Dünyada qızılın qiymətinə təsir edən amillər: Elman Sadıqov sadaladı | Banco.az

Dünyada qızılın qiymətinə təsir edən amillər: Elman Sadıqov sadaladı

Müəllif:Gülbəniz Hüseynli/Banco.az

ABŞ Federal Ehtiyat Sisteminin (FED) rəsmilərinin gələn il faiz dərəcələrini aşağı salmağa başlaya biləcəkləri barədə açıqlamalarından sonra qızılın qiyməti daha da bahalaşmağa başladı.

Bu vəziyyətə qızılın qiyməti oktyabrın əvvəlindən bəri təxminən 12% artıb. Son 12 ayda isə qızılın qiyməti 18 faiz yüksəlib.

İnvestorların 2024-cü il üçün ehtimal edilən proqnozlarına görə, gələn il ABŞ-da sərt iqtisadi tənəzzül və pul siyasətinin aqressiv yumşaldıla bilər. Onlar hesab edirlər ki, növbəti ildə qızılın bir unsiyası 2060-2080 dollar aralığında ola bilər.

Dünyada qızılın qiymətinə təsir edən amillər barədə Banco.az-a danışan iqtisadçı Elman Sadıqov bildirdi ki, 2022-ci il ərzində FED yürütdüyü monetar siyasətlə inflyasiya təzyiqini və göstəricilərini azaltmağa nail olsa da,  iqtisadiyyat hələ də məşğulluq həddində olduğu üçün təhlükəli vəziyyət yaratmağa başladı:

“ABŞ-da hazırda da iqtisadiyyatın genişlənməsi, yeni yaranan iş yerlərinin sayı əmək bazarına daxil olanların sayından daha çoxdur. ABŞ bu problemi hər il həyata keçirtdiyi miqrasiya proqramları ilə həll edib. İndi isə ABŞ hökuməti israrla kütləvi miqrasiyanı azaltdığının, əksinə hədəfli miqrasiya siyasətinə üstünlük verdiyinin siqnalını verməkdədir. Qeyd edim ki,  beyin cəlbinin tempi iqtisadi genişlənmənin tempindən aşağıdır. İkincisi, iqtisadiyyatın bir sıra sahələrinə  işçilər lazımdır. FED 1 fevralda cəmi 25 faiz bəndi (0.25%) artım həyata keçirərkən ertəsi gün açıqlayacağı işsizlik rəqəmlərini şübhəsiz ki, bilirdi. FED onu da bilirdi ki, bu rəqəmlər faiz artımları gözləntilərini artırmaqla bərabər , bazarları çalxalayacaq.

Ola bilsin ki, bir çoxları burada son addımların milyardlarla dollar qazanc əldə edilməsi məqsədilə bilərəkdən edildiyini düşünə bilər. Amma sistemin təhlükə hiss etdiyi bir zamanda qazanc deyil, sistemin qorunması düşünülür. FED burada hökumətə mesaj verdi ki, işsizlik həddini artırmaq üçün faiz artımı kifayət etmir, immiqrasiya siyasətinizə yenidən baxılmalıdır”.

2021-2022-ci illər dünya iqtisadiyyatı üçün resesiya dövrü olduğunu xatırladan Elman Sadıqov hesab edir ki, hazırda birinci mərhələ keçilsədə,  burada yürüdülən siyasət resesiyanı rəqəmlərlə gizlədib, maliyyə bazarlarında ajiotaj və panika yaratmamaqla vəziyyətdən çıxmaqdır:

 “ABŞ birinci mərhələni keçsə də, ikinci mərhələ üçün manevr imkanları daralıb. ABŞ sanki gözləmə mövqeyindədir. Öz iqtisadiyyatında bir çox çağırışları həll edərək, iqtisadiyyatını gücləndirərək, faizləri yüksək həddə saxlamaq, digər manevr imkanlarını ehtiyatda gözlətməklə növbəti mərhələdə siyasi məsələlərə fokuslanacağı proqnozlarına şərait yaradır. ABŞ siyasi hədəflərdə maneə olduqda öz iqtisadi güc və (hətta xaos, qlobal böhran yaratma) imkanlarından istifadə edə biləcəyinin sətirlərarası siqnallarını verməkdədir. Bu da  tədricən siyasi məsələlərlə daha aktiv məşğul olmağa başlayacağı ehtimalları artır”.

Ekspert qeyd etdi ki, mövcud vəziyyət qlobal iqtisadi və siyasi arenalarda gərginlik və təhlükəni saxlayır. Bu səbəblərdən açıqlama və fikirlərdə təzadlar mövcuddur.