Manatın devalvasiyası Azərbaycanın sığorta şirkətlərinin kapitallaşmasına təsir etməyib. Bunu Trend-ə Dövlət Sığorta Nəzarəti Xidmətinin rəhbəri Namiq Xəlilov deyib.
Onun sözlərinə görə, sığorta şirkətlətinin öhdəlikləri, aktivləri, ehtiyatları və kapitalının manatda olmasını nəzərə alsaq, sığorta şirkəti üçün hər hansı valyuta riski olmayıb: "Lakin sığorta şirkətləri inzibati və komissiya xərclərini azaltmalıdırlar".
N.Xəlilov qeyd edib ki, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə ödənişlərin zərəri hazırda təqribən 50 faizdir: "Buna görə də sığorta tariflərinin artırılmasına ehtiyac yoxdur. Ödənişlər üzrə zərər 70 faizini ötərsə, bu barədə söhbət gedə bilər, çünki qalan 30 faiz sığorta şirkətlərinin iş aparması üçündür, yəni agent komissiyaları və digər inzibati xərclərdir. Hazırda sığorta şirkətləri tarifi artırmaq deyil, xərclərini azaltmaq barədə düşünməlidirlər".