Ən çox yüklənən tətbiq hansıdır? | Banco.az

Ən çox yüklənən tətbiq hansıdır?

App Store-dakı pulsuz tətbiqlərin arasında TikTok və Google-dan sonra ən çox yüklənən üçüncü proqram Zoom hesab olunur. “Tarixdə ilk dəfə biznes-tətbiq bu yerdə qərarlaşıb”, — Zoom rəhbəri Erik Yuan vurğulayır, —“Deməli, insanlarda maraq oyadır”. Qeyd edək ki, Yuan “Forbes”in milyarderlərin qlobal reytinqində 281-ci yeri tutur, sərvəti 6,4 milyard dollar dəyərində qiymətləndirilir.

Zoom video-konfrans servisi müəssisələrə işlərini davam etdirməyə, məktəbli və tələbələrə isə bütün dünyada karantin olmasına baxmayaraq öyrənməyə kömək edir. Şirkət keçən il IPO keçirdiyi dövrlərdə fəlakətlər zamanı zəruri olacaq iş planı hazırlamışdı. O vaxtdan bəri Zoom səhmləri 125% bahalaşıb, servis özü isə uzaqdan işləyənlər üçün ən populyar vasitələrdən birinə çevrilib.

Apptopia araşdırma şirkətinin məlumatına görə, mart ayının 11-də bütün dünyada 343 000 insan Zoom tətbiqini yükləyib, onlardan 60 000-i təkcə ABŞ-dan idi (Həmin gün şirkətin baş direktoru Erik Yuan şəxsən məktəblər üçün pulsuz hesabları uzaqdan qeydiyyata almışdı). Cəmi iki ay əvvəl bu göstərici dünya üzrə 90 000, ABŞ üzrə isə 27 000 nəfər idi. Zoom özü performansını açıqlamır və Apptopia şirkətinin hesabatına şərh verməkdən imtina edir.

Yuan böhrana sürətli şəkildə cavab verdi, belə ki, Çin və pandemiyadan zərər çəkmiş digər ölkələrdə video-çatın müddət məhdudiyyətlərini aradan qaldırdı. Üstəlik, Yaponiya, İtaliya və ABŞ-da pandemiyadan təsirlənmiş bütün orta məktəblər üçün məhdudiyyətin götürülməsinə qərar verdi.

Zoom nümayəndəsinin sözlərinə görə, pulsuz baza hesabları Avstriya, Danimarka, Fransa, İrlandiya, Polşa, Rumıniya və Cənubi Koreyada da keçərlidir. “Bir çox orta məktəb bağlanmağa başladıqda növbəti gündən etibarən ölkənin bütün məktəblərinə Zoom girişi təklif etmək qərarına gəldik”, — Yuan söyləyir.

Bu cür səxavət Yuan üçün ilk deyil. 2011-ci ildə Zoom qurulduğu gündən bəri qeyri-kommersiya təşkilatlarına və ehtiyac duyan başqa müəssisələrə onlayn tətbiqə pulsuz giriş təmin edib. Lakin indi biznesmenin hərəkətləri qlobal əhəmiyyət qazanır, çünki Zoom uzaqdan iş iqtisadiyyatı üçün ən çox tələb olunan vasitələrdən birinə çevrilib.

Zoom yeni tendensiyadan faydalanan yeganə servis deyil. Analitiklər Dropbox fayl mübadiləsi saytı, DocuSign elektron imza xidməti və Everbridge fövqəladə xəbərdarlıq vasitəsi kimi digər şirkətləri də sadalayırlar. Lakin heç də hamısı Zoom kimi yüksək qiymətləndirilmir. 26 mart tarixinin məlumatlarına əsasən, 2019-cu ildə baş tutmuş IPO-dan sonra Zoom səhmləri 125% bahalaşıb və nəticədə sahibi milyarderə çevrilib.

