Tamara Mustafayeva, Banco.az
Çin iqtisadiyyatı koronavirus böhranını güc qazanaraq başa vuracaq. Dünyanın ən çox əhalisi olan ölkəsi 2028-ci ildə ABŞ-ı geridə qoyaraq dünyada ən böyük iqtisadiyyata sahib ölkə olacaq.
Baş ofisi İngiltərədə yerləşən İqtisadi və Biznes Araşdırmaları Mərkəzi (CEBR) Çin Xalq Respublikasının 2028-ci ildə Amerika Birləşmiş Ştatlarını geridə qoyaraq dünyanın ən böyük iqtisadi ölkəsi olacağına dair proqnozlar verib. CEBR tərəfindən ötən həftənin şənbə günü yayımlanan illik hesabata görə, Çin koronavirus pandemiyası səbəbilə yaşanılan iqtisadi böhranın öhdəsindən ABŞ-a nəzərən daha sürətlə və daha güclü formada gələcək.
Hesabatda "Covid-19 pandemiyası və onun iqtisadi təsirlərinin sözügedən rəqabət mühitində Çinə daha böyük üstünlük qazandırır" cümləsindən istifadə edən mütəxəssislərin fikrincə, rəsmi Pekinin pandemiya əleyhinə qəbul etdiyi sərt tədbirlər və Qərbin iqtisadi baxımdan pandemiyadan daha çox zərər görməsi səbəbilə Çin iqtisadiyyatı bu dövrdən güc qazanaraq çıxacaq.
Bununla yanaşı, sözügedən hesabatda həmçinin qeyd edilib ki, ABŞ 2021-ci ildə ötən il pandemiyanın səbəb olduğu zərərləri kompensasiya edəcək, ölkə iqtisadiyyatında 2022-2024-cü illər aralığında illik orta esabla 1.9, 2025-2030-cu illər aralığında isə 1.6%-lik artım müşahidə ediləcək.
Yaponiyanın yenə də bir müddət dünyanın üçüncü ən güclü iqtisadi ölkəsi ünvanını saxlayacağını vurğulayan CEBR 2030-cu illərin əvvəllərində Hindistanın onu üstələyəcəyini, Almaniyanın isə dördüncü pillədən beşə enəcəyini iddia edib.
Xatırladaq ki, Çin hazırda ötən ilki 14.4 trilyon dollarlıq ÜDM göstərici ilə eyni dövrdə 21.4 trilyon dollarlıq ÜDM göstərici olan ABŞ-dan sonra dünyanın ikinci ən böyük iqtisadi ölkəsidir.
Həmçinin oxu: Bank sektorunda ixtisarlar 5 ilin ən yüksək səviyyəsinə çatdı
Bizi sosial şəbəkələrdən izləyin!!