Büdcə gəlirlərinin əsas hissəsini neft sektoru tutacaq - RƏY | Banco.az

Büdcə gəlirlərinin əsas hissəsini neft sektoru tutacaq - RƏY

2017-ci il dövlət büdcəsinin proqnozlaşdırılan gəlirlərinin struktur, müqayisəli və trend təhlili aşağıdakıları ortaya çıxardı:

1. Ayrı-ayrı tədiyə növləri üzrə vergi daxilolmalarının məbləği ilə bağlı hökumətin qərarsızlığı müşahidə olunur.

Belə ki, 2017-ci ilin dövlət büdcəsinin layihəsi ölkə prezidenti tərəfindən təsdiq olunanadək ayrı-ayrı gəlirlər üzrə proqnozların səviyyəsi 4 dəfə dəyişikliklərə məruz qalıb: 2017-ci ilin sentyabrında Maliyyə Nazirliyinin ictimaiyyətə təqdim etdiyi büdcə layihəsi ciddi dəyişikliklərə məruz qalmaqla Milli Məclisə təqdim edildi. Layihə MM-in saytında yerləşdirildikdən sonra müzakirələr dövründə yenidən dəyişiklik aparıldı və büdcənin gəlirləri 300.0 mln. manat artırıldı.

MM-in saytında yenilənmiş şəkildə yerləşdirilən qanun layihəsinə görə bu əlavə vəsaitin 115.0 mln. manatının ƏDV, 96.0 mln. manatının hüquqi şəxslərin mənfəət vergisi, 31.0 mln. manatı sadələşdirilmiş verginin, 28.0 mln. manatı fiziki şəxslərin gəlir vergisinin, 27.0 mln. manatı hüquqi şəxslərin əmlak vergisinin və 8.0 mln. manatı isə hüquqi şəxslərin torpaq vergisinin hesabına toplanması nəzərdə tutulurdu. Lakin dövlət başçısı tərəfindən imzalanan Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsi haqqında  Azərbaycan Respublikası qanununda hüquqi şəxslərin əmlak və torpaq vergiləri üzrə büdcəyə gözlənilən daxilolmaların məbləği yenidən əvvəlki proqnozlar səviyyəsində təsdiq olunub, bu vergilər üzrə nəzərdə tutulan artım məbləği isə yenidən ƏDV (20.0 mln. manat) və hüquqi şəxslərin mənfəət vergisi (15.0 mln. manat) arasında paylaşdırılıb;

2. Azərbaycan Respublikasının Dövlət Neft Fondundan (ARDNF) dövlət büdcəsinə transfertin məbləğinin ixtisar edilməsi siyasəti davam etdirilir.

2017-ci ildə ARDNF-dən dövlət büdcəsinə 6.1 mlrd. manat transfert edilməsi gözlənilir ki, bu da 2016-cı ildə proqnozlaşdırılandan 1.5 mlrd. manat (-19.9 faiz), 2015-ci ildə olan faktiki məbləğdən 2.0 mlrd. manat (-25.0 faiz) azdır. Bu, ARDNF-dən dövlət büdcəsinə 2010-cu ildə edilən transfert məbləğinə (5.9 mlrd. manat) yaxındır və 2011-ci ildən sonra qeydə alınan ən aşağı göstəricidir. Qeyd edək ki, Fonddan dövlət büdcəsinə ən yüksək transfert məbləği 2013-cü ildə baş tutub – 11.35 mlrd. manat. 2017-ci ildə ARDNF-dən transfertin dövlət büdcəsinin gəlirlərinin formalaşmasındakı payı 37.5% olacağı gözlənilir ki, bu da təqribən 2008-ci ilin analoji göstəricisinə (35.3%) yaxındır.

