Bu ilin yanvar-iyun aylarında Azərbaycanın 2017-ci il dövlət büdcəsinin mədaxili proqnoza nisbətən 102,3% və yaxud 7 722,8 mln. manat səviyyəsində icra olunub ki, bu da 2016-cı ilin eyni dövrünə nisbətən 25,9% və ya 1 589,0 mln. manat çoxdur. Bu barədə “Report”a Maliyyə Nazirliyindən məlumat verilib.
Nazirlik tərəfindən mədaxil proqnozu 102,5% icra edilməklə dövlət büdcəsinə 3 353,0 mln. manat vəsait təmin edilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 5,1% və ya 162,9 mln. manat çoxdur. Həmin vəsaitin 71,7%-i və ya 2 404,4 mln. manatı qeyri-neft sektorundan daxilolmaların payına düşür.
Cari ilin altı ayında Dövlət Gömrük Komitəsi (DGK) proqnoza 111,9% əməl edərək dövlət büdcəsinə 1 169,2 mln. manat vəsait təmin edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 17,5% və yaxud 173,8 mln. manat çoxdur.
Azərbaycan Dövlət Neft Fondundan (ARDNF) büdcəyə nəzərdə tutulan transfertdən 59,0 mln. manat az və ya 2 991,0 mln. manat istifadə edilib.
Dövlət büdcəsindən maliyyələşdirilən təşkilatların ödənişli xidmətlərindən daxilolmaları 151,0 mln. manat təşkil edib ki, bu da 2016-cı ilin eyni dövrü ilə müqayisədə 18,6% və yaxud 23,7 mln. manat çoxdur. Sair daxilolmalar üzrə büdcəyə 58,6 mln. manat vəsait daxil olub.
Bu ilin aprel-iyun ayları üzrə dövlət büdcəsinin mədaxili 4 131,1 mln. manat icra olunubr ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 68,3% və ya 1675,8 mln. manat çoxdur.
Maliyyə Nazirliyi yarımillik büdcə xərclərini də açıqlayıb. Məlumata görə, bu ilin ilk 6 ayında dövlət büdcəsinin xərcləri proqnoza nisbətən 100,2% və yaxud 8 193,9 mln. manat icra olunub ki, bu da 2016-cı ilin eyni dövrünə nisbətən 20,1% və ya 1 372,4 mln. manat çoxdur.
İqtisadi təsnifata uyğun olaraq cari ilin altı ayında dövlət büdcəsi xərclərinin 42,7%-i və yaxud 3 499,9 mln. manatı sosialyönlü xərclərin (əməyin ödənişi fondu, təqaüd və sosial müavinətlər, dərman və ərzaq xərcləri) maliyyələşdirilməsinə yönəldilib və bu, ötən ilin eyni dövrü ilə müqayisədə 18,3% və yaxud 541,4 mln. manat çoxdur.
İlk yarımillikdə dövlət əsaslı vəsait qoyuluşu xərclərindən elm, təhsil, səhiyyə, sosial, mədəniyyət, idman və digər sosial-mədəni və məişət təyinatlı obyektlərin tikintisinə və yenidən qurulmasına 397,8 mln. manat, enerji, su və qaz təchizatı, nəqliyyat, kommunal, meliorasiya infrastrukturlarının tikintisinə, yenidənqurulmasına və digər sahələrə 1 180,8 mln. manat, o cümlədən Naxçıvan Muxtar Respublikasında həyata keçirilən investisiya layihələrinin maliyyələşdirilməsinə dövlət büdcəsinin dövlət əsaslı qoyuluşu xərclərindən 41,5 mln. manat vəsait yönəldilib.
Nazirlik bildirir ki, hesabat dövründə büdcə təşkilatlarının təqdim etdiyi xərc sifarişləri üzrə xəzinədarlıq orqanları tərəfindən qəbul edilmiş öhdəliklər tam və vaxtında maliyyələşdirilib.
Cari ilin aprel-iyun ayları üzrə dövlət büdcəsinin xərcləri 4 281,2 mln. manat icra olunub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 2,0% və ya 83,1 mln. manat çoxdur.
Cari 2017-ci ilin 6 ayında dövlət büdcəsində 471,1 mln. manatlıq kəsir yaranıb. Büdcə kəsiri əsasən 2017-ci il 1 yanvar tarixə dövlət büdcəsinin vahid xəzinə hesabının qalığı və özəlləşdirmədən daxilolmalar hesabına örtülüb.
Qeyd edək ki, hesabat dövründə icmal büdcənin gəlirləri 11 606,1 mln. manat, xərcləri isə 11 507,1 mln. manat icra olunub, nəticədə 99,0 mln. manat həcmində profisit yaranıb.