Əmlakın qiymətləndirilməsi necə həyata keçirilir? - EKSPERT RƏYİ | Banco.az

Əmlakın qiymətləndirilməsi necə həyata keçirilir? - EKSPERT RƏYİ

Əmlakın qiymətləndirilməsi həm fiziki, həm də hüquqi şəxslər üçün olduqca mühüm əhəmiyyət kəsb edir. Bəs bu prosesin gedişatı və həyata keçirilmə mərhələləri hansı formada həyata keçirilir?

Həmçinin oxu: Etibarnamə ilə avtomobil almaq təhlükəlidirmi? - MÜSAHİBƏ

Banco.az sözügedən məsələylə bağlı vəkil Cavid Sultanovun fikirlərini təqdim edir:

Azərbaycan Respublikasının hüquqi və fiziki şəxslərinin öz əmlakını qiymətləndirmək hüququ vardır. Qiymətləndirici tərəfindən obyektin qiymətləndirilməsi üçün əsas sifarişçi ilə bağladığı müqavilədir. Mülki qanunvericilikdə nəzərdə tutulmuş hallarda obyektin qiymətləndirilməsi məhkəmənin ekspertiza haqqında, o cümlədən təkrar ekspertiza haqqında qərarı əsasında da aparıla bilər. Belə hallarda məhkəmə qiymətləndirici seçməkdə tam müstəqildir. Lakin aşağıdakı hallarda əmlakın qiymətləndirilməsi məcburi qaydada aparılır:

  • dövlət əmlakının dəyəri özəlləşdirilmə və ya etimadlı idarəetməyə verilmə məqsədilə müəyyən edildikdə;
  • dövlət və bələdiyyə əmlakı girov məqsədləri üçün istifadə olunduqda;
  • dövlət və bələdiyyə əmlakı satıldıqda və ya borc öhdəlikləri ilə bağlı olaraq başqasına verildikdə;
  • mülkiyyətçilərin əmlakı Azərbaycan Respublikasının Mülki Məcəlləsində və “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş hallarda və şərtlərlə dövlət ehtiyacları üçün alındıqda;
  • dövlət mülkiyyətində olan əsas fondlar yenidən qiymətləndirildikdə;
  • icbari sığorta növləri üzrə sığorta hadisəsinin baş verməsi nəticəsində sığortalanmış dövlət və bələdiyyə əmlakına dəyən zərər müəyyən edildikdə;
  • məhkəmə hökmünün və ya qərarının təmin edilməsi məqsədi ilə əmlakın qiymətləndirilməsinə zərurət olduqda; (bu halda qiymətləndirmə əmlakın mülkiyyətçisi olan şəxslərin sifarişi ilə qiymətləndirici tərəfindən və ya qanunvericiliyə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanı tərəfindən aparılır);
  • etimadlı idarəetmədə olan əmlaka sahiblik hüququ dəyişilərkən əmlakın dəyəri haqqında mübahisə yarandıqda;
  • boşanan ər-arvadın birinin və ya hər ikisinin tələbi ilə əmlakın bölüşdürülməsi zamanı bu əmlakın dəyəri haqqında mübahisə yarandıqda;
  • səhmdar cəmiyyətlərinin birləşdirilməsi və ya ayrılması zamanı onlara məxsus əmlakın dəyəri haqqında mübahisə yarandıqda;
  • vərəsəlik məsələləri ilə bağlı mübahisələrin həlli zamanı.

Qiymətləndirici və sifarişçi qanunvericiliyin və qiymətləndirmə haqqında müqavilədə göstərilən şərtlərin pozulmasına görə qanunvericilikdə nəzərdə tutulan qaydada məsuliyyət daşıyır.

Ən sərfəli kredit üçün müraciət et

Aida İSAQ, Banco.az

Ən sərfəli krediti almaq üçün müraciət et