Qeyd edək ki, 2009-cu ildən sonrakı dövrdə Neft Fondunun transfrtinin dövlət büdcəsinin gəlirlərində payı hər zaman 40 faizdən yüksək olub. Bu göstəricinin ən yüksək səviyyəsi isə 58.2%-lə 2013-cü ildə qeydə alınıb. Bunu da qeyd etmək lazımdır ki, hökumət ARDNF-dən dövlət büdcəsinə transfertin məbləğinin azaldılması siyasətini növbəti illərdə də davam etdirəcəyini bəyan edib. Belə ki, hökumət ARDNF-dən büdcəyə ediləcək transfertin məbləğini 2018-ci il üçün 5.5 mlrd., 2019-cu il üçün 4.8 mlrd., 2020-ci il üçün 4.0 mlrd. manat nəzərdə tutur. Bununla yanaşı “Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin 27 dekabr 2016-cı il tarixli Fərmanında Nazirlər Kabinetinə tapşırılıb ki, ARDNF-dən dövlət büdcəsinə transfertin yuxarı həddinin tənzimlənməsinə və fiskal dayanıqlılığın gücləndirilməsi məqsədilə yeni fiskal qaydalara dair təkliflərini altı ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin.

3. Dövlət büdcəsi gəlirlərinin formalaşmasında neft sektorundan birbaşa daxilolmaların məbləği və payı azalmaqda davam edir, lakin 2017-ci ildə büdcə gəlirlərinin yarıdan çoxu yenə də neft sektorunun payına düşəcək.

ARDNF-dən dövlət büdcəsinə transfertin məbləği azalsa da, 2017-ci ildə SOCAR və xarici neft şirkətlərinin dövlət büdcəsinə vergi ödənişlərinin məbləğinin 2016-cı ilin proqnozu ilə müqayisədə bir qədər (müvafq olaraq, 40.0 mln. və 105.0 mln. manat) artması proqnozlaşdırılır. (Bu, 2017-ci ilin dövlət büdcəsi proqnozlarının neftin dünya bazar qiymətinin 1 barel üçün 40 ABŞ doları əsasında hesablanmasına görədir). Artıq yuxarıda qeyd olunduğu kimi, Maliyyə Nazirliyinin məlumatına əsasən 2017-ci ildə dövlət büdcəsi gəlirlərinin 7855.0 mln. manatı yaxud 48.3 %-i neft sektorundan daxilolmalar hesabına formalaşacaq.

Lakin araşdırmalarımız göstərir ki, bu göstəricilər dövlət büdcəsi gəlirlərinin formalaşmasında neft sektorunun rolunu tam əks etdirmir. Maliyyə Nazirliyi HPBS-lər üzrə xarici və yerli subpodratçı şirkətlərin mənfəət vergisini, HPBS-lər üzrə podratçı və subpodratçı təşkilatlarda, habelə SOCAR-da muzdlu işlə əlaqədar əldə edilən gəlirlərdən tutulan gəlir vergisini neft sektorundan daxilolmalara aid etmir. Halbuki bu mənbələr neft sektorunun dövlət büdcəsinə birbaşa töhfəsini əks etdirir. Məsələn, Maliyyə Nazirliyi 2017-ci ildə HPBS-lər üzrə xarici subpodratçı şirkətlərin mənfəət vergisinin 274.9 mln. manat, HPBS-lər üzrə podratçı və subpodratçı təşkilatlarda muzdlu işlə əlaqədar əldə edilən gəlirlərdən tutulan gəlir vergisinin 310.9 mln. manat olmasını proqnozlaşdırır. Əgər bu vəsaitlər də nəzərə alınarsa, onda 2017-ci ildə dövlət büdcəsinə neft sektorundan daxilolmaların məbləği 8440.8 mln. manat olar ki, bu da büdcə gəlirlərinin 51.9 %-i deməkdir.  Təbii ki, bu da büdcə gəlirlərində neft sektorunun rolu üzrə son illərin ən aşağı göstəricisidir: belə ki, bu göstəricinin səviyyəsi 2011-ci ildə 74,4%, 2012-ci və 2013-cü illərdə 73,2%, 2014-cü ildə 66,1%, 2015-ci ilə 65,3% olmuşdu, 2016-cı il üçün isə 53,5% proqnozlaşdırılmışdı;

4. ARDNF-in transferi nəzərə alınmadan dövlət büdcəsinin gəlirləri büdcənin illik cari xərclərini və dövlət borcuna xidmətlə bağlı xərcləri ödəmək iqtidarında olmayacaq.

