Dünyanın prezidenti olmaq kimi arzuları olan Adam Nyuman haqqında maraqlı məqamlar | Banco.az

Dünyanın prezidenti olmaq kimi arzuları olan Adam Nyuman haqqında maraqlı məqamlar

Xərclərin minimallaşdırılması şərəfinə ziyafətlər və ilk trilyoner olmaq arzusu:

WeWork şirkətinin rəhbəri haqqında The Wall Street Journal nələr yazıb

Adam Nyuman bəzən əməkdaşlara və investorlara qeyri-real görünən şeylər danışa bilər, lakin onlar yenə də Adama inanırlar. The Wall Street Journal qəzeti kovorkinq şəbəkəsi olan WeWork rəhbəri və həmtəsisçisi Nyumanın işgüzar profilini araşdırmaq üçün onun yaxın dostları, şirkətin investorları, WeWork-ün keçmiş və indiki işçiləri ilə söhbətlər aparıb.

Qəzetin həmsöhbətləri qeyd edirlər ki, Nyuman şirkətə sadiqdir, ambisiyalıdır, investorları və işçiləri cəlb edən bir sıra keyfiyyətlərə malikdir. Onların sözlərinə görə, bir neçə dəqiqənin içində Nyuman istənilən insanı şirkətin epik gələcəyinə inandıra və işə motivə edə bilər.

«Onunla danışmağa başladıqdan bir neçə dəqiqə sonra artıq mən investisiya qoymaq istəyirdim. O, uğur qazanmaq üçün alışıb-yanır, bu açıq-aşkar görünür», — Star Farm Ventures şirkətinin həmtəsisçisi Coui Lou xatırlayır. Star Farm Ventures Adamın şirkətinə bir neçə mərhələdə sərmayə yatırmışdır.

Ancaq WeWork-un çoxlu sabiq işçisi deyir ki, Nyumanın danışdığı bəzi şeylərə nə dərəcədə ciddi yanaşmalı olduqlarını anlamaqda çətinlik çəkirdilər. Belə ki, o, tez-tez İsrailin baş naziri olmaq, dünyanın prezidenti olmaq, planetin ilk dollar trilyoneri olmaq, əbədi yaşamaq, bütün dünyada aclığa və uşaqların yetim qalmasına son qoymaq kimi xəyal və xülyalarını dilə gətirirmiş. Üç nəfər deyib ki, Nyuman əbədi yaşamağa ümid edir və hətta insan orqanizminin qocalmasına qarşı mübarizə üsulları axtaran Life Biosciences startapına sərmayə yatırıb.

Adam Nyuman və Migel Makkelvi WeWork şirkətini 2010-cu ildə təsis edib. Nyumanın metodları, onun risk etmə bacarığı və insanları ruhlandırmaq qabiliyyəti sayəsində kompaniya sürətli inkişaf tempi göstərmişdir. Bununla yanaşı WeWork şirkətinin lüzumsuz xərcləri də çox olmuşdur. WSJ yazır: Uzun müddət korporativ mədəniyyətin başlıca elementlərindən biri böyük miqdarda alkoqollu içkinin istehlak edildiyi ziyafətlər olmuşdur.

Bir dəfə Nyuman sabiq WeWork əməkdaşlarının dəvət edildiyi ziyafət təşkil edir. Və elə həmin dəbdəbəli ziyafətdə 2016-cı ildə şirkətin ixtisara salınmış 7% işçisinə izah edir ki, işçiləri ixtisar etmək qəddar addım idi, lakin şirkət üçün, xərcləri azaltmaq üçün bu qərarı qəbul etmək labüd idi.

Ən sərfəli kredit üçün müraciət et

Elə bu nitqdən sonra zala qəlyanaltılar və Nyumanın sevimli içkisi — tekila gətirdilər. Daha sonra Run-D.M.C. hip-hop qrupunun üzvü Derril Makdeniels gəlib hitlərindən birini — It's Tricky ifa etdi.

Şirkət böyüdükcə ziyafətlər və oradakı alkoqol tədricən azaldı. WeWork-də əvvəllər çalışmış menecerlər deyir ki, buna Rebeka Nyuman — Adam Nyumanın həyat yoldaşı nail oldu. Onların sözlərinə görə, o, şirkətə mənəvi dəyərlər qazandırmaqda israr edir, çünki WeWork-un missiyasını elə "qlobal şüur səviyyəsinin artırılması" olaraq səciyyələndirir. Rebeka Nyuman hətta bir neçə dəqiqə ünsiyyətdə olduğu bəzi əməkdaşları sırf enerjilərini bəyənmədiyinə görə işdən azad etdirib.

IPO üçün sənədləri verərkən Nyuman investorların mənfi reaksiyasını və şirkət dəyərinin düşəcəyini gözləmirdi. Tanışlarının dediklərinə görə, Nyuman inanırmış ki, bazar WeWork-u daşınmaz əmlakın arendası ilə məşğul olan şirkətdən daha artıq bir kompaniya kimi qəbul edəcək, dəyəri 2019-cu ilin əvvəlindəki məbləği — 47 milyard dolları ötəcək.

Ancaq IPO prospektinin nəşr olunmasından sonra investorlar və analitiklər WeWork-u kifayət qədər aydın olmayan iş modelinə görə və şirkətin nə zaman gəlir gətirəcəyi anlayışının olmamasına görə tənqid etdilər. Maraqların toqquşması faktları da diqqət çəkir. Məsələn, Nyuman daşınmaz əmlak alırdı və WeWork-ə arendaya verirdi, həmçinin We əmtəə nişanını 5,9 milyon dollara şirkətə satmaq istəyirdi, lakin tənqidlərdən sonra bu sövdədən imtina etmişdir.

Yerləşdirməyə hazırlıq mərhələsində WeWork-un gözlənilən dəyəri 15-20 milyard dollara düşdü. Buna görə də şirkət IPO-nu təxirə salmalı oldu, WeWork yerləşdirmənin 2019-cu ilin sonuna qədər aparılacağına ümid edir. Sentyabrın 17-də işçilərlə video konfransda Nyuman bildirmişdir ki, fərdi bazarda kartlarını əla oynayıb. Lakin WeWork ictimai bazarlarda oynamaq qaydalarını hələ öyrənməlidir.

Nigar Umaxanlı, banco.az

Ən sərfəli krediti almaq üçün müraciət et