Tramp enerji məsələlərində Rusiya ilə Ukrayna arasında atəşkəs elan edildiyini iddia edir | Banco.az

Tramp enerji məsələlərində Rusiya ilə Ukrayna arasında atəşkəs elan edildiyini iddia edir

Müəllif:Mehin Qasımova,Banco.az

ABŞ Prezidenti Donald Tramp Rusiya və Ukraynanın bir-birinin enerji infrastrukturuna hücum etməmək barədə razılığa gəldiyini iddia edib.

Banco.az xəbər verir ki, Tramp bu barədə sosial şəbəkə hesabında paylaşım edib. O bildirib ki, Rusiya ilə Ukrayna arasında davam edən müharibə çərçivəsində enerji obyektlərinə hücumların dayandırılması barədə razılaşma əldə olunub.

“Rusiya ilə Ukrayna arasındakı müharibədə dərhal enerji atəşkəsi elan edilib”, – deyə ABŞ Prezidenti qeyd edib.

Tramp hər iki tərəfin bu öhdəliyi qəbul etdiyini vurğulayaraq razılaşmanın pozulmamasına çağırıb.

Bundan əvvəl, Ağ Evdən ayrılarkən Tramp Ukrayna Prezidenti Volodimir Zelenskini Rusiyanın neft emalı zavodlarına hücumlara görə tənqid edib. O, Kiyevin Vaşinqtonla əməkdaşlıq etmədiyini iddia edərək Ukraynada yeni prezident seçilməsinin vacibliyini də dilə gətirib.

Zelenskinin ABŞ və Rusiya arasında dizel yanacağı ilə bağlı razılaşmaya dair tənqidlərini şərh edən Tramp bildirib ki, Ukrayna tərəfinə Rusiyanın neft emalı zavodlarına zərbələr endirməmək tövsiyə olunub.

Onun sözlərinə görə, belə hücumlar qlobal miqyasda problemlərə səbəb ola bilər.