2017-ci ildə Neft Fondunun transferti nəzərə alınmadan dövlət büdcəsinin gəlirləri 10155.0 mln. manat nəzərdə tutulur. Bu o deməkdir ki, 2008-ci ildən sonra ilk dəfə olaraq dövlət büdcəsinin ARDNF-in transferti nəzərə alınmadan gəlirləri büdcədən planlaşdırılan illik cari xərclərdən (10045.2 mln. manat) bir qədər (təqribən 110.0 mln. manat) çox olacaq. Lakin dövlət büdcəsinin cari xərcləri ilə yanaşı dövlət borcuna xidmətlə bağlı xərcləri də nəzərə alınarsa (bu iki qrup xərclərin cəmi 11687.0 mln. manat), onda  Neft Fondunun transferti nəzərə alınmadan 2017-ci il dövlət büdcəsinin gəlirləri bu xərclərdən 1532.0 mln. manat (yaxud 13.1%) az olacağı gözlənilir;

5. Dövlət büdcəsi gəlirlərində bir neçə mənbənin rolu, yəni gəlir mənbələrinin təmərküzləşmə səviyyəsi yüksək olaraq qalmaqdadır:

  • 2017-ci ildə dövlət büdcəsi gəlirlərinin 83.6%-i 4 mənbə hesabına təmin olunuacaq: büdcə gəlirlərinin 37.5%-i ARDNF-in, 25.5%-i ƏDV-nin, 13.4%-i hüquqi şəxslərin mənfəət (gəlir) vergisinin və 7.2%-i fiziki şəxslərin gəlir vergisi üzrə daxilolmaların payına düşür;
  • 2017-ci ildə ARDNF-in transferti nəzərə alınmadan dövlət büdcəsinin gəlirlərinin 79.7%-i 4 verginin payına düşür: ƏDV – 40.7%, hüquqi şəxslərin mənfəət (gəlir) vergisi – 21.5%, fiziki şəxslərin gəlir vergisi – 11.5% və aksizlər – 6.0%;
  • 2017-ci ildə ARDNF-in transferti nəzərə alınmadan dövlət büdcəsinin gəlirlərinin yarıdan çoxu – 51.2%-i dolayı vergilərin və gömrük rüsumlarının hesabına formalaşacaq: ƏDV – 40.7%, aksizlər – 6.0% və gömrük rüsumları – 4.5%;
  • 2017-ci ildə Vergilər Nazirliyinin və Dövlət Gömrük Komitəsinin xətti ilə qeyri-neft sektorundan dövlət büdcəsinə cəlb ediləcək vəsaitlərin 65.4%-i dolayı vergilərin (ƏDV və aksizlər) və gömrük rüsumlarının payına düşür.

6. Vergi Məcəlləsində aksiz vergisinə cəlb olunan mallaırn siyahısının genişləndirilməsinə və bəzi mallar üzrə aksiz dərəcələrinin artırılmasına baxmayaraq 2017-ci ildə aksizlər üzrə daxilolmaların azalması proqnozlaşdırılır. 2017-ci ildə dövlət büdcəsinə aksiz vergisi üzrə daxilolmaların 608.0 mln. manat olması gözlənilir ki, bu da 2016-cı ilin proqnozu ilə müqayisədə 29.0 mln. manat yaxud 4.6%, 2015-ci ildəki faktiki məbləğdən 39.8 mln. manat yaxud 6.1% azdır. Azalma həm idxal malları üzrə (15 mln. manat), həm də ölkədə istehsal olunan mallar (14 mln. manat) üzrə gözlənilir. bu, aksizli malların idxalnın və istehlakının azalmasına əlalət edir;

