Əmanətçi vəfat edərsə əmanətin taleyi necə olur? | Banco.az

Əmanətçi vəfat edərsə əmanətin taleyi necə olur?

Əmanət yerləşdirərkən bank seçməkdə sərbəstsiniz. Hansı bankda istəsəniz istənilən sayda əmanət hesabı aça bilərsiniz. Yetər ki, pulunuz olsun. Allah göstərməsin bəs əmanətçi vəfat edərsə əmanətin taleyi necə olur?

Banklar və bank fəaliyyəti haqqında qanunun əmanət və əmanətçilərə dair maddələrini nəzərinizə çatdırıram.

Azərbaycan Respublikasında əhalinin əmanət qoyuluşları bütün banklar tərəfindən qəbul edilə bilər.

Banklar əhalinin əmanətlərinin qəbulu sahəsində həyata keçirdikləri əməliyyatların şərtlərini özləri müəyyən edirlər.

Banklar vəsaitin salamatlığını və əmanətçilər qarşısında öhdəliklərin vaxtında icra olunmasını təmin etməlidirlər.

Banklar Mərkəzi Bankın müəyyən etdiyi qaydada və şərtlərlə banklararası fondlar yaradaraq əhalinin əmanətlərini sığorta etməlidirlər.

Azərbaycan Respublikasının vətəndaşları, xarici vətəndaşlar və vətəndaşlığı olmayan şəxslər bankların əmanətçiləri ola bilərlər.

Əmanətçilər öz əmanətlərinin saxlanması üçün bank seçməkdə sərbəstdirlər; bir və ya bir neçə bankda əmanət saxlaya bilərlər.

Banklar əmanətə pul qəbul edərkən əmanətçiyə əmanətin qəbulunu təsdiq edən sənəd verirlər.

Əmanətçilər öz əmanətləri barəsində sərəncam verə bilər, əmanətlər üzrə faizlər şəklində və ya bankların təklif etdikləri, digər formada gəlir əldə edə bilər, nağdsız hesablaşmalar apara bilərlər.

Ən sərfəli kredit üçün müraciət et

Əmanətçinin hüququ var banka sərəncam versin ki, vəfat edərsə əmanətini hər hansı bir şəxsə və ya dövlətə versin.

Deməli, barəsində sərəncam verilmiş əmanət üzrə əmanətçi vəfat edərsə, əmanət müavilə üzrə sərəncam verilmiş şəxsə keçir.

Barəsində sərəncam verilməmiş əmanəti banklar əmanətçinin vəfat etdiyi halda Azərbaycan Respublikasının qanunvericiliyində müəyyən edilmiş qaydada varislərə verir. Əmanətlər üzrə qanuni varis tapılmadıqda 10 il ərzində ildə bir dəfədən az olmayaraq həmin əmanətlər hesabına rəsmi qəzetlərdə elanlar verilərək qanuni varis axtarılır. Qanuni varisi tapılmayan əmanətlər büdcə mədaxilinə keçirilir.

Öz adına əmanət qoymuş yetkinlik yaşına çatmayan bu əmanət barəsində özü sərəncam verir.

Yetkinlik yaşına çatmayanın adına hər hansı şəxs tərəfindən qoyulmuş əmanətlər barəsində aşağıdakılar sərəncam verirlər:

o, 15 yaşına çatanadək—valideynləri və ya başqa qanuni nümayəndələri;

o, 15 yaşına çatdıqdan sonra—özü, lakin valideynlərinin və, ya başqa qanuni nümayəndələrinin razılığı ilə.

Müəllif: Nüsrət Xəlilov