“Əhali alternativ investisiya sahəsi görmədiyi üçün dollara yatırım edir” – Vüsalə Əhmədova ilə müsahibə | Banco.az

“Əhali alternativ investisiya sahəsi görmədiyi üçün dollara yatırım edir” – Vüsalə Əhmədova ilə müsahibə

Müəllif:Gülbəniz Hüseynli/Banco.az

Son dövrlərdə qızılın qiymətində nəzərəçarpan artım müşahidə olunur. Yerli səhm bazarı tam inkişaf etməsə də, xarici səhmlərə maraq göstərənlərin sayı da artmaqdadır.

İqtisadi reallıqları nəzərə alaraq ağıllı investisiyalar etmək istəyənlər üçün optimal istiqamətlər barədə iqtisadçı alim Vüsalə Əhmədova Banco.az-ın suallarını cavablandırıb.

Vüsalə xanım,  Azərbaycanda əhalinin səhm bazarına  maraqları hansı çərçivədədir? Bakı Fond Birjasının Dünya Birjalar Federasiyasına üzv olması Azərbaycanın investisiya imkanlarını necə genişləndirə bilər?

Ölkəmizdə, təəssüf ki, həm investisiya imkanları məhduddur, həm də əhalinin bu sahədə bilik və təcrübəsi azdır. Bildiyiniz kimi, əksər ölkələrdə şirkətlərin səhmləri ilə açıq şəkildə ticarət edilən birjalar mövcuddur və Azərbaycan da bu istisna deyil. Lakin mənim bildiyim qədər, Bakı Fond Birjası Dünya Birjalar Federasiyasının (World Federation of Exchanges, WFE) üzvü deyil. Baş ofisi Londonda yerləşən WFE, müxtəlif ölkələrdən 70 səhm, fyuçers və opsion birjalarını əhatə edən bir ticarət assosiasiyasıdır və üzvlərinə biznes strategiyalarının və idarəetmə təcrübələrinin inkişafı ilə bağlı təlimatlar təqdim edir. WFE üzvü olmadığımız üçün, səhmlərin qiymətləri dünya birjaları indeksi ilə müəyyənləşdirilmədiyi üçün, ölkəmizin səhm bazarının inkişafına mane olur.

Azərbaycan vətəndaşları üçün dollara alternativ olaraq hansı təhlükəsiz investisiya alətləri təklif edilə bilər və bu alternativlər riskləri necə azalda bilər?

Vətəndaşlarımız alternativ investisiya vasitələri görmədikləri və ya dolları daha az riskli hesab etdikləri üçün əsasən dollara investisiya edirlər. Azərbaycan üçün isə dollara alternativ təhlükəsiz investisiya alətlərinin müəyyən edilməsi vacibdir.

Niyə qızıl və kriptovalyuta hazırda ən əlverişli investisiya alətləri hesab edilir və hər biri hansı spesifik riskləri daşıyır?

İnvestisiya etmək istəyənlər üçün bir neçə seçim mövcuddur: müddətli depozitlər, dövlət istiqrazları, qızıl, xarici valyuta, kriptovalyuta, səhmlər, repo və daşınmaz əmlak. Əmanətlərin saxlanması üçün müxtəlif variantlar olsa da, hər bir şəxsin maliyyə vəziyyəti və riskə qarşı dözümlülüyü fərqlidir. Hər bir investor, seçdiyi investisiya aləti istər uzunmüddətli, istərsə də qısamüddətli olsun, müəyyən risk qəbul etməlidir. Hazırda mənə görə ən əlverişli investisiya alətləri qızıl və kriptovalyutadır.

İnvestorlar portfellərini diversifikasiya edərək riskləri azaltmaq məqsədilə qızıla yatırım edə bilərlər. Qızıl inflyasiyaya qarşı dayanıqlıdır və iqtisadi qeyri-müəyyənliklər və ya qlobal böhran şəraitində etibarlı aktiv sayılır. Digər investisiya alətlərindəki dalğalanma və risklərlə müqayisədə daha stabil performans göstərir. Bundan əlavə, qızıl likvid aktivlər sırasına daxildir, çünki dünya miqyasında qəbul olunur və asanlıqla alınıb satıla bilir, bu da investorlara onu sürətlə nağd pula çevirmək imkanı yaradır.

Ən sərfəli kredit üçün müraciət et

Qızılın fiziki və rəqəmsal investisiya üsulları arasındakı əsas fərqlər nələrdir və hər birinin investor üçün üstünlükləri və riskləri hansılardır?

Qızıla iki fərqli üsulla investisiya etmək mümkündür. Birinci üsul birbaşa qızıl külçələri, sikkələr və ya qızıl zinət əşyalarının alınmasını əhatə edir. İkinci üsul isə birja fondları vasitəsilə qızılla ticarətə əsaslanır. Bu üsula qızıl fyuçersləri və qızıl fondları kimi maliyyə alətləri daxildir. Fiziki qızıla sahib olmaq birbaşa ehtiyat yaratmaq kimi görünür, buna görə də maliyyə alətlərinin daha likvid olduğu düşünülür. Rəqəmsal aktivlərə əsaslanan qızıla investisiya isə qızılı rəqəmsal hesabda almaq, saxlamaq və idarə etmək imkanı verdiyi üçün dalğalanmalara qarşı daha çevik reaksiya göstərməyə imkan yaradır. Lakin fiziki qızılın saxlanması oğurluq və zədələnmə risklərini də daşıyır. Rəqəmsal qızıl bu cür risklərə qarşı daha təhlükəsiz hesab edilir. Zinət əşyalarına investisiya etmək isə, onların saf qızıl tərkibinin nisbətən az olması səbəbindən alqı-satqı əməliyyatlarında dəyər itkisinə yol aça bilər. Ümumiyyətlə, qızıl uzunmüddətli investisiya vasitəsi kimi qəbul edilir, çünki qısamüddətli dalğalanmalara məruz qalmasına baxmayaraq, uzun müddət ərzində dəyərini qorumağa meyllidir. Buna görə də qızıla sərmayə qoyarkən uzunmüddətli perspektivi nəzərə almaq tövsiyə olunur.

Kriptovalyutaya investisiya edərkən riskləri azaltmaq üçün hansı strategiyalardan istifadə etmək olar və portfel diversifikasiyasının burada rolu nədir?

Kriptovalyutanı sərfəli bir investisiya vasitəsi kimi qəbul etmək olar. Lakin, kriptovalyuta sistemində Mərkəzi Bank kimi nəzarət mexanizmi və əsas bank əməliyyatlarını həyata keçirən qurum və ya şəxs olmadığı üçün seçim edərkən diqqətli olmaq lazımdır. Eyni zamanda, kriptovalyutaya investisiya etməzdən əvvəl nə qədər risk götürə biləcəyinizi dəqiq müəyyən etmək və etibarlı bir birja seçmək vacibdir. Bildiyimiz kimi, kriptovalyuta bazarı son dərəcə dəyişkəndir və bütün investisiyanı bir aktivə yönəltmək risklidir.

Portfelinizi diversifikasiya etməklə riskinizi azalda və gəlirinizi optimallaşdıra bilərsiniz. Diversifikasiya, müxtəlif kripto aktivlərinin bazar şərtlərinə necə reaksiya verdiyini anlamağa da kömək edir. Kriptovalyuta bazarında uğur qazanmağın əsas yollarından biri bazarı dəqiq və effektiv araşdırmaqdır. Mövcud və potensial kriptovalyutaların bazar dinamikasını təhlil edərək, hansı kriptovalyutaların gəlirli ola biləcəyini müəyyən etmək önəmlidir. Xüsusilə, kriptovalyutanın keçmiş performansını analiz etmək onun gələcək potensialını qiymətləndirməyə kömək edir. Bu sahədə zərər edənlər, əsasən, sürətli qiymət artımı və ya azalması qorxusu ilə tələsik və emosional qərarlar verənlərdir. Buna görə də mütəxəssislərlə məsləhətləşmək tövsiyə olunur.