Ən sərfəli kredit üçün müraciət et

7. Dövlət büdcəsinin 3 əsas vergi növü üzrə daxilolmalar proqnozunun artırılması ilə bağlı yetərincə izahat yoxdur

  • 2017-ci ildə dövlət büdcəsində fiziki şəxslərin gəlir vergisi üzrə daxilolmaların 1168.0 mln. manat olması gözlənilir ki, bu da 2016-cı ilin proqnozu ilə müqayisədə 88.0 mln manat yaxud 8.1%, 2015-ci ilin faktiki göstərici ilə müqayisədə 185.5 mln. manat yaxud 18.9 faiz çoxdur. Hökumət bunu son dövrlərdə iqtisadiyyatda yeni iş yerlərinin açılması və orta aylıq əmək haqqının artımla proqnozlaşdırılması ilə izah edir. 2015-ci ildən başlayaraq ölkədə iqtisadi artım templərinin aşağı düşdüyü və böhran proseslərinin dərinləşməkdə davam etdiyi bir şəraitdə bu tədiyə növü üzrə daxilolmaların belə artımının proqnozlaşdırılması başa düşülən deyil. Araşdırmalar göstərir ki, ölkədə iqtisadi artımın müşahidə olunduğu 2012-ü ildə bu tədiyə növü üzrə dövlət büdcəsinə daxilolmalar əvvəlki illə müqayisədə 14.0%, 2013-cü ildə 5.7% və 2014-cü ildə 13.6% artdığı, habelə 2015-ci ildə bu tədiyə növü üzrə artımın cəmi 0.2% olduğu halda, 2017-ci ildə belə yüksək artım göstəriciləri real görünmür;
  • əlavə dəyər vergisi və hüquqi şəxslərin mənfəət (gəlir) vergisi ilə bağlı proqnozlaşdırılan artımları, xüsusilə büdcə layihəsi Milli Məclisin müzakirələrinə təqdim ediləndən sonra bu tədiyə növləri üzrə daxilolmalar proqnozunda olan mühüm artımları hökumət qeyri-neft ÜDM-nin artması və vergi Məcəlləsində edilən dəyişikliklərlə izah edir. Lakin bu artıma gətirib çıxaracaq amillər və onların hər birinin təsir dərəcəsi qiymətləndirilməyib. Habelə manatın məzənnəsinin dəyişilməsi və qiymətlərin artması kimi proseslərin bu artımlarda rolu ilə bağlı heç bir qiymətləndirmə yoxdur;

8. Sadələşdirilmiş vergi üzrə  büdcə daxilolmalarının sürətlə artması proqnozlaşdırılır.

2017-ci ildə sadələşdirilmiş vergi üzrə büdcəyə daxilolmalar 344.0 mln. manat proqnozlaşdırılır ki, bu da 2016-cı ilin proqnozundan 44.0 mln. manat yaxud 14.7%, 2015-ci ildə qeydə alınan faktiki məbləğdən 176.0 mln. manat yaxud 2 dəfə çox deməkdir. Bu tədiyə növü üzrə daxilolmaların belə sürətli artımı bu vergiyə cəlb edilən vergi ödəyicilərinin siyahısının genişləndirilməsi ilə izah olunur;

9. Qeyri-neft sektorundan daxilolmalarının qeyri-neft ÜDM-ə nisbəti çox aşağıdır.

Hökumətin proqnozlarına əsasən, 2017-ci ildə dövlət büdcəsinin qeyri-neft sektorundan daxilolmalarının gözlənilən ümumi məbləği illik qeyri-neft ÜDM-nin 20.2 faizi qədər olacaq. Vergi olmayan gəlirləri və neft sektorunda yaranan, lakin, yuxarıda qeyd etdiyimiz kimi, hökumətin öz hesablamalarında nəzərə almadığı daxilolmaları da nəzərə alsaq, onda qeyri-neft sektorundan dövlət büdcəsinə daxil olan vergi ödəmələrinin qeyri-neft ÜDM-nə nisbətinin 18%-dən də az olması ortaya çıxır.

