Çirkli pulların yuyulması prosesi necə həyata keçirilir? | Banco.az

Çirkli pulların yuyulması prosesi necə həyata keçirilir?

Belə bir əfsanə mövcuddur ki, “çirkli pulların yuyulması” termini ABŞ-da spirtli  içkinin qadağan edildiyi dövrdə, Çikaqo mafiyasının qeyri-qanuni spirtli içki ticarətindən böyük pullar qazandığı zaman yaranıb. Deyilənə görə, o zaman bu gəlirlər avtomatik camaşırxanaların gəliri kimi qeydə alınırdı. Camaşırxanada xidmət haqqı nağd pul ilə ödənildiyindən ondan real olaraq nə qədər insanın istifadə etdiyini izləmək mümkün deyildi. Bu da mafiya üzvlərinin öz “çirkli” gəlirlərini qanuni camaşırxana gəliri kimi qələmə verməsinə səbəb olurdu. Bu səbəbdən də, qeyri-qanuni pulların qanuni pullara çevrilməsi “money laundering” çirkli pulların yuyulması adlandırılmışdı. Lakin bu sadəcə əfsanədir.

Mafiyanın öz gəlirlərini təmizə çıxarmağa qarşı marağı 1931-ci ildə Al Kaponenin həbs edilməsindən sonra yaranır. Dövlət agentləri Al Kaponenin gəlirlərinin rəsmi gəlir olmadığını sübut etməyə nail olmuşdular. Bu isə o demək idi ki, o gəlirlərinin bir hissəsini vergidən yayındırır.

Digər məşhur mafiya başçısı Meir Lanski ilk dəfə olaraq cinayət yolu ilə əldə edilmiş gəlirlərin yuyulması sxemini yaratmışdı.

İlk olaraq çirkli pulların yuyulması kazino vasitəsilə həyata keçirilirdi. ABŞ və Kubada kazinoların adi qazandırdığı gəlirlərə müştərilərin uduzduğu pullar qismində çirkli pullar da qatılır. Daha sonradan Lanski bank sistemindən istifadə edərək digər bir sxem yaradır. O, İsveçrə banklarında nömrəli (anonim) hesablar açır, buraya nəhəng vəsaitlər yatırır, bundan sonra isə həmin banklardan kredit götürərək onları öz gəlirinin əsas mənbəyi kimi göstərir. Nəticədə borclar nömrəli hesablardakı pullar hesabına ödənilirdi. Beləliklə, çirkli pullar bankın vasitəsilə “təmiz”, qanuni pullara çevrilirdi.

Bununla yanaşı, mətbuatda “çirkli pulların yuyulması” termini yalnızca 1973-cü ildə Britaniyanın The Guardian nəşrində Watergate skandalı haqqında yazıda istifadə olunur.

“Çirkli pulların yuyulması” (money laundering) – qeyri-qanuni yolla əldə edilmiş gəlirlərin leqallaşdırılması prosesidir. Qeyri-qanuni gəlirlər dedikdə isə, narkotik maddələrin və silahların qeyri-qanuni alverindən, qaçaqmalçılıqdan, korrupsiyadan, gizli iqtisadiyyatdan, şantajdan və maliyyə dələduzluğundan əldə edilmiş vasitələr nəzərdə tutulur.

Çirkli pulların yuyulmasının bəzi mexanizmləri:

1) Pulu yuyan şəxs qanuni amma fiktiv şirkət yaratmaqla hər ay vergi orqanlarında həmin şirkətin fəaliyyəti nəticəsində getdikcə qazanılan yüksək gəliri göstərməklə və vergi ödəməklə əlindəki qeyri-qanuni vəsaitləri leqallaşdırır. Vəsaitlərin mənbəyini daha da gizlətmək üçün bir neçə belə şirkətlər də yaradıla bilər ki, qarşılıqlı alqı-satqı əməliyyatları aparıla bilsin, fiktiv müqavilələr əsasında pul vəsaitlərinin mənbəyi gizlədilsin. Həmçinin ofşor şirkətlərin yaradılması vasitəsilə də bunlara nail olmaq mümkündür.

2) Digər bir üsul isə qiymətli kağızlardır.

Ən sərfəli kredit üçün müraciət et

3) Daşınmaz əmlak vasitəsilə.

4) Qiymətli daş-qaşların alınması yolu ilə. Bu  üsulun üstünlüyü ondan ibarətdir ki, böyük məbləğdə pula kiçik bir brilyant almaq mümkündür və onu da asanlıqla digər ölkəyə aparmaq mümkündür. Onların haradan əmələ gəlməsi ilə bağlı suallar ortaya çıxdıqda isə bu və ya digər şəxsdən yadigar qalması deyilə bilər.

5) Daha geniş yayılan üsullardan biri də banklar vasitəsilə çirkli pulların yuyulmasıdır. Buna anonim hesabların açılması aid edilir. Müxbir hesablardan istifadə etməklə, peşəkar vasitəçilərin köməyindən istifadə etməklə çirkli pulların yuyulması həyata keçirilir.

İqtisadi ədəbiyyatlarda çirkli pulların yuyulması prosesinin üç mərhələsi fərqləndirilir: çirkli pulların maliyyə və qeyri-maliyyə sektoruna yerləşdirilməsi (yerləşdirilmə mərhələsi), pulların qeyri-qanuni mənbəyini gizlətmək üçün müxtəlif əməliyyatların həyata keçirilməsi və ya başqa sözlə əməliyyat mərhələsi və inteqrasiya mərhələsi (təmiz pulun əldə olunması). Qeyd etmək lazımdır ki, Milli Məclisin 2009-cu il fevralın 9-da keçirilən iclasında deputatlar üçüncü oxunuşda «Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında» qanun layihəsini qəbul ediblər.

Bu qanunun qəbulu Azərbaycanın Avropa Şurası qarşısında üzərinə götürdüyü öhdəliklərdən biri idi.

“Çirkli pulların yuyulması”na qarşı tədbirləri koordinasiya edən və mütəmadi monitorinqlər aparan iki beynəlxalq qrup mövcuddur. Bunlar Maliyyə Cinayətləri ilə Mübarizə üzrə Beynəlxalq Qrup (FATF) və Avropa Şurasının “MONEYVAL” adlanan xüsusi ekspert qrupudur.

markzone.az

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram