2015-ci ildə ABŞ-ın MDIF (Media Development Investment Fund) təşkilatı internetə çıxış üçün Outernet adlı yeni dünya şəbəkəsinin yaradılmasına başlayacaq. Təşkilat yerətrafı orbitdə çoxlu miniatür CubeSats peykləri yerləşdirməklə bütün Yer kürəsini Wi-Fi şəbəkəsi ilə əhatə etməyi planlaşdırır.
Outernet mahiyyət etibarilə bütün planeti əhatə edən və qoşulma üçün parol tələb etməyən nəhəng Wi-Fi marşrutlayıcısının analoqudur. Şəbəkəyə Wi-Fi çıxışı olan istənilən qurğudan pulsuz qoşulmaq mümkün olacaq. Outernet yaradıcıları ümid edirlər ki, layihə işə salındıqdan sonra internet, həqiqətən, azad olacaq və şəbəkəyə Şimali Koreya (ölkədə internetə çıxış dövlət tərəfindən qadağan olunub) kimi totalitar rejimli ölkələrin sakinləri qoşula biləcəklər.
2015-ci ilin əvvəlində MDIF layihədə iştirak edən kosmik aparatların yığılmasına başlamağı nəzərdə tutur. Bunun üçün on və ya yüz milyonlarla dollar vəsait tələb olunur. Təşkilat bu vəsaitləri ianə şəklində toplamaq niyyətindədir. Təxminən 2015-ci ilin ortalarında proqram son mərhələyə qədəm qoymaqla bəşəriyyətə simsiz internetə pulsuz çıxışı təmin edəcək. Bununla yanaşı, rəsmi şəxslər qeyd ediblər ki, layihənin ilkin vaxtlarında internetə sərbəst çıxışdan yalnız müəyyən saytlar istifadə edə biləcək.
Bir neçə ay bundan əvvəl Google şirkəti də oxşar təşəbbüslə çıxış edib. Hazırda məxfi Google X laboratoriyasında yeni Project Loon layihəsi üzərində iş gedir. Bu layihə yerüstü internetin əlverişsiz olduğu ərazilər üçün hava şarlarından internetə çıxışı nəzərdə tutur. Stratosferdə uçan hava şarları internetə 3G səviyyəsində çıxışı təqdim edəcək.
Hazırda Google Yeni Zelandiya ərazisində 30 şarın və Yerdən servisin sınağını həyata keçirən 50 stansiyanın daxil olduğu pilot layihəsini istifadəyə verib. Bu stansiyalar 20 km radiusda olan şarlardan çıxan siqnalı qəbul edən xüsusi antenalara malikdir.
Mənbə: milli.az