Deputat: "Vətəndaşlar deyil, banklar insanların ayağına getməlidir" | Banco.az

Deputat: "Vətəndaşlar deyil, banklar insanların ayağına getməlidir"

Azərbaycanda bank sisteminin sağlamdırılması lazımdır. Çünki 2015-ci ildə yaşanan iki ağır devalvasiyadan sonra ölkədə bank sistemi çökmüş, iflic vəziyyətdədir. Hətta atılan addımlar da tam yetərli deyil.

Bunu açıqlamasında iqisadçı millət vəkili Vahid Əhmədov deyib.

Onun sözlərinə görə, bank sisteminin sağlamlaşdırılması üçün daha ciddi və daha təsirli addımlar atılmalıdır.

V. Əhmədov xüsusilə dollarla olan kreditlərin ödənilməsində yaşanan problemlərin həllini tapmasının vacibliyini söyləyib:

“Üç ildir ki, belə bir problem var. Bu məsələ, demək olar ki, hər gün dilə gətirilir. İnsanlar bizdən kömək gözləyir. Ancaq çox təəssüflər olsun ki, bu problem uzana-uzana gedir. Hesab edirəm ki, bu problem artıq həllini tapmalıdır.

Ümumiyyətlə, 10 minə qədər olan kreditlərin bağışlanılması və ya bu məsələdə vətəndaşlara güzəştə gedilməsi üçün ölkənin maliyyə durumu yetərlidir. Bu, o qədər də böyük vəsait deyil. Yəni, dövlət bunu həll etmək gücündədir.

Ən sərfəli kredit üçün müraciət et

Belə demək mümkünsə, bu məsələnin həlli üçün həm dövlət, həm banklar, həm də vətəndaşlar birgə razılaşdırılmış şəkildə hərəkət etməlidir, birlikdə bu problemin həll yolunu tapıb, onun aradan qaldırılmasına çalışmalıdır”.

Millət vəkili, eyni zamanda, bankların özlərinin də vəziyyətdən çıxış yolu tapmalı olduqlarını dilə gətirib:

“Banklar faiz dərəcələrini aşağı salmalıdırlar. Ümumiyyətlə, elə bir mexanizm olmalıdır ki, vətəndaşlar deyil, banklar özləri insanların ayağına getməli, onları sərfəli şərtlərlə kredit götürməyə həvəsləndirməlidirlər. Həmçinin, onlar bir sıra layihələrin icrasına cəlb olunaraq, real iqtisadiyyata öz töhfələrini verməlidirlər.

Demək istədiyim odur ki, hər şeyi dövlətdən gözləmək, dövlətin üzərinə atmaq olmaz. Bu, düzgün yanaşma deyil. Banklar özləri də hərəkətə gəlməlidir. Təbii ki, burada dövlət dəstəyi olmalıdır”.

Oxu.Az