Əhalinin kreditlərdən asılılığı niyə artır? | Banco.az

Əhalinin kreditlərdən asılılığı niyə artır?

Müəllif: Gülnar Əhmədli, Banco.az

Son dövrlərdə əhalinin kredit asılığı artıb. Artıq vətəndaşlar gündəlik xərclər üçün də kredit götürülür, halbuki əvvəllər biznes, məişət əşyaları, avtomobil və s. üçün daha çox alınırdı kreditlər. Bunun əsas səbəbləri nələrdir? Niyə borcdan asılılıq artıb?

İqtisadçı Rəşad Həsənov Banco.az-a açıqlamasında bildirib ki, son illərdə əhalinin borc yükünün, o cümlədən kredit öhdəliklərinin artmasını şərtləndirən müxtəlif faktorlar formalaşıb:

"Bu faktorlar fonunda yaranmış konyunktur əhalinin borclanması istiqamətində təzyiqləri ciddi şəkildə artırır. Bunlardan biri post-pandemiya və Rusiya-Ukrayna konfliktindən sonrakı dəyər zəncirində yaranmış fasilələr və bunun yaratdığı qiymət artımı təzyiqləridir.

Azərbaycanda idxal inflyasiyası bu fonda xüsusilə önə çıxaraq ümumi inflyasiya səviyyəsinin gündəlik tələbat məhsulları və qida məhsulları üzrə daha yüksək olmasını şərtləndirib. 2025-ci il üzrə açıqlanan rəsmi göstəricilər göstərir ki, qida məhsullarının qiymətləri son 12 ay ərzində 6,5 faizdən yuxarı artmışdır. Tütün məmulatları, spirtli içkilər və digər içkilərin qiymətləri isə 6 faizdən artıq yüksəlmişdir. Bunlar rəsmi göstəricilərdir və real bazar göstəricilərinin daha yüksək olması ilə bağlı kifayət qədər əsaslandırılmış qənaətlər mövcuddur".

İqtisadçının sözlərinə görə, xidmətlər sahəsində qiymət artımları da nəzərə alındıqda bu proseslər nəticə etibarilə gəlir artımı səviyyəsinin xərc artımı səviyyəsindən geri qalmasına gətirib çıxarmaqla yoxsulluq səviyyəsi üzrə təzyiqləri artırıb: "Məsələn, 2019-cu ildə hökumətin açıqladığı rəsmi rəqəmlərə görə Azərbaycanda yoxsulluq səviyyəsi 4,8 faiz olduğu halda, 2024-cü ildə bu göstərici artıq 5,3 faizə yüksəlmişdir. Bu isə təxminən 70 min nəfərə yaxın əlavə şəxsin yoxsul kateqoriyasına daxil olması deməkdir.

Eyni zamanda yoxsullaşma təzyiqləri kənd yerləri səviyyəsində də müşahidə olunur. Belə ki, 2019-cu ildə kənd əhalisi arasında yoxsulluq səviyyəsi 5,2 faiz idisə, 2024-cü ildə bu göstərici 6,2 faizə yüksəlmişdir. Yəni son beş il ərzində kənd yerlərində yoxsulluq səviyyəsi 1 faiz bəndi artıb".

R. Həsənov həmçinin qeyd edib ki, digər indikatorlara diqqət yetirdikdə də oxşar mənzərə ortaya çıxır: "Məsələn, Dövlət Statistika Komitəsi tərəfindən 2025-ci il üzrə açıqlanan pərakəndə ticarət dövriyyəsi göstəricilərinə əsasən, adambaşına düşən qida və qeyri-qida məhsullarının istehlakı məqsədilə sərf olunan orta aylıq məbləğ 550 manatdan yuxarı olmuşdur. Bunun təxminən 300 manatı qida məhsullarının payına düşüb:

"Lakin bu fonda əhalinin gəlirlərinə baxdıqda vəziyyətin o qədər də ürəkaçan olmadığı görünür. Belə ki, desillər üzrə gəlir bölgüsünü təhlil etdikdə, Dövlət Statistika Komitəsinin 2024-cü ildə ailə təsərrüfatları arasında keçirdiyi sorğuya əsasən, dörd sosial qrup daxil olmaqla əhalinin təxminən 40 faizinin aylıq gəlirlərinin 317 manata qədər olduğu məlum olur. Bu göstərici faktiki olaraq yalnız ərzaq xərclərini qarşılaya bilən səviyyəyə uyğundur.

Əhalinin cəmi 10 faizinin aylıq gəlirləri 530 manatdan yuxarı olub. Bu isə onu deməyə əsas verir ki, əhalinin 90 faizi qida və qeyri-qida məhsulları üzrə adambaşına düşən orta xərclərdən daha az gəlir əldə edir. Xidmət xərcləri də nəzərə alındıqda, vəziyyətin daha da ağırlaşdığı görünür.

2025-ci ilin mövcud konyunkturu adambaşına ay ərzində təxminən 850 manat gəlirin əldə olunmasını zəruri edir. Bunun təxminən 550 manatı qida və qeyri-qida məhsullarına, 300 manatdan artıq hissəsi isə xidmətlər üzrə xərclərə yönəlir. Xidmətlərin ümumi istehlak xərclərindəki payı əvvəlki illərin göstəricilərinə əsasən təxminən 35 faiz təşkil edir. Lakin aparılan təhlillər göstərir ki, əhalinin cəmi 5–6 faizinin gəlirləri bu səviyyəyə adekvatdır".

"Hətta gəlirlərin ən yüksək olduğu regionlarda belə vəziyyət narahatedici olaraq qalır. Belə ki, Bakı şəhəri üzrə 2025-ci ildə əldə olunan gəlirlərin təhlili göstərir ki, əhalinin 28 faizinin aylıq gəlirləri 300 manatdan aşağıdır. Bu isə o deməkdir ki, həmin əhali qrupu yalnız qida xərclərini qarşılaya biləcək səviyyədə gəlir əldə edir. Əhalinin 78 faizinin gəlirləri 550 manatdan aşağı olmuşdur ki, bu da onların yalnız qida və qeyri-qida məhsulları üzrə xərcləri ödəyə bildiyini göstərir. Xidmət xərcləri nəzərə alındıqda isə mövcud vəziyyətin nə qədər ciddi olduğu daha aydın görünür", - iqtisadçı əlavə edib.

R. Həsənov belə bir konyunktur şəraitində borclanma zərurətinin qaçılmaz şəkildə artdığını vurğulayıb: "Hətta gündəlik tələbat və qida məhsullarının istehlakı istiqamətində belə borclanma ehtiyacları formalaşır. Bütün sadalanan faktorlarla yanaşı, son illərdə kredit kartları praktikasının geniş yayılması da əhalinin istehlak məqsədilə borclanma səviyyəsinə təsir göstərib. Xüsusilə 2024-cü ildən etibarən davranış əsaslı kreditləşməyə şəraitin yaradılması, bankların daha rahat şəkildə istehlak kreditləri və kiçik məbləğli kredit məhsulları təklif etməsi ümumi borc səviyyəsinin artmasını daha da sürətləndirib".

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram