Bu şirkətin işçiləri stressə qalib gəlmək üçün ofisdə pişik bəsləyir | Banco.az

Bu şirkətin işçiləri stressə qalib gəlmək üçün ofisdə pişik bəsləyir

İşlədiyimiz sektor, çalışdığımız vəzifə, iş mühiti və digər səbəblərlə bağlı olaraq iş həyatı bəzi insanlar üçün bir qədər stressli ola bilər. Odur ki, işçilər bu stresslə mübarizə aparmaq üçün müəyyən yollar tapmağa çalışırlar. Hətta bəzi şirkətlər də iş stressini azaltmaqla bağlı işçilərinə kömək göstərmək üçün müvafiq addımlar atırlar. “Ferray Corporation” adlı Yapon şirkəti də mövzu ilə bağlı müəyyən tədbir görmüş şirkətlərdən biridir.

Həmçinin oxu: İş yerində stresslə mübarizə aparmağın yolları

Bildiyimiz kimi yaponlar olduqca çalışqan millətdir. Hətta bu o dərəcədədir ki, çalışqanlıq artıq iş aludəliyinə çevrilib. Təbii ki, bu vəziyyət ölkədəki işçilərin çoxunun gərgin iş stressinə məruz qalmasına səbəb olur və bunun nəticəsində bir çox insan depressiya və narahatlıq kimi psixoloji problemlərdən əziyyət çəkir.

“Ferray Corporation” isə iş stressinin səbəb olduğu bu kimi problemlərin qarşısını almaq üçün olduqca qəribə bir üsul tapıb. Yaponiyanın paytaxtı Tokioda yerləşən internet həlləri şirkəti “Ferray Corporation”–ın ofislərində çox sayda pişik yaşayır.

Ən sərfəli kredit üçün müraciət et

Şirkətin idarəçiləri işçilərin stress səviyyəsinə görə narahat idilər və heyvanların varlığının bu problemi azaltmağa kömək edə biləcəyini bilirdilər. Ancaq Tokio şəhərindəki mənzil dairələrinin olduqca kiçik olmasından ötrü, işçilərin çoxunun binalarında ev heyvanı saxlaması qadağan idi. Bu səbəbdən də şirkət idarəçiləri problemin həlli üçün qeyri-adi bir həll yolu təqdim ediblər: Pişik saxlamaları və ya xilas etmələri üçün işçilərinə əlavə maaş veriləcəkdi. Bu pişiklər də ofisdə yaşayacaq və müntəzəm olaraq işçilərlə təmasda olacaqdı.

Sözügedən fikir dərhal işçilərin marağına səbəb oldu. Çoxu bu layihə üçün 5 min yen (təqribən 45 dollar) pul qazandı. Hətta bəzi işçilər birdən çox pişiyi himayəsinə götürdü. İşin nəticəsi isə olduqca uğurlu idi. Şirkət idarəçiləri bu fikri həyata keçirdiklərindən bəri, məhsuldarlığın artdığını, işçilərin stress səviyyələrinin azaldığını və ofis daxili ünsiyyətin yaxşılaşdığını bildirirlər.

Həmçinin oxu: Stressə dözümlü deyilsinizsə, bu peşələrdən uzaq durun

Tamara Mustafayeva, Banco.az

Ən sərfəli krediti almaq üçün müraciət et