Müəllif: Şirxan Əliyev, Bank sahəsi üzrə mütəxəssis, filial rəhbəri
Bank nədir?
İqtisadi tərifdən uzaq olaraq bank ilk növbədə kredit təşkilatıdır və bir maliyyə institutudur. Bəs onda bankın əsas məqsədi nə olmalıdır? Bu çox mənalı bir sualdır. Bunu hər bir bankın menecmenti özü üçün dəqiqləşdirməlidir. İlk öncə onu qeyd etmək istərdim ki, heç bir bankın əsas məqsədi ilk növbədə gəlir götürmək olmamalıdır. Mənfəətin əldə olunması bank üçün strateji və uzun müddətli bir hədəf olmalıdır. Ona görə də hər hansı bir bazarda fəaliyyət göstərməmişdən öncə bank mütləq şəkildə bazar araşdırması aparmalı və məhsullarını həmin bazara uyğun təqdim etməlidir. Əhalinin və bazarın yüklülüyü dəqiq qiymətləndirilməlidir. Müştəriləri cəlb etmək üçün banklar aldadıcı və həddindən artıq güzəştli variantlara yol verməməlidirlər. Bankların ən böyük göstəricisi onun etibarlılığıdır. Ən əsası banklar öz üstünlüklərini beynəlxalq reytinq agentliklərindən (Moodys, Standart&Poors, Fitch Raitings) aldıqları nəticəylə göstərməlidirlər. Banklar müştəri xidmətlərinin yüksəldilməsi və satışın artırılması ilə yanaşı daha çox ilk öncə istər daxili istər xarici korporativ idaraedilməsi sistemin yaradılmasına diqqət etməlidirlər. Çünki bank bir maliyyə təşkilatıdır ona görə Mərkəzi Bankın tələbinə və ölkə qanunvericiliyinə uygun tələbləri yüksək səviyyədə həyata keçirilməlidir. Bankın korporativ idarə edilməsi sistemli və şəffaf olmalıdır. Ən əsası bütün funksiya üzrə tam işləməli və nəzarət yüksək səviyyədə olmalıdır. Bunun üçün banklar öz heyətlərinə yaxşı maddi və mənəvi motivasiya edərək peşəkar mütəxəssisləri cəlb etməkdən çəkinməməlidirlər. Digər məqam isə rəhbərliyin öz menecerlərinə inamının olması və bankın idarə edilməsi üçün seçilmiş komandaya səlahiyyətləri çərçivəsində sərbəstlik verilməsidir. Bankın daha çox ugurlu olması 100 faiz peşəkar heyətdən asılıdır. Banklar istənilən halda bu istiqamətdə cəsarət göstərməlidirlər. Bu da eyniliklə menecmentin üzərində böyük məsuliyyət yaradır.
Risklərin yaranması əslində bankların özləri tərəfindən ciddi tənzimlənməlidir. Yuxarıda qeyd edildiyi kimi bankın əsas məqsədi tez bir zamanda gəlir götürmək olmamalıdır. Banklar və digər kredit təşkilatları bazarı paylaşmağı bacarmalıdırlar. Bir birindən daha aşağı və sərfəli şərtlər irəli sürməklə kredit təşkilatları müştərilərə əslində böyük güzəştlərə getmiş olurlar. Bu da nəticədə insanların yüklənməsinə səbəb olur və sonda müştərilərdə bir borc piramidası formalaşmasına gətirib çıxardır.
2015 ci ildən Mərkəzi Bank banklar üçün məcmu kapital tələbini 50 milyon manata qədər əhəmiyyətli qaldırmışdır. Bu da bankların dayanıqlılığının artırılması və bank sisteminin imkanlarının genişlənməsi məqsədi daşıyır. Bu bir mənalı olaraq bank sisteminin inkişafı və möhkəmlənməsinə yönəlmiş bir addımdır. İmkanları genişlənən banklarda ona görə hədəflər müəyyən edilərkən mütləq şəkildə cari vəziyyət nəzərə alınmalıdır.
Satışın təşkili daha çox normativlər qaydasında aparılmalıdır. Rəqabətdə ədalətlilik üstünlük təşkil etməlidir. Bu gün bankda işləyən və gəlir gətirən işçilər sabah problemin çoxalması ilə əlaqədar lazımsız işçilərə çevriləcəklər. Son zamanlar banklarda problemli kredit mütəxəssislərinə göründüyü kimi tələbatlar armışdır. Bu o deməkdir ki, banklar artıq yavaş-yavaş mudafiə mövqeyinə keçir. Qlobal şəkildə isə bütün bunlar indiki zaman üçün təbii bir proses ola bilər.. Ona görə ki, Azərbaycan inkişaf yolunu çox sürətlə keçir və insanlarımız buna alışmalıdırlar. Digər ölkələrin təcrübəsinə baxsaq zamanla hər şey öz yerini tutacaqdır. Ancaq istənilən halda banklar rəqabəti güzəşt və sərfəli variantlarla deyil daha çox yüksək keyfiyyət və xidmət istiqamətində aparmalıdırlar. Belə olan şəkildə hər bir bank üçün həm keyfiyyət həm mənfəət öz qədərində olacaqdır.
Müəllif ilə əlaqə saxlamaq üçün: [email protected]