Babayevin sözlərinə görə, qanunvericilik etibarnamə ilə bankdan kredit götürülməsinə icazə versə də, bir çox hallarda banklar bundan imtina edir:
“Banklar adətən etibarnamə ilə kredit götürülməsinə icazə vermirlər Bununla, onlar özlərini gələcəkdə yarana biləcək mübahisələrdən sığortalamaq istəyirlər. Çünki etibarnaməni verən şəxs etibar etdiyi şəxsə kredit götürmək barədə tapşırıq vermədiyini, götürülən kreditin ona çatmadığını deyə bilər. Ona görə də banklar çox nadir hallarda etibarnamə vasitləsilə vətəndaşlara kredit verirlər”.
e-huquq.az
Bizi sosial şəbəkələrdən izləyin!!