Əmr icraatı nədir? | Banco.az

Əmr icraatı nədir?

Son zamanlar krediti olanlar tərəfindən mənə edilən müraciətlərin xeyli hissəsi əmr icraatı ilə bağlıdır. Məhkəmələr kütləvi şəkildə bankların müraciəti əsasında borclulara qarşı əmrlər çıxarır. Banklar da borclulara bunu təxmini belə izah edir: “görürsüz, məhkəmələr bizim tərəfimizdədir, heç sizi çağırmadan əleyhinizə qərar çıxarırlar”. Hüquqşünas, Əkrəm Həsənov belə vəziyyəti düzgün hesab etməyərək, öz etirazını bildirir.

Əmr icraatı sadələşdirilmiş icraat növüdür. Mülki Prosessual Məcəllənin 23-cü fəsli ilə tənzimlənir. Əsasən pul tələbinə aiddir. Məsələn, vətəndaş bankdan kredit götürüb və hər hansı səbəbdən ödəmir. Bank məhkəməyə ərizə ilə müraciət edir və borcluya qarşı əmr verməsini xahiş edir. Məhkəmə 3 gün ərzində ya ərizəni rədd edir, ya da tərəfləri çağırmadan, baxış keçirmədən borcun ödənilməsinə dair əmr verir.

Lakin əmri aldıqdan sonra borclu 10 gün ərzində həmin məhkəməyə yazılı etirazını bildirə bilər. Etirazın əsaslandırılmasına ehtiyac yoxdur. Sadəcə yaza bilər ki, etiraz edirəm filan saylı filan tarixli əmrə qarşı (bunun üçün xüsusi bilik lazım deyil). Bundan sonra məhkəmə əmri ləğv etməli və işə iddia icraatı qaydasında baxmalıdır. Yəni tərəflərin iştirakı ilə iclaslar keçirməlidir. Həmin iclaslarda təbii ki, borclu bütün əks-arqumentlərini irəli sürə bilər.

Ən sərfəli kredit üçün müraciət et

Göründüyü kimi, banklarbəzən əmr icraatını hədə-qorxu vasitəsi kimi istifadə edirlər. Dəfələrlə demişəm ki, bankların bağldadığı kredit və zaminlik müqavilələrində çoxsaylı qanun pozuntuları var (bəziləri bilərəkdən, bəzliləri isə bank işçilərinin savadsızlığından edilib). Buna görə də banklar məhkəmə proseslərindən daha çox qorxur. Borclulara əmrlərə qarşı etiraz etməyi və haqlarını məhkəmə iclaslarında müdafiə etməyi tövsiyə edirəm. Əmlakınız yoxdursa, sizə qarşı heç nə edə bilməzlər. Məhkəmə əleyhinizə qərar versə belə. Bunu bir dəfə icraçıya başa salın və tələb edin ki, sizi daha narahat etməsin, vəssalam! Əmlakınız varsa, ən azı borcun qalıq məbləğinin və faiz dərəcəsinin məhkəmə tərəfindən azaldılmasını tələb edə bilərsiz. Çünki ən azı bank qanunsuz olaraq faizləri sizdən ildə deyil, ayda bir dəfə tutub. Digər tərəfdən isə Konstitusiya Məhkəməsi may ayında banklardan faiz dərəcəsini endirməyi və digər güzəştlər tətbiq etməyi tələb edib. Banklardan bəziləri hələ də bu tələbə əməl etməyib. Buna görə haqlı tərəf sizsiniz !