Avtomobillərin nisbətən rahat, komfortlu, sürətli olması maşın bazarına təlabatı günü-gündən artırır. Müəyyən qədər maddi baza toplamaq istədiyiniz modeldə olan avtomobili əldə etməyinizi asanlaşdırır. Hazırda ölkəmizdə avtomobil sahibi olmaq üçün kifayət qədər sərfəli imkanlar var. Bunu müxtəlif formalarda gerçəkləşdirmək mümkündür: birbaşa ödənişi tam şəkildə ödəyərək, kreditə götürərək, etibarnamə ilə və s.
Mövcud praktikada bir çoxları avtomobili etibarnamə ilə idarə edir. Yəni başqa bir şəxsdən avtomobil alır amma onu öz adına keçirtmək əvəzinə avtomobili "generalnıy" deyilən etibarnamə ilə idarə edir. Daha sonra o da başqa bir şəxsə etibarnamə ilə avtomobili satır. Amma unutmaq olmaz ki, sizə verilən, və ya sizin verdiyiniz etibarnamə o qədər də etibarlı sənəd deyil: Birincisi bu sənəd alqı- satqını təsdiqləmir və siz avtomobilin mülkiyyətçisi deyilsiz, ikincisi etibarnamənin qüvvədən düşmə təhlükəsi hər an var.
Müvafiq prosesin gedişatı və daha dəqiq detalları ilə bağlı hüquqşünas Vüsal Səfərov Banco.az-a müsahibə verib.
Ümumiyyətlə etibarnamə nə üçün verilir?
"Mülki Məcəllənin 362-ci maddəsinə görə, bir şəxsin 3-cü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi vəkalət etibarnamə sayılır. Təmsil edilən təmsilçinin əqd bağlaması üçün yazılı vəkaləti bilavasitə müvafiq 3-cü şəxsə təqdim edə bilər. Mulki Məcəllənin 363.2-ci maddəsində isə qeyd olunub ki, xaricdə hərəkətlərin yerinə yetirilməsi üçün nəzərdə tutulan və qüvvədə olma müddəti göstərilməyən etibarnamə notarius tərəfindən təsdiqləndikdə, o, həmin sənədi vermiş şəxs tərəfindən ləğv edilənədək qüvvəsini saxlayır. 364-cü maddənin bəndlərində göstərilib ki, etibarnamə verilmiş şəxs vəkil edildiyi hərəkətləri şəxsən özü etməlidir. O, etibarnamə ilə buna vəkil edildikdə, yaxud etibarnaməni verənin mənafelərinin qorunması üçün şəraitin buna məcbur etdiyi halda həmin hərəkətlərin icrasını başqa şəxsə etibar edə bilər.Bundan başqa, səlahiyyətləri başqa şəxsə verən bunu etibarnaməni verənə bildirməli və ona səlahiyyətləri verdiyi şəxs haqqında lazımi məlumat verməlidir. Bu vəzifənin icra edilməməsi səlahiyyəti verənin üzərinə səlahiyyətləri verdiyi şəxsin hərəkətləri üçün öz hərəkətlərinə olduğu kimi məsuliyyət qoyur. Etibar edilmişi başqasına etibarnamə qaydasında verilmiş etibarnamənin qüvvədə olma müddəti onun verilməsi üçün əsas götürülmüş etibarnamənin qüvvədə olma müddətindən artıq ola bilməz.Yəni etibarnamə verən şəxs sizə öz əmlakını və ya hərəkətlərini Satmır. Etibar edir.
Etibarnamə ləğv oluna bilərmi ?
"Mülki Məcəllənin 365-ci maddəsinin bəndlərinə əsasən, müddəti bitdikdə, sənəddə nəzərdə tutulan hərəkətlər həyata keçirildikdə, onu vermiş şəxs etibarnaməni ləğv etdikdə, sözügedən vəkalətin verildiyi şəxs imtina etdikdə, adından, həmçinin adına etibarnamə verilmiş hüquqi şəxslərə xitam verildikdə, etibarnaməni vermiş fiziki şəxs öldükdə, fəaliyyət qabiliyyəti olmayan, məhdud fəaliyyət qabiliyyəti və ya xəbərsiz itkin düşmüş sayıldıqda sözügedən sənəd qüvvədən düşür."