Zoom Wall Street-də populyarlaşmaqla yanaşı Twitterdə də tendensiyaya çevrilib. Yuan artıq evdən işləyənlərə daha yaxşı xidmət göstərə bilmək üçün üzün işıqlandırılmasından tutmuş mühazirələrin oxunmasına qədər tətbiqin bir sıra funksiyaları üzərində çalışır.

Erik Yuan qeyd edir ki, Zoom bu ilin yanvarında, artıq koronavirus Çində biznesi iflic edən zaman genişmiqyaslı dəyişikliklərə hazırlaşmağa başlamışdı. Həmin dövrdə Walmart və Dell kimi müştəriləri narahat olduqlarını və yerli işçilərinin Zoom vasitəsilə əlaqə saxlaya bilib-bilməyəcəklərinə görə nigaran olduqlarını bildirməyə başlamışdılar.

Ən sərfəli kredit üçün müraciət et

Birjaya girməyə hazırlaşarkən Zoom şirkətin işçilərini təbii fəlakətlərə hazırlıqlı olmaları məqsədilə təlimatlandırmışdı, halbuki şirkət belə bir fəlakətin pandemiya olacağını gözləmirdi. İndiyə qədər dünyanın 17

data mərkəzinə yayılmış Zoom serverləri artan video konfrans və zənglərin öhdəsindən gəlməkdədir. Şirkət dünyadakı, o cümlədən Çin və Malayziyadakı səriştəli mühəndis qrupları sayəsində sistemlərini 24 saat nəzarətdə saxlamaq imkanına sahibdir.

Zoom bir çox şirkətin uzaqdan iş şəraitinə keçməsindən sonra alınan rəyləri nəzərə alaraq yeni funksiyalar üzərində işləyir. Bunlardan biri qismən İnstagram və Snapchat kimi istehlakçı tətbiqlərini xatırladan, şəxsin üzünü daha yaxşı göstərən filter təqdim edən vasitədir. “Yalnız bir funksiya ilə görünüşünüzü müəyyən qədər yaxşılaşdırmaq istəyirik”, — Erik Yuan vurğulayır.

Həmçinin oxu: Məşhur şirkət tibb işçiləri üçün istehsala başlayır

İnkişaf mərhələsindəki başqa bir funksiyanı Zoom vasitəsilə mühazirə oxuyan bir müəllim icad edib. Bu funksiya bütün şagirdlərin videolarını eyni bucaq altında çəkilmiş kimi göstərməyə imkan verir. Beləliklə, müəllimlər şagirdlərin mühazirəyə necə reaksiya verdiyini və nə dərəcədə diqqətlə dinlədiklərini sanki hamısı auditoriyada cismən iştirak edirmiş kimi müşahidə edə biləcəklər.

Şirkətin bu fəlakətdən nə qədər qazandığı başqa bir həssas məsələdir. Yuan pandemiyadan zərər çəkmiş bölgələrdə (Çində, sonra İtaliyada və Amerika məktəblərində) proqrama məhdudiyyətsiz pulsuz giriş vermək qərarının tabeliyində olanlar arasında yekdil şəkildə qəbul olunduğunu söyləyib. “Komandama dedim ki, böhrandan marketinq və satış məqsədi ilə istifadə etməyəcəyik, müştərinin qayğısına qalacağıq. Bunun üzərindən pul qazanmağa çalışmaq dəhşətli bir korporativ mədəniyyətdir”, — milyarder söylədi.

Baza böyüməsinin əhəmiyyətli hissəsi sonradan pullu müştəriyə çevrilməmək ehtimalı olan pulsuz istifadəçilərin payına düşür. “Zoom sosial məsuliyyətli korporasiyadır. Onlar sırf pul qazanmağa köklənməyiblər, yardım etməyə çalışırlar. Hesab edirik ki, nüfuz özü də çox şey deməkdir”, — Sterlinq Ooti, JPMorgan Equity Research analitiki bildirib.

Həmçinin oxu: Karantin dövründə pulunuza necə qənaət edə bilərsiniz?

Nigar Umaxanlı, Banco.az