Daşınmaz əmlakın qeydiyyatına dair çıxarışı elektron formada almaq olacaq | Banco.az

Daşınmaz əmlakın qeydiyyatına dair çıxarışı elektron formada almaq olacaq

Əmlak Məsələləri Dövlət Komitəsinin (ƏMDK) daşınmaz əmlakın qeydiyyatı sahəsində yeni innovativ layihəsi olan elektron çıxarışların tətbiqinə başlanılıb. 

Komitədən daxil olan məlumata görə, bununla bağlı məsələ artıq hüquqi təsdiqini tapıb.

Bu dəyişikliyə əsasən, daşınmaz əmlakın dövlət reyestrindən çıxarışların əhaliyə elektron formatda təqdim edilməsi imkanı yaradılıb. Bununla da, vətəndaşlar daşınmaz əmlaklarına dair sənədi öz arzusuna görə elektron və ya kağız formada əldə edə bilir. Belə ki, əmlak sahibi müvafiq idarəyə gəlmədən, "Elektron Hökumət Portalı"nda yaradılacaq şəxsi kabinetindən elektron formada çıxarışını ala bilir. Odur ki, müasir yanaşmaların tətbiq edildiyi bu sistem vasitəsilə vətəndaş daha operativ şəkildə çıxarışına sahib olur.

Ən sərfəli kredit üçün müraciət et

Artıq çıxarışlar, eləcə də digər arayışlar hətta xarici ölkələrdə olduqda da almaq mümkün olacaq. Həmçinin çıxarışların elektron müstəviyə keçməsi ayrı-ayrı dövlət qurumları tərəfindən verilən aidiyyəti sorğuların cavablandırılması, əhalinin əmlakları üzərində iqtisadi əməliyyatların aparılması işini daha da yüngülləşdirir və optimallaşdırır.

Qeyd edək ki, daşınmaz əmlakın qeydiyyatı prosesi vətəndaşdan hüquq müəyyənedici sənədlərin və ərizənin qəbul edilməsi, qeydiyyatın icrası və sənədlərin emalı, nəhayət hazır sənədlərin vətəndaşlara verilməsi kimi üç mərhələdən ibarətdir. 

Mənbə: Report.az

Ən sərfəli krediti almaq üçün müraciət et