Ölkədə vergi inzibatçılığının gücləndirildiyi bir şəraitdə qeyri-neft sektorundan bütün tədiyələr üzrə vergi daxilolmalarının qeyri-neft ÜDM-ə nisbətinin bu qədər aşağı olması başa düşülən deyil və hökumət bunun izahını verməyib. Əgər bu, ayrı-ayrı vergi növləri üzrə məvcud olan və son illər genişləndirilən vergi güzəştləri və vergidən azadetmələrlə bağlıdırsa, hökumət belə güzəştlərin real məbləğini hesablayıb ictimaiyyətə təqdim etməlidir. Milli Məclisə təqdim edilən büdcə zərfində vergi güzətləri formasında hökumətin təsərrüfat subyektlərinə təqdim etdiyi subsidiyalaşmanın məbləği və belə subsidiyalaşmanın nəticələri barədə məlumatların olması məqsədəuyğundur;

10. Dövlət büdcəsinin yerli gəlirlərin azalması tendensiyası davam edir.

Dövlət büdcəsinin tərkib hissəsi olan yerli gəlirlər 2017-ci ildə dövlət büdcəsində 620.3 mln. manat proqnozlaşdırılır ki, bu da 2016-cı ilin müvafiq göstəricisi ilə müqayisədə 146.0 mln. manat yaxud 19.1%, 2015-ci ilin proqoz göstəricisindən isə 214.2 mln. manat yaxud 25.7% azdır. Hökumətin büdcə-vergi siyasətinin əsas istiqamətlərindən biri kimi ölkənin şəhər və rayonları üzrə yerli gəlir və xərclərin tarazlaşdırılması üçün həmin ərazilərdə faktiki fəaliyyət göstərən ödəyicilərin vergiləri hesabına maliyyə yardımının (dotasiyanın) azaldılması istiqamətində işlərin davam etdirildiyi, habelə son illər ölkənin regionlaırnda çoxsaylı istehsal və xidmət müəssisələrinin yaradıldığı bəyan edildiyi bir şəraitdə dövlət büdcəsinin yerli gəlirlərinin azalma ilə proqnozlaşdırılması başa düşülən deyil. Dövlət büdcəsində hər bir rayon üzrə yerli gəlirlərin tədiyə növləri üzrə açıqlanmasının verilməsi belə suallara aydınlıq gətirə bilər; 

11. Dövlət müəssisələrinin büdcə öhdəlikləri barədə detallı məlumatlar yoxdur.

2017-ci ilin dövlət büdcəsi layihəsinə əlavə edilən sənədlərdə və hökumətin izahatında dövlət müəssisələrinin büdcə öhdəlikləri və bu öhdəliklərinin yerinə yetirilməsi vəziyyəti haqqında məlumatlar əksini tapmayıb. Halbuki məhz zaman-zaman dövlət büdcəsindən müxtəlif formalarda maliyyə dəstəyi alan bu şirkətlərin ölkənin iqtisadi və sosial həyatında rolu, bu müəssisələrin fəaliyyətinin səmərəliliyi və büdcə qarşısında öhdəliklərini yerinə yetirmə dərəcəsi daima hökumətin və ölkəı parlamentinin diqqət mərkəzində olmalıdır. 

İqtisadi Təşəbbüslərə Yardım Ictimai Birliyinin ekspertləri 2017-cı ilin təsdiq edilmiş dövlət büdcəsi ilə bağlı zəruri araşdırma və təhlil işləri aparmaqla bu rəyi hazırlayıblar. Rəydə növbəti ildə büdcə gəlirlərinin və xərclərinin formalaşmasında müşahidə olunan əsas meyllər müəyyən edilib, habelə gələn il həyata keçiriləcək büdcə siyasətinin iqtisadi proseslərə təsiri qiymətləndirilib.

Rəyi tam yüklə - buradan - 

Ən sərfəli krediti almaq üçün müraciət et