Vüsal Səfərov qeyd edib ki, mövcud məhkəmə praktikasında qarşılaşdığımız hallar ondan ibarətdir ki, avtomobilin etibarnamə ilə başqa şəxsə “satılmasında”və “alınmasında”ən çox rast gəlinən problemlərdən biri avtomobilin mülkiyyətçisinin yəni qeydiyyat şəhadətnaməsində avtomobil adına olan şəxsin banka kredit borcları üzündən yaranır. Belə ki, borcun ödənilməsi barədə məhkəmə qərarı olan zaman icra məmuru yol polisinə sorğu verir və məlum olur ki, həmin şəxsin mülkiyyətində avtomobil var. Həmin avtomobil üzərinə həbs qoyulur və hərrac vasitəsi ilə satılaraq, banka olan borc ödənilir. Həmin avtomobilin etibarnamə ilə faktiki başqa şəxsə satılmasının sübut etmək isə həddindən artıq çətin, hətta bəzən mümkünsüz olur. Yəni avtomobili etibarnamə ilə almış faktiki sahib məhkəmədə hüquqi cəhətdən haqsız duruma düşür. Etibarnamə ilə avtomobil alan şəxs boşanma halalrının da əlavə qurbanlarından birinə çevrilə bilər. Belə ki, nikah dövründə ər öz adına olan və nikah dövründə alınmış avtomobili etibarnamə ilə digər şəxsə satır. Təbii ki, avtomobil etibarnamə ilə satıldığından, mülkiyyətçi elə əvvəlki şəxs qalır. Bir müddət sonra, ər-arvad boşanırlar. Boşanma prosesində, əmlak bölgüsünə dair mübahisə açılır və avtomobili satmış şəxsin həyat yoldaşı avtomobilin birgə nikah dövründə alındığını iddia edərək, onun bölünməsini tələb edir. Belə olan halda həmin avtomobil təbii ki, onu etibarnamə ilə almış şəxsdən geri alınmalıdır. Digər problem avtomobilə qəza zamanı dəymiş ziyanın ödənilməsi ilə bağlı məhkəmədə iddia qaldıran zaman ortaya çıxır. Belə ki, qəzada digər sürücünün günahkar olması səbəilə avtomobilə ziyan dəyibsə, ziyanın ödənilməsi üçün mülki qaydada həmin sürücüyə qarşı iddia qaldırılmalıdır. Mülki iddianı isə yalnız avtomobilin mülkiyyətçisi qaldıra bilər. Avtomobili etibarnamə ilə almış şəxs isə mülkiyyətçi sayılmadığı üçün iddiaçı qismində məhkəməyə müraciət edə bilmir. Bu zaman avtpmobil kimin adınadırsa onu tapmalı, iddia qaldırmağa razı salmalı, yaxud, məhkəmədə təmsilçilik üçün əlavə etibarnamə almaq lazım olur. Mülkiyyətçinin başqa şəhərdə, yaxud ölkə xaricində yaşaması, bir çox hallarda “mən maşını sənə satmışam, özün bilərsən”, deyərək. iddia qaldırmaqdan imtina etməsi də bu problemlər sırasındadır. Bundan başqa, etibarnamə verən şəxs vəfat etdikdə də qüvvədən düşmüş sayılır. Yəni avtomobili etibarnamə ilə satmış şəxs vəfat etdikdə, onun verdiyi etibarnamə öz qüvvəsini artıq itirir . Yenə də avtomobili almış şəxs pis vəziyyətdə qalır. Belə olan halda, avtomobili almış şəxs məcburdur ki, avtomobilin vərəsələrdən birinin adına rəsmiləşdirilməsini gözləsin və yalnız bundan sonra həmin vərəsə tərəfindən ona etibarnamə verilməsinə nail olsun. Təbii ki, vərəsə etibarnamə verməkdən imtina da edə bilər.
Bəs bunun qarşısını necə almalı? Avtomobili necə adınıza keçirdə bilərsiniz?
Əgər Siz alqı satqı müqaviləsi ilə deyil etibarnamə ilə avtomobili əldə etmisizsə dərhal başqa bir şəxsə "generalnıy" (baş) etibarnamə verirsiz, həmin şəxs avtomobili qeydiyyatda olduğu ərazidən çıxardır, aranızda bağışlama sənədi imzalanır.(Alqı-satqı da ola bilər) və sonda avtomobili adınıza qeydiyyata keçirdə bilərsiniz.
Aida İSAQ, Banco.az