Dünyanın aparıcı mədən şirkətlərindən ikisi birləşməyə hazırlaşır | Banco.az

Dünyanın aparıcı mədən şirkətlərindən ikisi birləşməyə hazırlaşır

Müəllif: Tamara Mustafayeva, Banco.az

Mədən nəhəngləri “Rio Tinto Group” və “Glencore Plc” birləşmək barədə düşünürlər.

Banco.az xəbər verir ki, adının açıqlanmasını istəməyən mənbələr “Rio” və “Glencore”nin qısa müddət əvvəl bir anlaşma ilə bağlı ilkin mərhələ müzakirələrində olduğunu bildirib.

Dünyanın ikinci ən böyük metal və mədənçilik şirkəti olan İngiltərə-Avstraliya mənşəli “Rio Tinto”nun bazar dəyəri təxminən 103 milyard dollar təşkil edir. İsveçrədə yerləşən mədənçilik şirkəti “Glencore”nin bazar dəyəri isə təxminən 55 milyard dollardır. Bu iki şirkətin birləşməsi uzun müddətdir sektorun lideri olan, təxminən 126 milyard dollar dəyərindəki mədən şirkəti “BHP Group”u geridə qoyacaq nəhəng bir qurum yaratma potensialına malikdir.

Mədən sənayesi son bir neçə ildə dünyada karbonun azaldılması səylərinin mərkəzində dayanan metal – mis istehsalını genişləndirmək istəyindən qaynaqlanan birləşmə dalğası ilə diqqət mərkəzində olub. Həm “Glencore”, həm də “Rio” dünyanın ən yaxşı mis mədənlərindən bir neçəsinə sahibdir.

Xatırladaq ki, “Rio Tinto” 2014-cü ildə “Glencore”nin birləşmə təklifini rədd etmişdi.

“Glencore” 2023-cü ildə Kanadanın ən böyük mədənçilik şirkəti “Teck Resources Ltd”ni satın almaq üçün uğursuz təklif vermiş, lakin onun əvəzinə şirkətin kömür bölməsini əldə etmişdi.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram