Müəllif:Gülbəniz Hüseynli/Banco.az
Azərbaycanda da yay mövsümü ilə əlaqədar otellər, qalma yerləri, turizm sənayesi hazırlıqlarını davam etdirir.
Bu yayda qiymətlərin və xidmətin səviyyəsi barədə Banco.az-a açıqlama verən turizm eksperti Ceyhun Aşurov bildirib ki, artıq yaya uyğun qiymətlər müəyyən edilib:
“Xüsusən dənizkənarı bölgələrdə mövsümə uyğun otellərdə, müəyyən hazırlıq işləri görülür. Hesab edirəm ki, bu il daxili bazarda tələbat yüksək olacaq. Amma qiymətlər ötən illə müqaisədə elə də çox olmayacaq. Hər il turizm bazarında yeni təsisatlar qalma yerləri daxil olur. Bu siyahıda otellər olmasa da, kənd evləri, qalma yerləri daxildir. Turistlərin rahat istirahəti üçün əlavə imkanlar yaradılır. Bu yerlərin çox olması qiymətlərdə rəqabət mühiti formalaşdırır. Seçim imkanlarının geniş olması qiymətlərə də müsbət təsir edir”.
COP29 tədbiri öncəsi hotellərdə mövcud vəziyyət ilə bağlı monitorinqlər həyata keçirildiyini vurğulayan Ceyhun Aşurov qeyd edib ki, bu yerli turizmin inkişafına müsbət təsir göstərəcək:
“Bu tədbir ilə əlaqədar ölkəyə əlli mindən çox insanın gələcəyi gözlənilir. Ölkəmizə gələcək xüsusi qonaqlar siyahısında əsasən dövlət başçıları, rəsmi qurumların, beynəlxalq təşkilatların nümayəndələri daxildir. Dövlət Turizm Agentliyi də bununla bağlı məhz turizm subyektləri arasında xüsusi görüşlər keçirib, müəyyən hazırlıq səviyyəsində işlər görürlər. Düşünürəm ki, bu tədbirin uğurla həyata keçirilməsi ölkəmizin imici, dünyada tanıdılması baxımından müsbət addım olacaq".